28 oktyabr 2020 22:20
835

Dövlətimizin başçısının KİV-lərə müsahibələri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir

Prezident İlham Əliyevin dünya media oqranlarına verdiyi müsahibələr informasiya cəbhəsindəki qalibiyyətimizin rəhnidir. Dövlətimizin başçısının dünyanın bir sıra məşhur KİV orqanlarına silsilə müsahibələri beynəlxalq ictimaiyyətin məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

"İki sahil" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

O qeyd edib ki, biz düşmənə qarşı yalnız hərbi müstəvidə deyil, həm də informasiya cəbhəsində mübarizə aparırıq. Məqsədimiz dünyanı Qarabağ cəbhəsində baş verənlər haqqında obyektiv məlumatlandırmaq, Azərbaycanın haqq səsini beynəlxalq aləmə çatdırmaq, erməni yalanlarını ifşa etməkdir. Bu baxımdan dövlətimizin başçısının dünyanın məşhur media qurumlarına verdiyi müsahibələr zamanı səsləndirdiyi fikirlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Çünki dünya ictimaiyyəti bu çıxışlar vasitəsi ilə Qarabağ problemi, əməliyyatlar haqqındakı əsl real məlumatları Azərbaycanın dövlət başçısından öyrənir. Prezidentimizin müsahibələrindəki məntiq və ciddi arqumentlər üzərində qurulan, faktlara və sübutlara söykənən fikirləri düşmənin informasiya məkanındakı yalan və dezinformasiyalarının yayılmasına imkan vermir. Bu çıxışlar Azərbaycanın nə qədər haqlı və ədalətli olduğunu və yalnız beynəlxalq hüquq normaları əsasında hərəkət etdiyini göstərir.

Bildirilib ki, dövlətimizin başçısı həmin müsahibələrində münaqişənin səbəblərinə, tarixinə aydınlıq gətirir, vəziyyətin gərginləşməsində beynəlxalq təşkilatların fəaliyyətsizliyinin də rol oynadığını izah edir. Bu çıxışlarda Azərbaycana dost olan dövlətlərə minnətdarlıqla yanaşı, işğalçını silahlandıran, onun mülki insanlara qarşı həyata keçirdiyi qətliamları görməzdən gələn dövlətlərə ciddi qınaq səsləndirilir. Bu çıxışlar Azərbaycan xalqının iradəsini, qətiyyətini özündə əks etdirir.

“Hesab edirəm ki, Prezident İlham Əliyevin Türkiyə, Rusiya, Fransa, İtaliya və başqa dövlətlərin aparıcı KİV-lərinə müsahibələri illər sonra da Azərbaycan dövlətinin haqq səsi olaraq ən mötəbər tarixi mənbə kimi öyrəniləcək və təhlil ediləcək. Əminəm ki, ölkəmiz döyüş meydanında olduğu kimi, informasiya məkanındakı qarşıdurmada da üstünlüyünü sonadək davam etdirəcək, Emənistanın bütün yalanlarını öz həqiqətləri ilə ifşa edəcək”, - deyə C.Xəlilov vurğulayıb.