Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
01 oktyabr 2020 15:14
371

Düşmən Tapqaraqoyunluda dinc sakinlərin evlərini hədəf alır

Sentyabrın 27-i səhər saatlarından başlayaraq Ermənistan silahlı bölmələrinin hücumuna əks-həmlə ilə cavab verən Azərbaycan Ordusunun ağır zərbələri qarşısında xeyli sayda canlı və hərbi-texniki itkilərə məruz qalan düşmən cəbhəboyu kəndləri və dinc sakinləri atəşə məruz qoyur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda bütün cəbhəboyu ağır döyüşlərin davam etdiyi bir vaxtda ən çox düşmən təxribatına məruz qalan yaşayış məntəqələrindən biri də Goranboy rayonunun Tapqaraqoyunlu kəndidir.

Rəşadətli Ordumuzun əks-həmləsi ilə strateji əhəmiyyətli Talış yüksəklikləri düşməndən geri alındıqdan sonra bu yüksəkliklərlə üzbəüz yerləşən Tapqaraqoyunlu kəndi erməni birləşmələri tərəfindən daha intensiv atəşə məruz qalıb.

Kənddəki yaşayış evlərini, dinc sakinləri, eləcə də əhalinin təsərrüfatını hədəfə alan düşmən Cenevrə konvensiyasının müddəalarına zidd olaraq, cəbhədəki məğlubiyyətinin əvəzini dinc sakinlərdən çıxmaq istəyir.

Hazırda düşmən təxribatı nəticəsində Tapqaraqoyunluda onlarla ev, yardımçı təsərrüfatlar qismən, yaxud tamamilə dağılıb. Kənd sakinləri arasında düşmənin atdığı mərmilər nəticəsində xəsarət alanlar da var.

Bununla belə Tapqaraqoyunlu sakinləri arasında böyük ruh yüksəkliyi var. Kənd sakini Azər Nağıyev deyib: “Tapqaraqoyunlu qəhrəman kənddir. Hələ 1990-cı illərin əvvəlində bizim silahlı qüvvələr yenicə formalaşmağa başladığı bir dövrdə düşmən dəfələrlə bu kəndi işğal etmək istəmişdi, amma istəyinə nail ola bilməmişdi. 2016-cı ilin Aprel döyüşlərində də düşmənin silahlı birləşmələri kəndimizi – evləri, yolları, məktəbi və dinc sakinləri atəşə məruz qoydu, dağıntı törətdilər. Onda da istəkləri baş tutmadı. Ümumiyyətlə, bizim kəndimizin sakinləri 27 ildir ki, düşmənlə üz-üzə dayanıb, hər səhərini atəş səsləri açıb. Biz ordumuza inanır, qələbə müjdəli xəbərlər gözləyirik”.