19 iyun 2019 10:44
1101

Düşmənin bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər

Ali Baş Komandan: Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər

Ölkəmizdə aparılan siyasi, iqtisadi islahatların tərkib hissəsi olan hərbi potensialımızın möhkəmləndirilməsi əsas prioritet kimi öndə dayanır. Müxtəlif reytinqlər tərtib edən beynəlxalq ekspertlərin və təşkilatların hesablamalarına görə, Azərbaycan Ordusunun dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxil olması, müdafiə sisteminin etibarlı təminatı bu cür diqqətin sayəsində mümkün olmuşdur. İqtisadi qüdrəti artan Azərbaycanda Silahlı Qüvvələrimizin hücum və müdafiə xarakterli ən müasir, yüksək dəqiqliyə malik texnoloji silahlarla təchizatı, ordumuzun “Azərsilah” ASC-nin obyektlərində istehsal edilən silah-sursatlarla təminatı əsgərlərimizin döyüş qabiliyyətini artırır, maddi-texniki bazanı möhkəmləndirir.

Bir neçə beynəlxalq müdafiə sərgisinə ev sahibliyi edən Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullara marağın çoxalması, respublikamızın silah ixrac edən ölkəyə çevrilməsi, hərbi xərclərimizin 15 dəfə artması, hərbçilərin mənzil-məişət şəraitinin yaxşılaşması müdafiə qüdrətimizi artırır. İqtisadi imkanlarımızın möhkəmlənməsi sayəsində ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilir. Son illərdə alınan yüzlərlə zirehli texnika, gözətçi və hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən qurğular, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, yeni nəsil artilleriya qurğuları, əməliyyat-taktiki raket kompleksləri hərbi gücümüzü artırır. Ordunun maddi-texniki təchizatı baxımından Azərbaycanın dünya miqyasında nadir ölkələrdən biri adlandırılması aparılan islahatların məntiqi nəticəsidir.

“Biz bütün bunları ona görə edirik ki, Azərbaycan Ordusu daha da güclü olsun. Ona görə edirik ki, hərbi potensialımız güclənsin” söyləyən Prezident, Ali Baş Komandan İlham Əliyev onu da bildirir ki, uzun illər aparılan islahatlar iqtisadi qüdrətimizin artması hesabına mümkün olmuşdur.

Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra apardığı islahatlarda ordu quruculuğu xüsusilə fərqlənmişdir. Uğurlu Horadiz əməliyyatı nəticəsində 20-dən çox yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi də Silahlı Qüvvələrimizə göstərilən diqqət nəticəsində mümkün olmuşdur.

2016-cı ilin aprel ayında ermənilərin təxribatlarının qarşısını alan ordumuzun qazandığı uğurlarının qeyd olunduğu üçüncü ilində “N” saylı hərbi hissədə döyüşçülərlə görüşən Ali Baş Komandan İlham Əliyev həmin tarixi Silahlı Qüvvələrimizin zəfər salnaməsi adlandırdı: “Azərbaycan Ordusu işğalçını cəzasız qoymadı, onlara layiqli cavab verdi, onları yerinə oturtdu, uğurlu əks-hücum əməliyyatı keçirərək işğal edilmiş torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdi. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi, iki min hektar ərazi təmizləndi. Uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir... Lələtəpədə bizim bayrağımız dalğalanır. Ağdərə dağlarında bizim bayrağımız dalğalanır”.

Həmin əməliyyatlarda əsl qəhrəmanlıq göstərən əsgərlərimiz strateji yüksəklikləri azad etdilər. Ermənistanın sınıq-salxaq, fərarilərdən ibarət ordusu ilə bağlı illərdən bəri formalaşdırmağa çalışdığı “qüdrətli ordu” mifi darmadağın edildi. Qələbə müjdəli aprel döyüşlərindən sonra aparılan Naxçıvan əməliyyatı Ermənistana növbəti zərbə oldu. 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar ərazi Naxçıvan Əlahiddə Ümumqoşun Ordu tərəfindən peşəkarlıqla aparılmış əməliyyat nəticəsində azad edildi. Qəhrəmanlıq, rəşadət göstərən Azərbaycan əsgərləri bildirdilər ki, Azərbaycan Silahlı Qüvvələri istənilən vaxt ərazi bütövlüyümüzü bərpa etmək qüdrətindədir.

“Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər. Bizim bu gün nümayiş etdirəcəyimiz silahlar həm Azərbaycan xalqına, həm düşmənə, həm də bütün dünyaya bunu göstərəcək” söyləyən Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, Ermənistan ən müasir silahlarla təchiz olunmuş ordumuzla heç cür rəqabət apara bilməyəcək.

2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayraqlarının dalğalanması qələbəyə çağırışdır. İşğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə yeni həyat verildi. Cocuq Mərcanlı qısa müddət ərzində yenidən quruldu. 150 fərdi ev, məktəb, uşaq bağçası, tibb məntəqəsi, Şuşa məscidinin bənzəri olan məscid tikildi, yeni iş yerləri yaradıldı.

Artıq gizli deyil ki, son illərdə hərbi sahədə aparılan islahatlar hərbi gücümüzü artırmaqla diplomatiyada, döyüş meydanlarında qələbəyə inamı artırır, əsgərlərin döyüş əzmini daha da gücləndirir. Dünyanın ən böyük təşkilatlarından olan, sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında önəmli xidmətləri ilə seçilən , beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü prinsiplərinə, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadiq qalan Qoşulmama Hərəkatına üzv olan Azərbaycanın NATO ilə münasibətlərinin möhkəmlənməsi Silahlı Qüvvələrimizə etibarı artırır.

Bu günlərdə regionda sülhün, sabitliyin təminatı üçün təşkil olunan Azərbaycan -Türkiyə-Gürcüstan müdafiə nazirləri arasında keçirilən görüşlər, Naxçıvanda Türkiyə-Azərbaycan Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq-2019” adlı birgə döyüş atışlı taktiki təlimləri ölkəmizin müdafiə qüdrətinin istənilən səviyyədə olduğunu təsdiqləyir. “ Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır. Belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır” söyləyən Prezident, Ali Baş Komandan İlham Əliyev muxtar respublikanın müdafiə qüdrətinin artırılmasına diqqətlə yanaşır. “Bir millət, iki dövlət” deyimini əks etdirən Silahlı Qüvvələrin birgə təlimi göstərdi ki, hər iki ölkə hərbçilərində döyüş əzmi, vətənpərvərlik və birlik yüksəkdir. Əlahiddə Ümumqoşun Ordu ilə Türkiyə Silahlı Qüvvələrinin birgə təlimi bir həqiqəti əks etdirdi: Peşəkar hərbçilərin yetişdirilməsinin ən optimal yolu təlimlərin keçirilməsidir. Çünki şəxsi heyət döyüş həmlələrini təlimlərdə öyrənir. “Sarsılmaz qardaşlıq-2019” bütün dünyaya nümayiş etdirdi ki, Silahlı Qüvvələrimiz hər bir vəzifəni təkcə və birgə icra etməyə hazırdır və qadirdir

Türkiyənin milli müdafiə naziri Hülusi Akarla Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Naxçıvanda keçirdikləri görüşdə qeyd olunduğu kimi, hər iki ölkə arasındakı hərbi əməkdaşlıq dostluq, qardaşlıq münasibətləri əsasında möhkəmlənir. Ermənistanı təşvişə salan “Sarsılmaz qardaşlıq-2019” kimi təlimlər həm də qələbəyə inamı artıran hərbi hazırlıq idi.

“Biz ordu quruculuğu istiqamətində çox böyük addımlar atmışıq. Bu gün beynəlxalq ekspertlər də qeyd edirlər ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Biz bunu bilirdik, ancaq bu gün bunu bütün dünya bilir” söyləyən Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi Azərbaycan işğal altında qalan torpaqlarını Silahlı Qüvvələrinin rəşadəti ilə azad edəcək.

Xuraman İsmayılqızı, “İki sahil”