Son vaxtlar Azərbaycan iqtisadiyyatı gücləndikcə, büdcə gəlirləri artdıqca ilk növbədə sosial layihələrin reallaşdırılmasına üstünlük verilir, ölkə vətəndaşlarının daha yaxşı yaşaması istiqamətində lazımi addımlar atılır. Ötən müddət ərzində Prezident İlham Əliyev tərəfindən bununla bağlı imzalanan bir çox Fərman və sərəncamlar, həyata keçirilən tədbirlər, xüsusən də 2019-cu ildə inqilabi xarakter alan sosial islahatlar dövlət başçısının öz vədinə sadiqliyinin əyani sübutudur.
Milli Məclisin deputatı Nəsib Məhəməliyev sözügedən məsələ ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, son sərəncamlarla ölkə başçısı cənab İlham Əliyev bir daha Azərbaycan vətəndaşının sosial-iqtisadi durumunun, güzəranının yaxşılaşmasında maraqlı olduğunu göstərdi: “18 iyun tarixində imzalanmış və sentyabrın 1-dən etibarən qüvvəyə minən bu sərəncamlar Azərbaycan əhalisinin, ölkə vətəndaşlarının önəmli bir təbəqəsinin sosial rifah halının yaxşılaşmasına mütləq şəkildə öz töhfəsini verəcəkdir”.
“Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşlarımızın rifah halını belə yüksəldir. İlk sosial paket 3 milyon insanı əhatə etməklə illik maliyyə tələbi 1,6 milyard manata bərabər olub. İkinci paket isə sentyabrın 1-dən qüvvəyə mindi və bu da 1 milyondan çox insanı əhatə edir. Ümumilikdə isə iki sosial paketin maliyyə tutumu bu il üçün 2,3 milyard manatdır”, -deyə N.Məhəməliyev bildirdi.
“Atılan bütün bu addımlar Azərbaycanın sosial dövlət olduğunu bir daha təsdiq edir”, - deyən deputat onu da diqqətə çatdırdı ki, Prezident İlham Əliyev hələ 2013-cü ildə Azərbaycanın sosial dövlət olduğunu elan etmişdi: “Bununla da ölkədə həyata keçirilən sosialyönümlü layihələr, vətəndaşların rifahının yüksəldilməsi istiqamətində atılan addımlar dövlət başçısının sosial prioritetlərinin əyani şəkildə həyata keçirildiyini təsdiqləyir. Təkcə 2019-cu ilin əvvəlindən başlayaraq atılan addımlara nəzər salsaq, həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını görə bilərik. Sosial siyasət Azərbaycan xalqının bu gün dünənkindən, sabah bugünkündən yaxşı yaşamasına yönəlib. Həmçinin bütün bu islahatlar ölkədəki sabitliyin, iqtisadi inkişafın nəticəsidir”.
Onu da əlavə edək ki, sentyabrın 1-dən qüvvəyə minən bu sərəncamlar xalqın sosial həyatında əhəmiyyətli dəyişikliyə, yüksəlişə gətirib çıxaracaq. Bununla da əhalinin gəlirləri artacaq, vətəndaşlar həm gündəlik tələbatlarını qarşılayacaq, həm də əlavə yığım imkanı əldə edəcək, həmçinin əhalinin alıcılıq qabiliyyətinin artması özəl sektorun inkişafına, dolayısı ilə özəl sektorda çalışan insanların əmək haqlarına da təsir edəcək. Hərçənd, dövlət başçısının ilin əvvəlində qeyd etdiyi kimi, xalqın sosial rifahının daha da yaxşılaşması istiqamətində addımlar davam edəcək.
Mənsumə Babayeva,
“İki sahil”