30 avqust 2019 10:49
1022

Biz Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırdıq

Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla yalnız ölkəmizi mühüm nəqliyyat mərkəzinə çevirmədik, eyni zamanda, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığa töhfə verdik

Regional əməkdaşlığın aparıcı qüvvəsi olan Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan yeri və rolu bu günümüzün reallıqlarından daha aydın görünür. Xarici siyasətində iki və çoxtərəfli çərçivədə əməkdaşlığın qurulmasında və müxtəlif istiqamətlər üzrə genişləndirilməsində maraqlı olan Azərbaycanın üçtərəfli formatda birliklərin yaradılmasında təşəbbüskarlığı da regional əməkdaşlığa töhfələrinin tərkib hissəsidir.

Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə kimi birliklər deyilənlərin bariz nümunəsidir. Cari ildə İstanbulda Azərbaycan, Türkiyə və İran, eyni zamanda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin bir araya gəlib, iki tarixi görüşə imza atmaları istər ölkə, istərsə də dünya mətbuatında geniş müzakirə olunaraq bu birlik regionda təhlükəsizliyin və sabitliyin əsas təminatçısı kimi dəyərləndirildi.

Azərbaycan, Türkiyə və Gürcüstanın siyasi iradəsi və qətiyyəti sayəsində gerçəkləşən enerji və nəqliyyat layihələri təkcə region deyil, dünya dövlətlərinin davamlı iqtisadi inkişafını şərtləndirir.  Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əlaqələr öncə regional əməkdaşlıq formatı şəklində qurulmuş, bu gün artıq çoxtərəfli əməkdaşlıq üçün möhkəm baza mövcuddur. Azərbaycan-Gürcüstan-Türkiyə birliyinin, həmrəyliyinin təcəssümü kimi dəyərləndirilən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri, eyni zamanda, 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun iqtisadi və siyasi əhəmiyyətini geniş şərh etməyə ehtiyac yoxdur. Dünyaya açılan pəncərə kimi dəyərləndirilən bu layihələrin bu gün çoxtərəfli çərçivədə ardıcıllarının sayı artmaqda, ən əsası Azərbaycan tranzit ölkə kimi mövqeyini möhkəmləndirməkdədir. Artıq bu gün Cənub Qaz Dəhlizi, onun əsas seqmentləri olan TANAP, TAP layihələrinin perspektivləri müzakirə olunmaqdadır. “Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür... Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər” söyləyən cənab İlham Əliyev birgə səylərin qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas yaratdığını bu birlik fonunda diqqətə çatdırır. Ötən il “Star” neft emalı zavodunun açılışı da Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığına, regionda sabitliyin, təhlükəsizliyin qarantı olmasına bir daha işıq saldı.

Regional əməkdaşlığın inkişafına mühüm töhfələr sırasında Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın imzalanmasını da xüsusi qeyd etməliyik.   İranın təkcə Xəzərin hüquqi statusu məsələsində deyil, Azərbaycan-Türkiyə-İran formatının daha da möhkəmləndirilməsində marağı  bir çox məqamlara aydınlıq gətirdi.

2018-ci ilin enerji sektorunun uğurları sırasında yer alan,  “enerjinin İpək Yolu” kimi dəyərləndirilən TANAP  da zamanın mütərəqqi əməkdaşlığına yaxşı bir nümunədir. Xəzər dənizindəki təbii ehtiyatların ən münasib marşrutlarla daşınaraq Türkiyəyə, oradan da Avropa bazarlarına nəql edilməsi bölgədə iqtisadi inkişafa və təhlükəsizlik mühitinin yaranmasına töhfə verəcək. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır.

Ümumiləşdirilmiş şəkildə desək,  BTC, BTƏ neft-qaz kəmərləri, BTQ dəmir yolu, TANAP, “Star” neft emalı zavodu Azərbaycan və Türkiyənin birgə formalaşdırdığı regional inkişaf, tərəqqi və özünəinam mühitinin qələbəsi kimi dəyərləndirilirlər.

Bir müddət öncə Naxçıvanda Türkiyə-Azərbaycan Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq-2019” adlı birgə döyüş atışlı taktiki təlimləri də deyilənlərin təsdiqidir. “Sarsılmaz qardaşlıq-2019” bütün dünyaya nümayiş etdirdi ki, Silahlı Qüvvələrimiz hər bir vəzifəni təkcə və birgə icra etməyə hazırdır və qadirdir.

Ötən il Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunan Azərbaycan və türk əsgərlərinin möhtəşəm paradı da bir daha iki dost, qardaş ölkənin birliyinin, həmrəyliyinin tarixi köklərə malik olduğunu dünyaya nümayiş etdirmişdi. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, dünyaya nümunə olan bu birlik sarsılmazdır, əbədidir, yüksək zirvədədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paradda bir daha vurğulamışdır ki, biz bu gün yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü qeyd etmirik, eyni zamanda, əziz şəhidlərimizin bizə əmanəti olan “Bir millət, iki dövlət” deyə rəmzləşdirdiyimiz qan qardaşlığımızı da dərk edirik: “Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir. Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik.”

Hər bir məsələdə, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllində dəyişməz mövqeyi ilə Azərbaycanın yanında olan rəsmi Ankara bəyanatlarında ərazi bütövlüyü prinsipinin əsas olduğunu önə çəkərək, bütün münaqişəli məsələlərin bu prinsiplər əsasında həll olunmasında maraqlı olduğunu bildirir. Türkiyə Prezidenti R.T.Ərdoğan hərbi paradda bu məqamı da xüsusi vurğulamışdır ki, Türkiyənin bu məsələdə mövqeyi aydındır, dəqiqdir. Əvvəla, bu məsələdə addım atmalı olan tərəf işğalçılardır, bir milyon qardaşımızın qəlbini doğma vətən həsrəti ilə yandıranlardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı əlaqələr qurmağı və davam etdirməyi arzu edirik. Amma Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir: “Bundan 26 il əvvəl Xocalıda, Dağlıq Qarabağda törədilmiş qətliamlara görə məsuliyyət daşıyanların, qatilləri qəhrəman elan edənlərin bizə verə biləcəyi heç bir tarixi dərs yoxdur. Türkiyə əsgərləri bu gün burada Azərbaycan əsgərləri ilə çiyin-çiyinə bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin ildönümünü qeyd edirlər. Bu bayram gələcək nəsillərə ötürəcəyimiz ən böyük ərməğandır. Bir əsr əvvəl bu torpaqlarda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyik.”

Onu da qeyd edək ki, Azərbaycan, Gürcüstan və Türkiyə ortaq hərbi təlimə hazırlaşırlar. “Kompyuter dəstəkli əmr mərkəzi hərbi manevri”nə Bakı ev sahibliyi edəcək. 2 sentyabrda başlayacaq hərbi təlimdə üç ölkənin əsgərləri və əlaqədar dövlət təşkilatlarının nümayəndələri “Regional iqtisadi layihələrin qorunması” çərçivəsində vəzifələr yerinə yetirəcək. “Eternity-2019” adlı hərbi təlim 6 sentyabrda başa çatacaq.

Göründüyü kimi, reallaşan hər bir layihə region və tərəfdaş ölkələrin həyatına yeni nəfəs gətirir. Türkiyə rəsmilərinin açıqlamalarında bu reallıq öz əksini tapır ki,  ortaq hədəflərə doğru həmrəyliklə hərəkət etdikdə regional və qlobal sabitliyə, əmin-amanlığa necə böyük töhfə verməyin mümkün olduğu Azərbaycan və Türkiyənin timsalında aydın görünür. Əməkdaşlıq  formatları ümumilikdə regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi, ölkələr arasında iqtisadi-ticari əlaqələrin, enerji və nəqliyyat sahəsində mövcud olan əlaqələrin daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyət kəsb edir.

Bu ilin aprelində Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol”” Beynəlxalq Əməkdaşlıq Forumu Azərbaycanın tranzit imkanlarına, regional və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrə bir daha işıq saldı. “Müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır. Coğrafi mövqeyimizdən bəhrələnərək biz Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırdıq” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişik. Qonşularımızla birləşdirən şaxələnmiş dəmir yolu şəbəkəsi yaratmışıq. Azərbaycanda son 15 ildə 15 min kilometr yol və avtomagistrallar çəkilib. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan yolların keyfiyyətinə görə dünyada 34-cü yerdədir.

Ölkəmizdə yaradılan sabitlik, biznes mühiti investisiya axınını sürətləndirməklə yanaşı, əməkdaşlığın coğrafiyasının genişləndirilməsini şərtləndirir. Ölkə iqtisadiyyatına 260 milyard dollardan artıq investisiya yatırılıb və bunun yarısını xarici investisiyalar təşkil edir. Bu gün Azərbaycandakı biznes mühiti dünyada olan ən qabaqcıl biznes mühitlərindən biridir. Dünya Bankının ən son “Doing Business” hesabatına görə, Azərbaycan biznes mühiti üzrə 25-ci pillədədir və bir il ərzində biz mövqeyimizi əsaslı şəkildə yaxşılaşdırmışıq. İndi Azərbaycan dünyada ən çox islahat aparan on ölkə sırasındadır.

Azərbaycanın sərmayə yatırdığı əhəmiyyətli nəqliyyat layihələrindən biri də Şimal-Cənub dəhlizidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində yerləşən ölkələr öz mallarını nəql etmək üçün Azərbaycanın ərazisindən istifadə edirlər. Bu baxımdan Azərbaycanın müasir infrastrukturun yaradılmasına yatırdığı investisiyalar yalnız iqtisadi potensialımızın artırılmasına, dost, tərəfdaş və qonşu ölkələrə xidmət göstərməyə kömək etmir, bu, həm də ticarət, turizm, nəqliyyat sahələrində mühüm imkan yaradaraq xalqları, ölkələri birləşdirir.

“Müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla biz yalnız ölkəmizi mühüm nəqliyyat mərkəzinə çevirmədik” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, biz eyni zamanda, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığa töhfə verdik. “Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir.

Qısa təhlil əsasında Azərbaycanın malik olduğu təbii resurslarından səmərəli istifadəsinin, yerləşdiyi coğrafi məkanın regionda və dünyada yeri və roluna nə kimi imkanlar açdığına işıq salır. Dövlətimizin başçısı İlham Əliyevin “Biz son 15 il ərzində qonşu dövlətlərlə daha da sıx münasibətlər qura bildik. Deyə bilərəm ki, ikitərəfli münasibətlərimiz indi ən yüksək səviyyədədir, qonşu dövlətlərlə bizim heç bir problemimiz yoxdur, bütün məsələlər konstruktiv şəkildə öz həllini tapır və ikitərəfli əməkdaşlıq çoxtərəfli əməkdaşlığa şərait yaradır. Çoxtərəfli əməkdaşlıq da Azərbaycanın təşəbbüsü ilə baş verir. Bizim təşəbbüsümüzlə dörd qonşu ölkə ilə dörd çoxtərəfli əməkdaşlıq formatı yaradılıbdır və bu, işlək formatlardır. Biz bu üçtərəfli və dördtərəfli görüşlərdə çox önəmli məsələləri müzakirə edirik, həll edirik. Məsələlərin həlli bütün qonşu ölkələr, o cümlədən Azərbaycan üçün böyük fayda verir, eyni zamanda, qonşularla isti münasibətlərimiz regional sabitliyə, təhlükəsizliyə də öz müsbət təsirini göstərir” fikirləri son 15 ilin uğurlarının aydın ifadəsini yaradır.

Yeganə Əliyeva,

“İki sahil”