KÖŞƏ

Nigar Orucova

Kəlbəcərin işğaldan azad edilməsi siyasi-diplomatik qələbəmizdir

27 noyabr 2020 19:04
3902

Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla silahlı qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoyuldu, ədalət bərpa edildi. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Ordusu ən güclü ordu, xalqımız isə ən böyük, məğrur, yenilməz xalq olduğunu bir daha təsdiqlədi.

İmzalanan birgə bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Buna görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə, Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq, müddəti noyabrın 25-dək uzatdı və həmin gün Kəlbəcər rayonu işğaldan xilas edildi.

Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 ildir sadəcə kağız üzərində qalan qətnaməsinin tələblərini Azərbaycan Ordusu cəmi 44 gün ərzində reallaşdırdı. Sentyabrın 27-də növbəti erməni təxribatının qarşısını alan Cənubi Qafqazın ən böyük ordusu ərazilərimizi bir-birinin ardınca düşmən tapdağından azad etdi. Digər çıxış yolunun olmadığını aydın şəkildə başa düşən Ermənistan hakimiyyəti isə işğalçı ordusunu Ağdam və Kəlbəcərdən çıxarmağa məcbur oldu.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam kimi, Kəlbəcər rayonu da qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı. İndi növbədə isə  Laçındır...

Xatırlatamaq yerində düşər ki, bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1993-cü ildə Kəlbəcər rayonunun azərbaycanlı əhalisinin oradan zorakılıqla qovulublar. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməmiş, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olunmuşdu. Bu gün isə Kəlbəcərdə baş verənlər həm də XXI əsrdə erməni vandalizminin əyani nümunəsinə çevrilib. Ermənilər buranı tərk edərkən evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər. Onlar ev əşyalarından tutmuş, qəbir daşlarına qədər özləri ilə aparıb, ağacları doğrayıb daşıyıb, evlərə od vurub yandırıblar.

Ölkə Prezidenti cənab İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bu məsələyə toxunaraq demişdir: “Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik.”

Təəssüf ki, 27 illik işğal müddətində Kəlbəcər rayonunun infrastrukturu Ermənistan tərəfindən varvarcasına dağıdılıb və təbii ehtiyatlar qeyri-leqal olaraq mənimsənilib. İşğal nəticəsində Kəlbəcərə ən azı on milyard dollarla ziyan dəyib. Ermənistanın bu rayonumuza da vurduğu ziyana görə təzminatın tələb edilməsi üçün ziyan məbləğinin dəqiq qiymətləndirilməsi aparılacaq.
Ekspertlərin də bildiridikləri kimi, hərbi əməliyyatlar çox mürəkkəb relyef quruluşuna, böyük əraziyə malik olan Kəlbəcərdə də aparılsaydı, bu zaman itkilərimiz daha çox olardı. Lakin Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən böyük məharətlə hazırlanmış hərbi əməliyyatlar planı və son dərəcə yüksək dəqiqliklə, vaxtında edilən siyasi-diplomatik gedişlər hadisələrin gedişini məhz bu məcraya yönəltdi. Belə ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük bir hissəsini və Şuşanı hərbi yollarla azad etməklə, döyüş meydanında düşmənin belini qırdı. Şuşanın azad olunmasından bir gün sonra isə 70-dən çox kəndin ildırım sürətilə azad edilməsi düşməni diz çökdürdü və Ermənistan kapitulyasiya aktını imzalamalı oldu və Kəlbəcər, Laçın və Ağdam rayonlarını tərk edəcəyinə dair öhdəlik götürdü.

Həqiqətən də Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi üçün apardığı bu Vətən müharibəsində əldə etdiyi tarixi qələbəs ilə, əslində, bütün Qafqazı erməni faşizmindən xilas etdi. Eyni zamanda da bu qələbə erməni faşizminin bütün bəşəriyyət üçün nə dərəcədə təhlükəli bir cərəyan olduğunu bütün dünyaya göstərdi.