10 iyul 2020 18:59
2098

Cənub xəbərləri

Masallı: Reydlər keçirilir

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir. Masallı rayonunda fəaliyyət göstərən bir neçə ictimai iaşə obyekti, ərzaq satışı mağazasında reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Belə ki, Masallı rayonunun Boradigah qəsəbəsində “Kaktus” market, Ərkivan qəsəbəsində Paşayev Elvin Mirdaməd oğluna, Şirəliyeva Elnurə Rakif qızına, Mütəllimzadə Nurlan Çingiz oğluna məxsus marketlərdə daha çox uyğunsuzluqlar aşkar edilib. Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Lənkəran: Rayon qadınlarına müraciət olunub

Koronavirus pandemiyasının dəhşətli nəticələrinin qarşısını almaq məqsədi  ilə YAP Lənkəran şəhər təşkilatı Qadınlar Şurası rayon qadınlarına müraciət etmişdir. Bütün xanımları milli həmrəyliyimizin daha da möhkəmlənməsinə,  insanların həyatını qoruyan dövlətin, dövlət başçısının apardığı doğru, humanist, insanpərvər siyasətə töhfələr verməyə çağıran müraciətdə deyilir: “Heç kəsə sirr deyil ki, real vəziyyət nəzərə alınaraq bəzi şəhər və rayonlarda olduğu kimi, Lənkəranda da pandemiya ilə bağlı sərt karantin rejimii tətbiq olunur. Bütün bunlar ailə üzvlərimizin, doğmalarımızın sağlamlığını qorumaq, heç bir ailənin faciəli, narahat, nigaran günlər yaşamaması üçün edilir. Sizin bu həyati əhəmiyyətli tədbirləri anlayışla qəbul edib təbliğ etməyiniz hər birimiz üçün qürurvericidir. Fəxrlə deyə bilərik ki, bu gün ölkə Prezidentinin, Birinci xanımın koronavirus pandemiyasına qarşı mübarizə qaydalarına tam, dolğun şəkildə əməl etmələrini hər bir xanımımız  özü üçün  ibrətamiz nümunə hesab edir...İnanırıq ki, lənkəranlı qadınlar rayon ictimaiyyətinin öncül dəstəsi olaraq həmişə olduğu kimi, bu ağır günlərdə də daim dövlətimizin, dövlət başçımızın, Birinci xanımın ətrafında sıx birləşəcək, onların xalqımızın milli maraqlarına xidmət edən möhtəşəm fəaliyyətini dəstəkləyəcək, ümumi bəlaya qarşı birgə mübarizəyə səfərbər olacaqlar.  Bu şərəfli yolda hamınıza uğurlar və cansağlığı arzulayırıq.”

Astara: Qazilər Prezidentə minnətdarlıq etmişlər

Astaralı  Qarabağ qaziləri  COVID -19 virusunun Azərbaycanda geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması istiqamətində  dövlət başçısının göstərdiyi diqqət və qayğıya Prezident İlham Əliyevə  minnətdarlıq  məktubu göndərmişlər. Məktubda deyilir: “Cənab Prezident! Biz müharibə od-alovunu görmüş, ölümün gözünə dik baxaraq mənfur düşmənə qarşı vuruşmuş insanlarıq. Biz düşməni görüb üzərinə getmişik. Sizin bu gün bütün bəşəriyyəti sarsıdan, qorxulu və gözəgörünməz düşmənlə mübarizədə xalqımızın təhlükəsizliyini yüksək səviyyədə təmin etməyiniz, sözlə ifadə edilməsi mümkün olmayan ən böyük qəhrəmanlıqdır. Dünyanın ən güclü dövlətləri bu xəstəliklə mübarizədə böyük itkilər verdiyi halda, Azərbaycan xalqı və dövləti Sizin rəhbərliyinizlə cüzi itkilərlə bu təhlükəni adlamaqdadır. Yoluxma riski böyük olan sərhəd bölgəsinin vətəndaşları olaraq tam normal, heç bir xəstəlik təhlükəsi hiss etmədən həyatımıza davam ediriksə, demək xalqımız rəhbərliyinizlə artıq bu qorxunc xəstəliyə qalib gəlibdir.”

Lerik: Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri  davam edir

Rayon İcra hakimiyyəti aparatında yaradılmış qərargahın üzvləri rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin vəziyyəti ilə əlaqədar olaraq Lerik şəhərində və rayonun müxtəlif ərazilərində reyd keçirmişdir.

Rayon rəhbərliyi şəhərin küçə və meydanlarında, marketlərdə vətəndaşlarla, satıcılarla, nəqliyyat işçiləri ilə söhbət edərək, onların qayğı və problemləri ilə maraqlanmış, karantin rejimi qaydalarına əməl olunması vəziyyəti ilə yerindəcə tanış olmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov koronavirus xəstəliyinin əhalinin sağlamlığına vura biləcək zərərin qarşısının alınmasından ötrü ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün zəruri tədbirlərin vaxtında görüldüyünü vətəndaşların diqqətinə çatdırmışdır.

Tətbiq olunan karantinin, qarşıya qoyulan tələblərin yalnız əhalinin sağlamlığının qorunmasına və koronavirus pandemiyasının törədə biləcəyi faciəvi nəticələri qabaqlamağa xidmət etdiyi sakinlərə ətraflı izah edilmişdir. Reyd zamanı 65-ə yaxın iaşə, bank, yanacaqdoldurma məntəqəsi və ticarət obyektləri yoxlanılmışdır. Karantin qaydalarına riayət etməyən bir neçə obyekt sahiblərinə xəbərdarlıq edilmiş, əlcək və maskalardan istifadə etməyən və qaydaları ciddi şəkildə pozanlara qarşı isə cərimələr tətbiq olunmuşdur.

N.Muğanlı, “İki sahil”