07 aprel 2020 17:38
1006

Dünya ictimaiyyəti Ermənistanın işğalçı siyasətini növbəti dəfə rədd etdi

Martın 31-də Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilmiş  qondarma “seçkilər” beynəlxalq  ictimaiyyət  tərəfindən  qətiyyətlə rədd edilmişdir. Nüfuzlu beynəlxalq təşkilatar, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, NATO, Türk Şurası, GUAM, Avropa Parlamenti, TÜRKPA, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri bu qondarma “seçkilərin” və onların nəticələrinin qanunsuz olduğunu bəyan etdilər. Bu bəyanatlarda, həmçinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunur.

Beynəlxalq  təşkilatların bəyanatlarda yer alan “Seçkilər”in konstitusional və hüquqi çərçivəsi tanınmır” ifadəsi ilə dünya ictimaiyyətinin verdiyi mesaj ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş ərazilərində seçkilər yalnız Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində keçirilə bilər. Yeri gəlmişkən,  “seçkilər”ə dair mənfi münasibət Türkiyə, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, Moldova, Kanada, Avstraliya, Çex Respublikası, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya, İran və digər dövlətlər  tərəfindən  də ifadə edilmişdir.

Bir çox siyasi icmalçıların fikrincə, məlum “seçki şousu” qanunsuz olmaqla yanaşı, demokratiya dəyərlərinə ləkədir. Çünki  Ermənistan və onun yaratdığı qondarma rejim bu kimi addımlarla bütün beynəlxalq normaları pozur, həmçinin münaqişənin sülh yolu ilə həllinə zərbə vurur. Qondarma “seçkilər”in tarixinin 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə salınması isə  siyasi həyasızlığın son həddi  kimi qiymətləndirilir.

Türkiyənin ölkəmizdəki sabiq səfiri, tanınmış diplomat Hulusi Kılıçın fikrincə, Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsində qondarma “prezident və parlament seçkiləri”nin keçirilməsi siyasi əxlaqsızlığın son həddidir. Regionda sülhə və inkişafa ən böyük təhdid hesab edilən bu “seçkilər”in keçirilməsi, eyni zamanda,  beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən BMT Nizamnaməsinin, ATƏM-in 1975-ci il Helsinki Yekun Aktının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulmasıdır.

Bundan başqa, xüsusi olaraq  vurğulanır ki, aralarında müxtəlif ölkələrdən olan deputatlar da daxil olmaqla, ayrı-ayrı şəxslər tərəfindən verilmiş açıqlamalarda bütün dünyanın hazırda koronavirus pandemiyası ilə üzbəüz qaldığı bir vaxtda “seçkilər”in keçirilməsi həm də məsuliyyətsiz addım kimi dəyərləndirilmişdir.

Region ölkələrinin hərbi birlikləri arasında yeganə Ermənistan ordusunda koronavirusa kütləvi yoluxmalar var. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasının sürətlə yayılmasından narahatdır. ÜST rəhbərliyi sülhsevər dünya ictimaiyyətinə yeni növ koronavirusa qarşı birgə mübarizə çağırışı etdiyi halda, Ermənistan hakimiyyəti kütləvi yoluxma üçün münbit şərait yaradır. Sözün həqiqi mənasında,  dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) infeksiyası Ermənistanda tüğyan edir.  Belə  getsə, ən yaxın vaxtda ermənilər haray salıb dünya ictimaiyyətindən koronavirusla mübarizə adı altında ianə yığmağa başlayacaqlar.

Görünən odur ki, indiki  halda öz xalqının sağlamlığını qorunmaq əvəzinə Azərbaycanın işğal olunmuş  Dağlıq Qarabağ bölgəsində qondarma “seçkilər” şousu düzəltmək təcavüzkar tərəfin siyasi riyakarlığından   başqa bir şey deyildi. Dünya ictimaiyyəti   isə  “seçkilər”ə  münasibətlə bir daha rəsmi Yerevana “qırmızı kart” göstərərək işğalın və onun nəticələrinin heç bir zaman qəbul edilməyəcəyi mesajını göndərmiş oldu. Bununla dünya ictimaiyyəti həm də bir daha göstərdi ki, Qarabağ Azərbaycandır.

Nurəddin Ədiloğlu, “İki sahil”