11 oktyabr 2019 16:05
305

Dəmiryolçular peşə bayramlarını qeyd ediblər

“Azərbaycan Dəmir Yolları” QSC-də 13 oktyabr - dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunan tədbir keçirilib.

Əvvəlcə dəmiryolçular oktyabrın 11-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən dəmir yolu işçiləri Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçən Vətən oğullarının xatirəsini yad edib, “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyublar.

AZƏRTAC xəbər verir ki, QSC-də keçirilən tədbirdə “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov dəmir yolu işçilərini peşə bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulub və inşası 1880-ci il yanvarın 20-də başa çatıb. Uzunluğu cəmi 20 kilometr olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan ibarət olub. Həmin dövrdən başlayaraq yük daşınmasına olan tələbatın artması səbəbindən dəmir yolu inkişaf edərək təkmilləşib.

Qeyd edilib ki, uzun müddət Zaqafqaziya dəmir yolunun tərkibində Bakı hissəsi kimi fəaliyyət göstərən Azərbaycan Dəmir Yolu 1955-ci il oktyabrın 3-də SSRİ Nazirlər Sovetinin qərarı ilə SSRİ Yollar müstəqil dəmir yolu elan olunub. Azərbaycan SSR Nazirlər Sovetinin 1955-ci il 13 oktyabr tarixli qərarı ilə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirib. Prezident İlham Əliyev dəmir yolu işçilərinin peşə bayramı gününü təsis edərkən məhz bu tarixi əsas götürərək 2005-ci il oktyabrın 7-də “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, hər il oktyabrın 13-ü müstəqil Azərbaycan dəmir yolunun yarandığı gün - Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur, ölkə başçısı dəmiryolçuları ali dövlət mükafatları ilə təltif edir.

“139 illik tarixə malik olan Azərbaycan polad magistralı çox əzəmətli fəaliyyət yolu keçib. İstər çar Rusiyası, istərsə də Sovet hakimiyyəti dövründə Azərbaycan dəmir yolu daim inkişafda olub. Ümummilli lider Heydər Əliyevin qayğı və diqqəti sayəsində ötən əsrin 70-90-cı illərində tərəqqisinin zirvəsinə çatıb. 1969-2003-cü illəri Azərbaycan Dövlət Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində aktiv rol oynayır”, - deyə C.Qurbanov vurğulayıb.

Sonda bu ilin avqust-sentyabr aylarında Nabrandakı “Lokomotiv” İstirahət Mərkəzində keçirilən dəmiryolçuların idman spartakiadasının qaliblərinə kuboklar, pul mükafatları və diplomlar, bir qrup dəmiryolçuya “Fəxrı dəmiryolçu” döş nişanı və bayram hədiyyələri təqdim olunub.