07 sentyabr 2026 10:26
177

Əsl qəhrəmanın adı qaya və qala divarları üzərinə deyil, ürəklərə, yaddaşlara yazılır

Tariximizin daş yaddaşına  hörmətlə yanaşmaq  hər kəsin vətəndaşlıq borcudur

Bir xalqın tarixini təkcə kitablarda yazılanlarla öyrənmək olmur. Onun tarixi həm də qədim abidələrdə, qala divarlarında və qayalarda qorunaraq gələcək nəsillərə ötürülür. Bu mənada, hər kəsin tariximizin önəmli hissəsi olan milli  və tarixi mirasımıza hörmətlə yanaşması  vicdan işidir, vətəndaşlıq borcudur.

Bunu önə görə yazırıq ki, son zamanlar bəzi məsuliyyətsiz insanlar  xalqımızın  mədəni irs nümunələrini müxtəlif  yazılarla korlayırlar. Qəbulolunmaz belə görüntülərlə ən çox İçərişəhərin qala divarlarında və oradakı tarixi tikililərin üzərində rastlaşırıq.  Xatırladaq ki, hələ bir neçə ay əvvəl Nzami Kino Mərkəzinin fasadının boya ilə korlanması cəmiyyətdə sərt qınaqla qarşılandı. Çünki, bu kimi əməllər  yəni, tarixi-mədəni irsin görünüşünə və bütövlüyünə xələl gətirmək əsl vandalizm aktıdır. Bu əməlləri törədən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması və qanunvericiliyə uyğun olaraq cəzalandırılması həm tarixi irsin qorunması, həm də belə halların təkrarlanmaması baxımından mühüm əhəmiyyət daşıyır. Ona görə də həmin o mənfi halları həyata keçirən şəxslər hüquq- mühafizə orqanları tərəfindən tapılaraq inzibat qaydada cəzalandırıldılar. Əslində, bu yüngül cəza hesab edilsə də digər  vətəndaşlara ibrətlik dərs oldu ki, belə işlərlə məşğul olmaq tariximizə və milli-mədəni irsimizə hörmətsizlikdir.

Regionumuzun mədəniyyət mərəkəzi olan Şuşa şəhərində də son zamanlar tarixi abidələrimizə və qalalarımıza qarşı bəzi hallarda kobud münasibət görürük. Burada abidələrimizin, qayaların üzərinə müxtəlif adlar, o cümlədən şəhidlərin adları yazılır. Təbii ki, şəhidlər həm dövlətimizin, həm də xalqımızın unutmadığı, onların xatirəsin daim əziz tutduğu Vətən övladlarıdır. Məhz elə buna görə də qəhrəman şəhidlərimizin uyuduqları kənd, qəsəbə və şəhərlərdə onların abidələri, büstləri qoyulub, adlarına parklar salınıb, küçələr verilib.

Əlbətdə ki, şəhidlərin adlarının əbədiləşdirilməsi və onların xatirəsinin yaşadılması olduqca xoş işdir. Lakin  bu məqsədlə tarixi qayaların və digər təbii-mədəni irs nümunələrinin zədələnməsi yolverilməzdir.  Əvvəldə qeyd etdmimiz kimi, Azərbaycan dövləti şəhidlərimizin adlarını və əziz xatirələrini müxtəlif  layihələr, abidələr və memorial komplekslərlə əbədiləşdirir. Ona görə də vətəndaşlarımız birmənalı olaraq anlamalıdırlar ki, şəhid ruhuna  hörmət tarixi qayalara, abidələrə və digər mədəni irs nümunələrinə  yazı yazmaqla deyil, həmin irsi qorumaqla göstərilməlidir.

Bu məsələdə  müzakirə yalnız tarixi-mədəni irsin qorunmasından getmir. Eyni zamanda,  ölkəmizin əsrarəngiz  təbiətini,  bol oksigenli yaşıllıqlarımızı, zəngin meşələrimizi, bol sulu çaylarımızı, başıqarlı  dağlarımızı, keçilməz səngər əzəmətini qoruyan qalalarımızı , bütövlükdə  isə ətraf mühiti də qorumaqdan gedir.  Ona görə ki,  əcdadlarımızın qoruyaraq onu bizə əmanət etməsi bizim  hər birimizdən bu əmanəti göz bəyimiz kimi qoruyaraq gələcək nəsillərə çatdırmamızı tələb edir.

Xüsusi qeyd edilməlidir ki, dünyanın bir çox ölkəsində tarixi abidələrin və qayaüstü təsvirlərin qorunması hər bir dövlətin və millətin şərəf və ləyaqət işidir. Ona görə də onlar  bu sahəyə  xüsusi həssaslıqla yanaşırlar. Nəticədə  onların üzərinə hər hansı yazı və təsvirin çəkilməsi qətiyyətlə qınanılır və  yolverilməz hesab olunur. 

Məlum məsələdir ki, tarixi qayaya adını həkk edənlər guya bununla tarixdə iz buraxmaq istəyirlər.  Amma əksinə, tarixdə iz buraxanlar öz adlarını xalqın qəlbində, yaddaşında  yazmış olurlar. Ona görə də əsl həqiqət belədir ki, bu gün böyük qəhrəmanlıq həm də tarixin yazdıqlarını qorumaqdır. Axı, tarixi abidə şəxsi qeyd dəftəri deyil. Axı, qaya və qala divarı üzərinə ad yazmaq xatirə yaratmaq deyil. Bu, bütöv bir xalqın tarixi yaddaşına müdaxilədir.

Ona görə də hər kəsin vəzifə bocudur anlasın və riayət etsin ki, heç bir şəxsin statusundan, mövqeyindən və ya nüfuzundan asılı olmayaraq ictimai və ya şəxsi əmlaka zərər vurmaq olmaz. Bu məsələdə hər kəs eyni məsuliyyəti daşımalı və müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır. Axı, belə hallara yalnız konkret bir obyektə vurulan zərər kimi yanaşmaq düzgün deyil. Bu, eyni zamanda şəhər mədəniyyətinə, ictimai dəyərlərə və ümumi yaşayış mühitinə münasibətin göstəricisidir. Cəmiiyyətimiz belə hallara qarşı xüsusilə barışmaz olmalıdır.

Elçin Zaman, “İki sahil”