05 mart 2020 20:57
2927

Biz çox nadir əməkdaşlıq formatını müəyyən etdik

Dövlətimizin başçısı İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısında geniş beynəlxalq əməkdaşlıq formatının uğurlarını diqqətə çatdırdı

Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin ölkəmizə qazandırdığı uğurlar, investisiya axınının sürətləndirilməsinə açdığı yol göz qabağındadır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi ümumi maraqları əks etdirən layihədir, 1994-cü ildə təməli qoyulan enerji strategiyasının tərkib hissəsidir. 

Təhlillər bu reallığı ortaya qoyur ki, dövlətimizin enerji siyasəti əməkdaşlığa və milli maraqlarımıza əsaslanır. Gerçəkləşdirdiyi layihələrlə dövlətlər, xalqlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə davamlı töhfələr verən Azərbaycan, eyni zamanda, iqtisadi qüdrətini, maliyyə imkanlarını artırmaqla dünya miqyasında aparıcı mövqeyini möhkəmləndirir. Dövlətimizin başçısı bu inamı ifadə edir ki, gələcəkdə iqtisadiyyatın daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradacaq və Azərbaycan qarşıdakı illərdə daha da güclü olacaq.

Dövlətimizin başçısı İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısında “Əsrin müqaviləsi”nin imzalanmasından ötən dövr ərzində neft-qaz sektorunda əldə olunan uğurlardan geniş bəhs edərək çoxtərəfli əməkdaşlığa geniş yol açan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Məşvərət Şurasının çox vacib rol oynadığını diqqətə çatdırmışdır: “Çünki biz hər il təkcə Bakıda görüşmürük. İl ərzində çoxsaylı görüşlər, məsləhətləşmələr keçirilir və layihəni irəliyə aparmaq üçün vacib qərarlar verilir.” Bu reallıq da diqqətə çatdırılmışdır ki, Azərbaycan bu müddət ərzində təkcə təchizatçı deyil, həm də tranzit ölkəyə çevrilib. Bu, həmçinin Azərbaycanın nəqliyyat sektorunun sürətli inkişafını stimullaşdırıb. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, Azərbaycan dəmir yollarının səmərəliliyinə görə dünyada 12-ci, hava yollarının səmərəliliyinə görə  11-ci, yolların keyfiyyətinə görə  27-ci, infrastrukturun keyfiyyətinə görə isə 34-cü yerdədir. Azərbaycan hazırda Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında iştirak edən və fəal investisiya yatıran yeganə ölkədir.

1994-cü ildən bu günə qədər həyata keçirilən enerji layihələrinin xronologiyasına diqqət yetirək.  2006 və 2007-ci illərdə çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi Azərbaycanı regional əməkdaşlığın aparıcı qüvvəsinə çevirdi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu nəhəng layihə sayəsində şirkətlər daha çox sərmayə qoymaq və daha çox neft çıxarmaq imkanı əldə etdi. Azərbaycan neft ehtiyatlarının nəqli baxımından vacib tranzit ölkə kimi regionda rolunu artırır. Məhz bu uğurlara söykənərək, Cənub” Qaz Dəhlizi görülən işlərin zirvəsi kimi dəyərləndirilir. 2012-ci ildə Azərbaycan və Türkiyə TANAP layihəsi ilə bağlı müqavilə imzaladılar və bu, Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsi idi. Bir il sonra, 2013-cü ildə “Şahdəniz-2” layihəsi üzrə sərmayə qərarı qəbul edildi və elə həmin ildə Trans-Adriatik boru kəməri (TAP) TANAP-ın davamı olaraq seçildi. Dövlətimizin başçısı bildirir: “Bütün bunlar onu nümayiş etdirir ki, biz tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Biz vahid komanda şəklində çalışmağımız nəticəsində uğurdan bəhs edə bilərik.”

2018-ci ildə enerji sektorunda əldə olunan uğurlar sırasında xüsusi yer tutan Cənub Qaz Dəhlizinin rəsmi açılışı, TANAP-ın istifadəyə verilməsi səylərin birləşdirilməsi fonunda hədəflərə yüksək səviyyədə nail olmağa, əməkdaşlığın çoğrafiyasının genişləndirilməsinə bir daha işıq saldı. 2019-cu ildə Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılışı oldu. Cari ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulan TAP-ın hazırlığının 92 faiz səviyyəsində olduğunu qeyd edən cənab İlham Əliyev bildirmişdir: “Beləliklə, bu, bizim hamımızın uğur hekayəsidir.”

Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir. Enerji resurslarının şaxələndirilməsi istehsalçı, istehlakçı və tranzit ölkələr üçün çox vacibdir. Ölkə Prezidenti İlham Əliyev bu məqamı da xüsusi qeyd edir ki, maraqların balansı bu layihənin uğurunu şərtləndirir: “Çünki biz bir-birimizin ehtiyac və narahatlıqlarını anlamağa çalışırıq. Çalışmışıq ki, bir-birimizi dəstəkləyək, zənnimcə, bu işdə uğurlu olmuşuq və belə toplantıların əhəmiyyəti olduqca böyükdür.”

Bu fakt da inkaredilməzdir ki, enerji təhlükəsizliyi olmadan milli təhlükəsizliyin təmin edilməsi çətinləşir. Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz bir hissəsidir. Dövlətimizin başçısı toplantıda bildirmişdir ki, neft və qaz layihələrindən danışarkən biz həmişə enerji təhlükəsizliyindən danışırıq. Azərbaycan özü və qonşuları üçün enerji təhlükəsizliyini təmin edən ölkədir. Enerji resurslarının şaxələndirilməsi ən vacib məsələlərdən biridir. “Bizim nümunəmizdə isə mənbələrin və marşrutların şaxələndirilməsindən söhbət gedir” söyləyən cənab İlham Əliyev qeyd etmişdir ki, uğurumuzun əsas səbəblərindən biri maraqların balansıdır - hasilatçılar, tranzit ölkələr və istehlakçılar arasındakı balans: “Əminəm ki, aramızdakı bu müsbət əməkdaşlıq formatı davam edəcək.”

Regional əməkdaşlığın coğrafiyasını genişləndirərək çoxtərəfli əməkdaşlığa xüsusi önəm verən Azərbaycan bu kimi toplantıların keçirilməsinə nail olmaqla təsdiqləyir ki, müxtəlif formatda əməkdaşlıqların qurulmasına və inkişafına nail olmaq mümkündür. Azərbaycan gerçəkləşdirdiyi layihələrlə investisiya cəlbediciliyini də qorumaqdadır.  Təbii ki, bunu şərtləndirən əsas amillər sabitlik, əlverişli investisiya mühitinin mövcudluğu, eyni zamanda, Azərbaycanın təkmil sosial-iqtisadi islahatlar əsasında iqtisadi qüdrətini artırmaqla maliyyə imkanlarını genişləndirməsidir. Son 16 ildə ölkə iqtisadiyyatına 270 milyard dollardan artıq sərmayə qoyulub. Bu sərmayələrin təxminən yarısı xarici investisiyalardır. Bu da ondan irəli gəlir ki, xarici investorlar qoyduqları sərmayələrin təhlükəsizliyinə tam əmindirlər. Sərmayələrin cəlb olunmasında təbliğat işinin lazımi səviyyədə qurulması vacib amil kimi önə çəkilir. “Əlbəttə ki, Azərbaycanın uğurlu enerji inkişafı bizə özümüzü dünyaya etibarlı ölkə, etibarlı tərəfdaş, xarici investisiyaları 100 faiz qoruyan ölkə kimi təqdim etməyə imkan verib... Bu, etimad yaradır. Bu, həmçinin bizə digər sektorlara milyardlarla investisiya cəlb etməyə imkan verib” söyləyən cənab İlham Əliyev bir əsas məqamı da qeyd etmişdir ki, investisiyaların həcminin artırılması iqtisadiyyatımızı şaxələndirməyə, islahatları uğurla həyata keçirməyə, yaxşı biznes mühiti yaratmağa imkan verir. Azərbaycan bu gün 20 ən islahatçı ölkədən biridir.

“Biz qarşımıza məqsəd qoymuşuq ki, məhz 2013-2023-cü illərdə ÜDM-i iki dəfə artıraq” söyləyən Prezident İlham Əliyev buna nail olmaq üçün yeni müəssisələrin istifadəyə verilməsini iqtisadi inkişaf, yeni iş yerlərinin açılması, yoxsulluq səviyyəsinin 4,8 faizdən aşağı enməsi baxımından günün tələbi kimi qarşıya qoyur. Təbii ki, bu sahədə enerji resurslarından səmərəli istifadə başlıca istiqamətdir. Qarşıya qoyulan hədəfə çatmaq üçün isə neft-qaz gəlirlərindən istifadə olunması mexanizmi daha da təkmilləşdirilir. Neft amilindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişafına xidmət edən və müasir tələblərə cavab verən istehsal, sosial və bazar strukturu şəbəkəsi yeniləşdirilir. Yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni istehsal obyektlərinin yaradılması istiqamətində daha səmərəli metodlar tətbiq olunur. Məhz bu uğurlu addımların nəticəsidir ki, cari ilin yanvarında Azərbaycanla Davos Dünya İqtisadi Forumu arasında Bakıda “Davos Dördüncü Sənaye İnqilabı Mərkəzinin yaradılması haqqında niyyət protokolu” imzalandı. Bu, Qafqaz və Mərkəzi Asiyanı əhatə edəcək regional mərkəzdir.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın enerji siyasətinin uğurları öz növbəsində ölkəmizə diqqət və marağı artırır, yeni əməkdaşlıq formatlarının yaranmasına, Anlaşma memorandumlarının imzalanmasına yol açır. 2018-ci ildə dövlətimizin başçısı İlham Əliyevin Belçikaya səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” adlı sənəd imzalanmışdır ki, burada əksini tapan əsas müddəalardan biri Cənub Qaz Dəhlizinin rəsmi açılışından sonra ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatında rolunun daha da artmasıdır. Dövlətimizin başçısı İlham Əliyev hər bir çıxışında  “Əməkdaşlığımızın vacib elementi, əlbəttə ki, səylərimizin əlaqələndirilməsidir” fikri ilə bu günün əsas çağırışlarından birini diqqətə çatdırmış olur. Gerçəkləşdirilən layihələr investisiya axınını sürətləndirir, növbəti layihənin gündəmə gətirilməsini şərtləndirir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyimiz toplantıda “Hamınızı gələn ilin fevralında qonağımız olaraq buraya dəvət etmək istəyirəm. Çünki hesab edirəm ki, TAP-ın tikintisinin tamamlanması bizim komanda işimizin sonu demək deyil. Düşünürəm ki, gələn ilin fevral ayında burada - Bakıda bir çox məsələləri nəzərdən keçirmək lazımdır. Sonra da biz gələcək üçün strategiyamızı hazırlayacağıq” çağırışı da Azərbaycanın yeni-yeni layihələrin gündəmə gətirilməsində və uğurlu icrasında, ən əsası əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində nə qədər maraqlı olduğunu nümayiş etdirir. Əməkdaşlığın coğrafiyasının genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş, təhlükəsiz, sabit ölkə kimi təqdimatına öz töhfəsini verir.

Yeganə Əliyeva, “İki sahil”