07 sentyabr 2026 16:30
255

COP29 irsinin davamı... - TƏHLİL

Bakı İqlim Həftəsi iqlim dəyişmələri ilə mübarizə, enerji keçidi, bərpaolunan enerji, davamlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi məsələləri ətrafında müzakirələr üçün beynəlxalq platformadır

Azərbaycanın ev sahibliyi etdiyi hər bir beynəlxalq əhəmiyyətli tədbir onu şərtləndirən amillərin təqdimatı ilə diqqətdədir.   Sentyabrın 7-də Bakıda öz  işinə başlayıb  11-də başa çatacaq,  Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi də bu baxımdan xüsusi diqqətdədir. Eyni tarixlərdə Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026) da keçirilir.  Tədbirlər iqlim qərarlarının praktiki icrası, beynəlxalq əməkdaşlıq və COP31 ərəfəsində iqlim fəaliyyətinin gücləndirilməsinə həsr olunur.

İqlim gündəliyinin prioritetləri

Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) Azərbaycan üçün sadəcə qlobal iqlim müzakirələrinin aparıldığı bir məkan deyil, həm də ölkəmizin yaşıl iqtisadiyyata keçidini sürətləndirən və böyük investisiyalar vəd edən strateji bir platformadır. İqlim dəyişmələri ilə mübarizə, enerji keçidi, bərpaolunan enerji, iqlimin maliyyələşdirilməsi və dayanıqlı inkişaf sahələri diqqət mərkəzindədir.  İqlim dialoqu, tərəfdaşlıqlar və praktik icra üçün aparıcı beynəlxalq platformalardan biri kimi BCAW 2026 Paris Sazişinin və milli iqlim öhdəliklərinin həyata keçirilməsini sürətləndirmək məqsədilə siyasətçiləri, biznes liderlərini, investorları, tədqiqatçıları, akademik dairələri, vətəndaş cəmiyyətini, gəncləri, şəhərləri, yerli və yerli icmaları, eləcə də beynəlxalq təşkilatları bir araya gətirir. Bakı İqlim Fəaliyyəti Həftəsi ildən-ilə daha böyük miqyasda və daha zəngin proqramla keçirilir. 2025-ci ildə proqram çərçivəsində 46 tədbir keçirilib və 30-dan çox mövzu əhatə olunub. BCAW 2026 isə daha geniş sektor və iştirakçı qruplarını bir araya gətirərək iqlim gündəliyinin prioritetlərini konkret fəaliyyət, tərəfdaşlıq və investisiya imkanları ilə əlaqələndirməyə fokuslanır. Builki həftə çərçivəsində 15 əsas dəyirmi masanın və çoxsaylı tərəfdaş tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Dəyirmi masaların bir qismi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 4-cü İqlim Həftəsi – İcra Forumu ilə əməkdaşlıq çərçivəsində təşkil olunur. İştirakçılar arasında dövlət qurumlarının nümayəndələri, sənaye liderləri, yaşıl texnologiya innovatorları, maliyyə institutları, iqlim alimləri, akademik müəssisələr, özəl sektor nümayəndələri, qeyri-hökumət təşkilatları, icma qrupları, gənclər təşkilatları, şəhərsalma mütəxəssisləri, memarlar, infrastruktur ekspertləri, eləcə də incəsənət, mədəniyyət və idman sahələrinin nümayəndələri yer alıb.  Onlar bilik və təcrübə mübadiləsi aparacaq, tərəfdaşlıqları gücləndirəcək, investisiyaların cəlb edilməsinə töhfə verəcək və iqlimə davamlı, aşağı karbonlu inkişafı dəstəkləyən innovativ həllərin irəlilədilməsinə çalışacaqlar. UNFCCC Regional İqlim Həftəsinin məqsədlərini dəstəkləyən BCAW 2026 hökumətlərlə qeyri-dövlət tərəfdaşları arasında dialoq üçün əməkdaşlıq platforması rolunu oynayacaq, eyni zamanda, iqlim dəyişikliyinin təsirlərinin azaldılması, uyğunlaşma  və dayanıqlılığı gücləndirən praktik həlləri, innovativ texnologiyaları və dayanıqlı maliyyə mexanizmlərini nümayiş etdirəcək.

Qlobal tədbirin Azərbaycan üçün əhəmiyyəti ondan ibarət oldu ki...

Ölkəmizin iqlim dəyişmələrinin yaratdığı problemlərə qarşı mübarizədə fəal iştirakı və verdiyi töhfələr 2024-cü ildə ev sahibliyi etdiyi COP29 tədbirində bir daha öz təsdiqini tapdı.  Bakıda yüksək səviyyədə təşkil olunan COP29 konfransı Azərbaycana həm qlobal miqyasda böyük diplomatik nüfuz, həm də iqtisadi və strateji dividendlər qazandırdı. Ölkəmiz COP29-a ərazi bütövlüyünü bərpa etmiş qalib dövlət kimi ev sahibliyi etdi. 196 ölkədən 72 min iştirakçını ölkəmizdə böyük hörmətlə, yüksək qonaqpərvərliklə qarşıladı. Tədbirin Azərbaycanın bədxahlarının qarayaxma kampaniyas şəraitində reallaşdırıldığını da unutmayaq.  Bir sıra dövlətlər ciddi ekoloji müzakirələrə həssaslıq göstərmək əvəzinə, Azərbaycanın ev sahibliyinə qısqanclıq nümayiş etdirdilər. Məqsəd nə olur-olsun tədbirin baş tutmaması,  Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq idi. Məhz belə bir şəraitdə COP29-a yüksək səviyyədə hazırlıq aparıldı və uğurlu nəticələri ilə tarixə yazıldı. Ən əsası, boykota çalışan dairələrin çirkin səylərinə baxmayaraq, tədbirdə 80 ölkənin prezidenti, vitse-prezidenti, baş naziri iştirak etdi. Dünyanı Bakıya toplayan  COP29-da ekoloji problemlərlə bağlı əməkdaşlıqda yeni bir mərhələnin əsası qoyuldu. Qlobal tədbirin Azərbaycan üçün əhəmiyyəti ondan ibarət oldu ki, bu, ölkəmizə güclü bir etimad qazandırdı. COP29 tarixi Zəfərimizin və suverenliyimizin tam bərfpasının yaratdığı reallıqların dünyaya təqdimatı və qəbulu idi. Azərbaycan böyük miqyaslı tədbirlərin keçirilməsində dəfələrlə öz təcrübəsini sübut etmişdi. Bu beynəlxalq ekoloji tədbir də bir daha ölkəmizin geniş imkanlara sahib olduğunu təsdiqlədi. Azərbaycan bir daha Bakıya toplaşan beynəlxalq ictimaiyyətə siyasi, iqtisadi və sosial inkişaf modelini təqdim etdi. “Yaıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən bu tədbir iqlimdiplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirildi. Cənab İlham Əliyev tədbirlə bağlı paylaşımında bu əminliyi ifadə etmişdir ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik.

Ekoloji maariflənmənin ən təsirli platforması

Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.  Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirən Prezident İlham Əliyev bildirdi ki, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və  bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək.

COP29  ölkəmizdə ekoloji maariflənmənin ən təsirli platforması kimi yaddaşlarda qaldı. İqlim dəyişmələrinin fəsadları, onlarla mübarizə, ətraf mühiti qorumağın vacibliyi, dünyanın yaşıllığa məhkumluğu, yaşıl olmayan dünyanı hansı fəlakətlər gözləyir kimi məsələlər müxtəlif tədbirlər vasitəsilə geniş təbliğ olundu. Bu tədbir Bakıya gələn on minlərlə xarici qonağa Qarabağ və Şərqi Zəngəzurdakı postmünaqişə reallıqlarını birbaşa nümayiş etdirmək imkanı qazandırdı. İşğaldan azad edilmiş ərazilərin dövlət başçısı tərəfindən yaşıl enerji zonası elan edilməsi və bu sahədəki layihələr dünya birliyinin diqqətinə çatdırıldı. Qeyd etdiyimiz kimi,  Azərbaycan mürəkkəb qlobal maraqlar labirintindən uğurla çıxaraq özünü çoxtərəfli diplomatiyanın və qlobal dialoqun etibarlı mərkəzi kimi təsdiqlədi. Azərbaycan neft-qaz ölkəsi olmaqla yanaşı, həm də yaşıl iqtisadiyyata keçid strategiyasını və bərpaolunan enerji potensialını (günəş, külək enerjisi) dünyaya nümayiş etdirərək bu sahədə ön sıralara çıxdı.

Hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması, yeni əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsidir. Tarixi Zəfərimizin reallıqlarının yol açdığı yeniliklər sırasında kompleks tədbirlərin həyata keçirilməsini zərurətə çevirən sənədlərin imzalanmasını da qeyd edə bilərik. Belə ki, cənab İlham Əliyevin Sərəncamı ilə «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Bu sənəddə növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair  beş Milli Prioritetin  reallaşdırılması əsas hədəf kimi qarşıya qoyulur. Bunlar dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;  rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;  təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir. Sənədin təmiz ətraf mühit və «yaşıl artım ölkəsi» hədəfində  bu çağırışlar xüsusi yer tutur ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaq. O da vurğulanır ki, ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından, dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bu prioritet daxilində strateji dövrdə  iki məqsədin  reallaşdırılmasına nail olunmalıdır: yüksək keyfiyyətli ekoloji mühit; yaşıl enerji məkanı.

İqlim dəyişmələrinə qarşı qlobal mübarizə

İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi əsasdır. Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Əvvəldə də vurğuladığımız kimi,  işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub.  Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Hər dövrün öz çağırışı vardır. Müstəqilliyimizin bərpasından ötən 35 ilə yaxın dövrün təhilil fonunda Azərbaycanın hər bir çağırışı yüksək səviyyədə cavablandırdığı diqqətdən kənarda qalmır. Uğurlarımızın təhlili fonunda belə bir ümumiləşdirməni apara bilərik ki, Azərbaycanın iqlim dəyişmələrinin  yaratdığı problemlərin həllinə  böyük töhfəsi olan   BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, həmçinin ev sahibliyi etdiyi  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi ölkəmizin bu sahədə  mövcud imkanlarının, təcrübəsinin  təqdimatında öz sözünü deyir. Bu tədbirlər Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi dəyərləndirilir. Bir daha sübut olunur ki, Azərbaycan hər bir sahədə zəngin təcrübəyə malik olmaqla beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə yanaşı, qlobal probemlərin həllinə böyük töhfələr verir. Ölkəmizin irəli sürdüyü hər bir təşəbbüs, qəbul etdiyi qərar beynəlxalq dəstək qazanır. Qlobal iqlim çağırışlarına cavab verən həllərin təşviqi və bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunan Bakı İqlim Fəaliyyəti Həftəsində COP29-dan COP31-ə keçid mərhələsində iqlim gündəliyində əldə edilmiş dinamikanın qorunması, qəbul olunmuş öhdəlik və təşəbbüslərin praktiki nəticələrə çevrilməsi, eləcə də bütün maraqlı tərəflər arasında daha sıx əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti xüsusi vurğulandı. Bu fikir  xüsusi qeyd edildi ki, məqsədimiz iqlim fəaliyyətini gücləndirmək, müzakirələri konkret addımlara çevirmək və yeni əməkdaşlıqlara təkan verməkdir. Bu il UNFCCC İqlim Həftəsinin də Bakıda keçirilməsi COP31 öncəsi ölkələrin mövqelərini yaxınlaşdırması və qarşıdakı danışıqlara töhfə verməsi üçün mühüm imkan yaradır. Müzakirələrin  real nəticələrə yol açacağına əminlik ifadə edildi, BCAW-nin COP29 irsinin davam etdirilməsi və konkret iqlim fəaliyyətinin təşviqindəki rolu xüsusi  vurğulandı. Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi nazirinin müavini Fatma Varank bildirdi ki, Bakının ortaya qoyduğu güclü irs və Azərbaycanın iqlim diplomatiyasına verdiyi töhfə COP31-ə gedən yolda bizim üçün böyük əhəmiyyət daşıyır.

Yeganə Əliyeva, “İki sahil”