14 iyun 2019 21:27
225

Eldəniz Səlimov: Müasir Azərbaycan Heydər Əliyev ideyalarının təcəssümüdür

Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanın bir ölkə olaraq parçalanmaqdan xilas etdi və həyatının tamamilə dəyişməsinə, inkişaf, tərəqqi və yüksəliş dövrünə qədəm qoymasına səbəb oldu. Bu fikirləri İkisahil.TV-yə açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov söylədi.

E.Səlimov bildirdi  ki, o dövrdə ölkədə problemlər gündən-günə artırdı, vəziyyət daha da çətinləşirdi. Ölkəni bu vəziyyətdən yalnız Heydər Əliyev şəxsiyyəti çıxara bilərdi. Hələ 1993-cü ilin əvvəlində səriştəsiz rəhbərlik nəticəsində ölkə həyatının bütün sahələrini böhran bürümüşdü, müstəqilliyimiz süquta uğramaq təhlükəsi ilə üzləşmişdi. Belə bir vaxtda xalqın içərisində dayaqlarını itirməkdə olan hakim dairələr Heydər Əliyevin nüfuzundan ehtiyatlanaraq onun Naxçıvan MR-də gördüyü quruculuq işlərinə mane olmaq yolunu tutmuşdular. Xalqın Heydər Əliyevi hakimiyyətdə görmək istəyinin nəticəsi olaraq 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyası (YAP) yaradılmışdı. Bu zaman hakimiyyət uğrunda AXC-nin öz daxilində, əvvəlki iqtidarın əlaltıları, ayrı - ayrı şəxslər və qruplar arasında mübarizə genişlənməkdə idi.

Eldəniz Səlimov qeyd etdi ki, 1993-cü ilin iyununda Gəncədə hərbi qiyam baş verdi. Bakı vahimə içərisində idi. Aciz qalmış iqtidar Heydər Əliyevi təkidlə Bakıya dəvət etdi. İyunun 9-da Heydər Əliyevin Bakıya gəlməsi xalq tərəfindən ümid və sevinclə qarşılandı.

E.Səlimov diqqətə çatdırdı ki, Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanı ilk növbədə vətəndaş müharibəsindən, parçalanmaqdan, bölünməkdən, müstəqilliyini itirməkdən xilas etdi.  Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdu. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi şəxsən ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Eldəniz Səlimov xüsusi olaraq vurğuladı ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizin sosial-iqtisadi yüksəlişini təmin etməklə, beynəlxalq nüfuzunu artırmaqla Ulu Öndərin ideyalarını yaşadır. Bütün bunlar Azərbaycanın hərtərəfli inkişafında, yüksəlişində, dövlətçilik qüdrətinin artmasında özünü büruzə verir. Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 16 ildə daha da qüdrətlənərək dünya miqyasında öz layiqli yerini möhkəmləndirmişdir.

Şəmsiyyə Əliqızı, “İki sahil”