KÖŞƏ

Nigar Orucova

COVID-19: Əgər məsuliyyətli olmasaq…

04 dekabr 2020 18:36
3103

Son vaxtlar ölkəmizdə COVID-19 pandemiyasına yoluxanların sayının artması cəmiyyətdə ciddi narahatlıq yaratmışdır. Dekabrın 4-nə olan məlumata görə, Azərbaycanda koronavirusa 4267 yeni yoluxma faktının qeydə alınması, 41 nəfərin COVID-19-dan vəfat etməsi əhalinin sağlamlığının qorunması, yoluxma tempinin azaldılması üçün daha sərt tədbirlər görülməsini zəruri edir. Hazırda bütün dünyada pandemiyanın kulminasiya dövrü yaşanır. Bir çox ölkələrdə yenidən qapanmalar tətbiq olunur.

Sözsüz ki, son həftələr yoluxma sayının getdikcə artmasının səbəbi bir sıra vətəndaşların müəyyən edilmiş qaydalara əməl etməməsi, bəzilərinin səhlənkarlığı ilə əlaqədardır. Təcrübə göstərir ki, hətta koronavirusa yoluxmuş bir sıra sakinlər pandemiyanın yaratdığı təhlükəni tam dərk etmir, qaydaları pozaraq yaşayış yerini tərk etməklə yalnız öz sağlamlıqlarını deyil, həm də ətrafdakı insanların da həyatını təhlükə altına atırlar. Havaların soyuması da yoluxmanın artmasına təsir edir.

Xarici həkim-infeksionistlər də bildirirlər ki, havalar soyuyarkən təkcə koronavirus deyil, bütün respirator infeksiyalar üçün münbit şərait yaranır. Buna səbəb insanların daha çox qapalı məkanlara üz tutmasıdır. Bu zaman təmaslar artır, məsafə minimuma enir. Təbii ki, nəticədə, xəstə insanlardan virusun yoluxması daha da asanlaşır. Hazırda hər birimizin koronavirusa yoluxmama ehtimalı çox aşağıdır. Son həftələrin göstəriciləri xəstəliyin dinamikasında xoşagəlməz artım olduğuna işarə edir. Bunun da müxtəlif səbəbləri var. Xəstəliyin, ağırlaşmış halların, ölüm saylarının artımına səbəb xəstə tərəfindən infeksiyanın düzgün idarə olunmamasıdır.

Statistikaya nəzər yetirdikdə görürük ki, hazırda respublikada 52 mindən çox aktiv koronavirus xəstə var. Xəstələrin böyük bir qismi evdə müalicə olunur. Onların  izolyasiya qaydalarına əməl etməsi çox vacibdir. Həmin şəxslər yaşadıqları yeri tərk edə bilməzlər. Yoluxanların ailə üzvləri bir neçə gündən sonra potensial koronavirus xəstəsi hesab olunurlar.

Görünən odur ki,  bu gün bütün bəşəriyyəti lərzəyə gətirən virusa qarşı mübarizə aparılır. İstəsək də, istəməsək də insanlar COVID-19 xəstəliyinə yoluxur. Qeyd edək ki, koronavirus pandemiyasının başladığı ilk gündən Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq vaxtında qəbul edilən düşünülmüş düzgün qərarlar itkiləri minimuma endirməyə imkan yaradıb və məhz zamanında görülən tədbirlər nəticəsində Azərbaycanın adı nümunəvi ölkələr sırasında çəkilir.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 3-də BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasında çıxışında bildirib ki, Azərbaycan virusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata keçirmişdir. COVID-19 ilə bağlı yaranmış vəziyyətə müvafiq olaraq tərəfimizdən adekvat addımlar atılmışdır: “Bu gün ölkə üzrə koronaviruslu xəstələr 46 dövlət xəstəxanasında müalicə olunur. Pandemiya başladığı zaman bizim 6 funksional laboratoriyamız var idi. Hazırda fəaliyyətdə olan laboratoriyalarımızın sayı 40-dan artıqdır”.

Yoluxma sayının artması həm də onu göstərir ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da insanlar vəziyyətin ciddiliyini və mövcud qaydaları qulaqardına vurur. Əgər məsuliyyətli davranıb virusa qarşı ciddi mübarizə aparmasaq, tibbi maskadan istifadə edib, sosial məsafə saxlamasaq, gündəlik yoluxma sayı bir qədər də arta bilər. İlk növbədə, unudulmamalıdır ki, maska qoruyucu vasitədir, əks halda isə həm özümüzü, həm də ətrafımızı yoluxdura bilərik. Maskanın ən azı xarici səthi infeksiyalaşıb. Təmasda olduğumuz insanlardan kimin yoluxduğunu bilmirik. Bir maskadan dəfələrlə istifadə etmək, onu çantada, cibdə gəzdirmək və yenidən istifadə etmək yoluxma riskini artırır. Belə ki, bu zaman maskanın xarici səthinə əlimizi vururuq, əlimizi üzümüzə, hansısa səthə toxundururuq. Nəticədə həm özümüz yoluxa bilərik, həm də toxunduğumuz səthlərə kimsə əli ilə təmas etdikdə onlar da yoluxa bilərlər. Maskadan mütləq şəkildə düzgün istifadə etmək lazımdır. Maska istifadəsi ilə yanaşı, əl və respirator gigiyena qaydalarına əməl olunmalıdır. Asqırarkən, öskürərkən ağzımızı dirsək bükümü ilə örtməliyik və ya birdəfəlik salfetlərdən istifadə etməliyik ki, virusu yaymayaq. Bunlar hamısı qoruyucu tədbirlərdir. Bir sözlə, koronavirusla savaşmağın yeganə yolu birlikdə, hamılıqla bu mübarizədə dövlətin tələblərinə riayət etməkdir.