20 avqust 2019 10:29
1110

Dövlətin təhlükəsizliyi və milli maraqlar hər şeydən üstün olmalıdır

“İndiki şəraitdə, əlbəttə, ilk növbədə təhlükəsizlik məsələləri bundan sonra da yüksək səviyyədə öz həllini tapmalıdır. Bu gün dünyada gedən proseslər təbii olaraq bizi də narahat edir və bu gün təhlükəsizlik məsələləri hər bir ölkə üçün ön plana çıxır. Azərbaycan da bu sahədə böyük təcrübəyə malik olan ölkədir. Azərbaycan xalqı uzun illərdir ki, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Əlbəttə ki, bundan sonra da bu sahəyə lazımi səviyyədə diqqət göstəriləcəkdir” söyləyən dövlətimizin başçısı İlham Əliyev daim bildirir ki, sabitlik bütün inkişafın əsasıdır. Azərbaycan bu gün dünyada tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkə kimi tanınır və nüfuz qazanır. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamları əsasında  2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması və s. kimi biri-birindən mühüm addımlar deyilənlərin təsdiqidir. Azərbaycandan dünyaya sülh, birlik, əmin-amanlıq, həmrəylik mesajlarının ünvanlaması, həmçinin beynəlxalq aləmdə ən təhlükəsiz ölkə, sabitləşdirici faktor kimi nüfuz qazanması düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. 

Ölkə Prezidentinin qeyd etdiyi kimi, bu gün inkişafda olan ölkəmizin təcrübəsi göstərir ki, düşünülmüş siyasət, cəmiyyətdə müsbət meyillər güclü olanda böyük uğurlara imza atmaq mümkündür. Eyni zamanda, bu reallıq da qeyd edilir ki,   Avropa ilə Asiya arasında, qədim İpək Yolu üzərində yerləşən Azərbaycan sivilizasiyalararası dialoqun daha da güclü olmasına səy göstərir.  Ölkəmizin   beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunması da deyilənlərin təsdiqidir. Cari ilin martında Azərbaycanın ev sahibliyi etdiyi  VII Qlobal Bakı Forumunda dünyanın yeni xarici siyasətinin müzakirə olunması, Azərbaycan təcrübəsinin təqdir edilməsi bir çox məqamlara işıq saldı.   “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən  Forumda müzakirəyə çıxarılan məsələlərə diqqət yetirdikdə günün əsas çağırışları qabarıq şəkildə özünü büruzə verir.  Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan bu gün  aktual qlobal məsələlərin müzakirə olunduğu bir məkana çevrilib, beynəlxalq münasibətlər sistemində yeri və rolu günbəgün artır. Təsadüfi deyil ki, ilk  Avropa Oyunları, Formula-1 yarışları,  IV İslam Həmrəyliyi Oyunları, Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə Toplantısı, Qlobal Bakı Forumu və digər tədbirlər məhz Azərbaycanda keçirilir. Məhz bütün bunların nəticəsi idi ki,  BMT-nin Sivilizasiyalar Alyansı özünün 7-ci Qlobal Forumunu 2016-cı ildə Bakıda keçirdi.  Ölkə Prezidentinin  vurğuladığı kimi, dünyanın müxtəlif yerlərində  narahatlıq doğuran ədalətsizliyin  daha da artdığı müasir dövrümüzdə multikulturalizm ənənələrinin gücləndirilməsi xüsusilə əhəmiyyətlidir. Azərbaycanda tolerantlıq kimi,  multikulturalizm  ideyalarına sadiqlik hər zaman güclü olub. İnsanları yaxınlaşdıran, xalqları  sülh, sabitlik, insanları mehribanlıq, qarşılıqlı hörmət naminə birləşdirən, dinlərə qarşı suni yaradılan fobiyalara qarşı mübarizədə  istifadə olunan multikulturalizmin təbliği daha vacib və aktualdır.

“Azərbaycan tarixən elə bir məkan olub ki, burada müxtəlif dinlərin və millətlərin nümayəndələri bir yerdə bir ailə kimi yaşamışlar” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu tendensiya davam etdi və bu ideyalar qlobal müstəvidə  təşviq olundu. Bu gün Azərbaycan onu nümayiş etdirir ki, dünya yalnız multikulturalizmin təşviqi ilə irəli gedə bilər, gərginlik azala və qarşılıqlı anlaşma gücləndirilə bilər.

Daim çıxışlarında dünyada daha da dərinləşən iqtisadi, hərbi böhranın, münaqişələrin yaratdığı çətinlikləri vaxtilə Azərbaycanın da yaşadığını  diqqətə çatdıran dövlətimizin başçısı İlham Əliyev  bildirir ki, yaranan çıxılmaz vəziyyətdən ayrı-ayrı dövlətlər kimi dinc sakinlər də  əziyyət çəkirlər: “Əlbəttə, bu insanların aqibəti bizi narahat edir. Çünki biz də vaxtilə çox böyük humanitar fəlakətlə üz-üzə qalmışdıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Biz yaxşı bilirik ki, bu, nə deməkdir. O vaxt Azərbaycan bu humanitar fəlakətlə təkbaşına üz-üzə qalmışdı.”  Bu gün Avropa dövlətlərinin miqrant problemi adlandırdığı çətinlikləri ən yüksək köçkün, qaçqın  problemini yaşayan ölkəmiz daxili resurslarına əsaslanaraq, heç bir ölkədən  yardım almadan aradan qaldıra  bildi. Çünki ölkəmizdə dinindən, milliyyətindən asılı olmayaraq bütün insanlar ölkədə sabitliyin qorunması, iqtisadi inkişafın yüksəlməsi naminə bir araya gələrək eyni məqsəd naminə çalışdılar.

Bütün çıxışlarında  Azərbaycanın xarici siyasətindən geniş bəhs edən  dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bu, proqnozlaşdırıla bilən, müstəqil və milli maraqlara əsaslanan, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionda sabitliyə yönələn siyasətdir. “Biz ənənəvi tərəfdaşlarla münasibətlərimizi daha da möhkəmləndirmişik, eyni zamanda, yeni dostlar əldə edərək yeni körpülər qurmuşuq” söyləyən Prezident İlham Əliyev Azərbaycanın qarşılıqlı hörmətə əsaslanan səmərəli əməkdaşlıq mühiti yarada bildiyini, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və sərməyə qoyuluşu sahələrində əməkdaşlıq qurduğunu diqqətə çatdırır.

Qeyd etdiyimiz kimi, cənab İlham Əliyevin atdığı hər addımında dövlət maraqları öndə saxlanılır, müstəqil siyasət yürüdən Azərbaycan ən yüksək tribunlardan bəyan edir ki,  xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərini öndə saxlayaraq heç bir dövlətin daxili işinə müdaxilə etmir, eyni zamanda, öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir.

Azərbaycanın  beynəlxalq təhlükəsizliyə töhfələri də davamlıdır. İştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri dövlətlər, xalqlar arasında körpü rolunu möhkəmləndirməklə yanaşı regional əməkdaşlığın genişlənməsinə stimul verir. İqtisadi tərəqqini hər bir inkişafın əsası kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandıraraq iqtisadi möcüzələr ölkəsinə çevirib. Bu gün regional iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı rola malikdir. Görülən işlərin zirvəsi kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi  bu gün  bütün dünya birliyi üçün böyük önəm daşıyır. Azərbaycanın təşəbbüsü ilə reallaşan və 2017-ci ildə istifadəyə verilən   Bakı-Tbilisi-Qars dəmir yolu siyasi, iqtisadi və regional əhəmiyyətinə görə enerji layihələrindən heç  də geri qalmır. Tarixi İpək yolunun bərpası kimi  böyük önəm verilən, Çindən başlanan yol Xəzər regionunun əsas strateji əhəmiyyətli şəhərləri sayılan Bakı və Tbilisidən keçməklə İstanbula  istiqamətlənir,  Londonu,  bütün Avropa  ölkələrini birləşdirir.

Əvvəldə də qeyd olunduğu kimi, iqtisadi imkanlarını günbəgün artıran Azərbaycan beynəlxalq münasibətlər sistemində  yeri və rolunu daha da  möhkəmləndirir. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında daim vurğuladığı kimi, əgər əvvəlki illərdə  Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün  müxtəlif ölkələrə səfərlər edilirdisə, bu gün artıq  ölkəmiz hər həftə, hər gün ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərlə bu məqsədə yüksək səviyyədə nail olur. Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün əsas məkan seçilməsi ölkəmizə inamın güclənməsi, dünya miqyasında artan nüfuzunun ifadəsidir. Ölkəmizə bu inam bir daha təsdiqləyir ki,  Avropa ilə Asiyanın qovuşuğunda yerləşən, strateji əhəmiyyəti ilə seçilən ölkəmizdə  əsasən iki güclü  qüvvə qoşa qanad kimi inkişaf edir: Şərq təməli və  Qərbə inteqrasiya.  Son illərdə  Azərbaycanın dünya birliyində mövqeyinin güclənməsi sivilizasiyaları birləşdirən dəyərlərə sadiqlikdən bəhrələnir.   Bütün dünyanı  düşündürən problemlərin  müzakirəsi üçün Azərbaycanın etibarlı ünvan kimi seçilməsi  ölkəmizdə mövcud olan sabitliyə verilən dəyər, davamlı inkişafımıza nikbin  baxışlardır.  Ulu öndər Heydər Əliyevin “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir” fikirləri Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın tolerant ölkə imicini yüksək səviyyədə qorumasına bələdçilik etməklə yanaşı, bu gerçəkliyi də ortaya qoyur ki, ölkəmizdə dilindən, irqindən asılı olmayaraq  bütün vətəndaşlar eyni hüquqlara malikdir və bu hüquqlar  müvafiq qanunlar əsasında qorunur.

Dövlətimizin başçısı  İlham Əliyev Azərbaycanın bu uğurlarına söykənərək belə bir əminliyi də ifadə edir ki, ölkəmizin uğurlu inkişafı bundan sonra da  təmin ediləcək. Çünki  düşünülmüş, Azərbaycan xalqının maraqlarına söykənən siyasət aparırıq. Həyata keçirilən  siyasətin mərkəzində Azərbaycan vətəndaşı və Azərbaycan maraqları dayanır: “Bu maraqlar hər şeydən üstündür. Beynəlxalq arenada da biz daim öz maraqlarımızı müdafiə edirik. Bəlkə də buna görə bəzi hallarda əsassız tənqidə, bəzi hallarda təxribatlara məruz qalırıq. Ancaq bu bizim siyasətimizə heç bir təsir edə bilməz. Çünki biz öz yolumuzla gedirik və güclü iqtisadiyyat, sabitlik, xalq-iqtidar birliyi Azərbaycanda bu şəraiti yaradıb ki, heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz.”

Sirr deyil ki, Azərbaycanın uğurları ölkəmizi istəməyən qüvvələr tərəfindən böyük qısqanclıqla qarşılanır. Bu həzm etməmələr isə müxtəlif cəhdlərin edilməsi, əsassız kampaniyaların həyata keçirilməsi ilə müşayiət olunur. Ölkə Prezidenti İlham Əliyev bütün çıxışlarında diqqəti bu məsələlərə yönəldərək daim bu çağırışı edir ki, belə cəhdlər olub, var və istisna edilmir ki, olacaq. Bu cəhdləri etmək istəyənlər də artıq başa düşməlidirlər ki, bu səylər əbəsdir. Ancaq biz buna hazır olmalıyıq və ölkəmizə qarşı aparılan kampaniyalara ən gözəl cavabımız Azərbaycan reallıqlarıdır. Anti-Azərbaycan qüvvələr, erməni lobbisi ilə idarə olunan bəzi xarici riyakar siyasətçilər də Azərbaycan reallıqlarını görüb əlbəttə ki, məyus olurlar.

Qeyd etdiyimiz kimi, Azərbaycan müstəqil dövlətdir. Heç bir ölkəinin, təşkilatın, xarici dairənin diktəsi ilə oturub durmur. Xatırlasaq, cənab İlham Əliyevin Prezident kimi ilk dəfə ABŞ-a səfəri zamanı  Azərbaycanın bu ölkə qarşısında hansısa bir öhdəliyinin olub-olmaması ilə bağlı ünvanlanan sual dövlətimizin başçısı tərəfindən belə cavablandırılmışdır ki, bizim heç bir dövlət, təşkilat qarşısında öhdəliyimiz yoxdur. Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələrini qurur və inkişaf etdirir. Rəsmi Bakı beynəlxalq təşkilatların tribunalarından da dəyişməz, ədalətli mövqeyini bəyan edir. Azərbaycan təbii ki, bu siyasəti, tutduğu yolu ilə anti-Azərbaycan qüvvələrin narahatlığını daha da artırır. Dövlətimizin başçısı bildirir: “Bəlkə bu da bəzi xarici dairələrin xoşuna gəlmir. Bəlkə kimsə gözləyir ki, Azərbaycan susacaq, yaxud da öz mövqeyini bildirməyəcək. Xeyr! Görürük ki, harada ədalət pozulur, görürük ki, təkcə bizə qarşı yox, ümumiyyətlə, harada ikili standartlar mövcuddur biz sözümüzü deyəcəyik.”

Azərbaycan istər yeganə problemimiz olan Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin, istərsə də  demokratik inkişafla bağlı  ədalətsiz, ikili yanaşmalarla üzləşir. Dövlətimizin başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edir ki, beynəlxalq hüququn norma və prinsipləri bütün dövlətlərə eyni şəkildə tətbiq olunmalıdır. BMT qətnamələrinin icrası ilə bağlı vahid mexanizm olmalıdır. Azərbaycanın ədalətə söykənən bu mövqeyi əksər beynəlxalq təşkilatların qərar və qətnamələrində dəstəklənir. Azərbaycanın 2011-ci ildə  BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsində də bu amilin rolu inkaredilməzdir. Problemin həlli ilə bağlı möhkəm hüquqi bazanın mövcudluğu tezliklə ədalətli həllini tapacağına böyük əminlik yaradır.

Eyni yanaşmalar Azərbaycanın demokratik inkişafında da özünü göstərir.  Bəzi beynəlxalq hüquq təşkilatları  sifarişçilərinin tələblərinə uyğun olaraq Azərbaycanı “qeyri-demokratik”, işğalçı Ermənistanı isə “demokratik” ölkə kimi təqdim edir. Hətta “Freedom House”  kimi təşkilatlar bir qədər də irəli gedərək Dağlıq Qarabağı Azərbaycanla Ermənistanın müştərək ərazisi kimi təqdim edirlər. Təbii ki, belə  ədalətsiz, maraqlardan qaynaqlanan yanaşmalara cavab  Azərbaycanın bugünkü reallıqlarıdır. Ölkəmiz demokratiya yolu ilə inamla addımlayır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, atılan addımlar hansısa dövlətə, təşkilata  xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür.

Dövlət maraqlarının qorunmasında Azərbaycan mətbuatının da üzərinə böyük məsuliyyət düşür. Dövlətimizin başçısı bildirir:  “Biz informasiya məkanımızı da qorumalıyıq. Bunu etmək çətindir. Çünki biz bu gün internet dövründə yaşayırıq. Hansısa hər bir yalan, böhtan, təxribat xarakterli məlumat dərhal özünə yer tapır. Ancaq milli jurnalistikamız, Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır, milli maraqlar hər şeydən üstün olmalıdır.”

Ümumilikdə dövlət maraqlarının qorunması hər birimizin vətəndaşlıq borcudur. “Dövlətin təhlükəsizliyi və milli mənafelər heç bir zaman, heç bir vəchlə və ya şərtlə müzakirə mövzularına çevrilməməlidir” söyləyən  Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qeyd etdiyi kimi, mövcud həssas vəziyyətdə cəmiyyətimiz qətiyyət və sayıqlıq, vətəndaşlarımız milli dövlətçilik naminə sıx birlik nümayiş etdirməli, ictimai rəyə təsir imkanları olan ziyalılarımız daha düşünülmüş şəkildə və həssas davranaraq, konkret insanlara bəslənən münasibətlə Vətənin mənafeləri və dövlətin maraqlarını bir-birindən fərqləndirməlidir.

Ə.Həsənov  ötən il Gəncədə  baş vermiş terror aktlarının ildönümü ilə bağlı KİV-lərə açıqlamasında bildirib ki,  ötən müddətdə aparılmış istintaq tədbirləri nəticəsində ortaya çıxan faktlar bir daha təsdiqlədi ki,  Gəncə hadisələri bəzi dövlətlərin radikal  klerikal dairələrinin, separatçıların və ölkə daxilində siyasi fəaliyyət pərdəsi altında şəxsi ambisiyalarını həyata keçirmək istəyən qrupların dövlətə və milli maraqlarımıza qarşı  birgə məkrli təxribatı idi.  Həmin açıqlamada o da bildirilir ki, demokratiya dəyərlərinə sadiq olduğunu iddia edən müxalifətin əslində həmin dəyərlərə qənim kəsilənləri, radikalizmi, ifrat dini fundamentalizmi dəstəklədiyi göz önündədir. Belə olan halda, həmin  müxalifətə, görəsən, hansı Azərbaycan gərəkdir? Dünyanın inkişaf etmiş ölkələri sırasında yer alan, sabit, qüdrətli və demokratik Azərbaycan, yoxsa Sudan, Somali, Liviya, Suriya və s. ölkələr kimi amansız daxili savaşın, qanlı xaosun, faciəvi vətəndaş qarşıdurmasının və terror qruplaşmalarının tüğyan etdiyi poliqon? Bəlkə onlar Azərbaycanı orta əsrlərin  qaranlıq dövrünə qaytarmaq, ölkəmizi şəriət qanunları ilə idarə olunan məkana çevirmək istəyirlər?

Ə.Həsənov  bu məsələyə də diqqəti yönəldir ki,  Yaxın Şərq və Şimali Afrikada son illərdə  baş verən proseslər göstərdi ki, hər hansı cəmiyyətdə  özünü “müxalifət” adlandıran qrup və kəsimlər terrorçunu, yaxud terrorçuları qəhrəman kimi təqdim etməyə, terroru  mifləşdirməyə başladıqda cəmiyyət və  dövlət  belə təhlükəli fəsada qanun çərçivəsində sərt reaksiya verməzsə hadisələr təhlükəli məcraya yönəlir, ideoloji təxribat vətəndaş müharibəsi, terrorun tüğyan etməsi ilə nəticələnir.

REAL Televiziyasının baş direktoru  Mirşahinin  Gəncə teraktı ilə bağlı yayımladığı videoda da ötən il Gəncədə baş verən terror aktlarının əsl mahiyyəti, məqsəd və məram açıqlanır.  Gəncədə  törədilmiş terror aktının əsas personajı, Rusiya vətəndaşı Yunis Səfərovun kimliyi bir daha ictimaiyyətə açıqlanır.

Qeyd etdiklərimizin fonunda bu qənaət yaranır ki, dünya birliyi tərəfindən dəstəklənən Azərbaycandakı sabitlik və tolerantlıq digər ölkələrə nümunə göstərildiyi halda, bunu həzm etməyən xarici və daxili bədxahlarımız bu uğurlarımıza kölgə salmaq üçün zaman-zaman cəhdlər etsələr də, hər zaman bunun mümkünsüzlüyünün şahidinə çevriliblər. Azərbaycan hüquqi, dünyəvi, demokratik ölkədir. Ölkəmiz qanunlarla idarə olunur. Kimliyindən, siyasi əqidəsindən və mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır.  

Yeganə Əliyeva,

“İki sahil”