13 noyabr 2019 19:59
966

Erməni əsgərləri dözülməz şəraitdən xilas yolunu intiharda görürlər

Ermənistan ordusunda əsgər ölümləri barədə bu ölkənin mətbuatında tez-tez sensasion yazılar dərc olunmasına baxmayaraq, vəziyyət düzəlmək bilmir. Odur ki, bu ölkədə ata-analar övladlarını hərbi xidmətdən yayındırmaq üçün müxtəlif yollara əl atırlar.

İşğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi hissələrdə baş verən əsgər ölümlərinə etiraz olaraq hətta bir müddət əvvəl İrəvanda etiraz aksiyaları da keçirilmişdi. Etirazlardan sonra əsgər ölümləri bir qədər səngisə də, eyni hal sonradan yenidən davam etdi. Qeyri-döyüş şəraitində ölən əsgərlərin valideynləri etiraz aksiyasında bildirirlər ki, Ermənistan ordusundakı korrupsiya və özbaşınalıq yüksək templə artır. Etirazçılar davamlı şəkildə hökumət əleyhinə şüarlar və bəyanatlar səsləndirir, övladlarının ölüm səbəbinin onlara açıqlanmasını tələb edirlər. Belə qruplardan biri də Ermənistanda “qara geyimli analar” adlandırılan erməni əsgərinin valideynləridir. Onlar müxtəlif illərdə dinc şəraitdə ölmüş övladlarının ölüm hadisələrinin ədalətli istintaqını tələb edirlər.

Göründüyü kimi, Ermənistan ordusunda problemlər dözülməz həddə çatıb. Bu problemlərdən də daha çox cəmiyyətin yoxsul təbəqəsi əziyyət çəkir. Təmas xəttində yoxsul insanların övladları ölür. Əsgərlər komandirlərin və özlərindən rütbəcə yüksək olanların pis davranışları ilə üz-üzə qalırlar. Bütün bunlar sosial müzakirələrin aparılmasını qeyri-mümkün edir. Hərbi hissələrdə əsgərlərin valideynləri ilə əlaqə saxlaması üçün yaradılan internet otaqlarını isə neqativ halların sızmasının qarşısını almaq üçün bağlayıblar. Bütün bu qadağalara baxmayaraq, sosial şəbəkələrdə və açıq mənbələrdə yayılan məlumatların təhlili göstərir ki, Ermənistan ordusunda vəziyyət təsəvvür edildiyindən də qat-qat ağırdır.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisindən bildirilir ki, orduda baş verən problemlərin kökündə rüşvət və korrupsiya dayanır. Ermənistan təhlükəsizlik xidmətinin keçirdiyi istintaq nəticəsində müdafiə nazirliyinin ehtiyacları üçün xərclənməli olan pulların mənimsənilməsi üzə çıxıb. İstintaq məlumatına görə, müdafiə nazirliyinin yüksək rütbəli şəxsləri təchizatçı şirkətlə cinayət əlaqəsinə girərək dəyəri aşağı olan malları bağladıqları müqavilədə yüksək qiymətə göstərirlər. Məlumatda bildirilib ki, faktla bağlı cinayət işi də açılıb, istintaq gedir.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində daha bir erməni əsgəri özünü öldürüb. Bu barədə Sputnik Ermənistan məlumat yayıb. Agentlik Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, noyabrın 4-də saat 19:30-da əsgər Erik Harutyunyan hərbi hissənin silah otağında yaralı vəziyyətdə tapılıb. Onun çənə nahiyyəsindən silah yarası aldığı müəyyən edilib. Əsgər hospitala aparılarkən yolda keçinib. Faktla bağlı ikinci qarnizon istintaq idarəsində Ermənistan Cinayət Məcəlləsinin 110-cu maddəsinin 1-ci (özünü öldürmə həddinə çatdırma) bəndi ilə cinayət işi açılıb. İstintaq davam edir. Öz növbəsində, qondarma “DQR”-in Müdafiə Nazirliyinin mətbuat xidməti faciəli insidentin Qarabağın cənub-şərqində yerləşən hərbi hissələrdən birində baş verdiyini bildirib. İntihar etmiş əsgər Erik Araratoviç Harutyunyan 2000-ci il təvəllüdlüdür.

Digər 19 yaşlı hərbçi Vardan Melkoyanın ölümü ilə bağlı cinayət işi dondurulub. Onun meyiti ötən il iyulun 23-də səhər saatlarında Nubaraşen rayonunda, 95 saylı məktəbin yaxınlığında kəmərindən asılmış vəziyyətdə aşkarlanıb. Onun anası Karine Manukyanın iddiasına görə, oğlunu hərbi hissəyə gələn mülki şəxslər döyüb, sonra da onu asıblar. Əsgər anası prokurorluğun apardığı araşdırmadan narazılıq edib: “Onun asıldığı ağac boyundan aşağı olub. Məgər, bükülən dizlə özünü asıb ölmək olar? Başqa bir xəbərə görə, Ermənistan İstintaq Komitəsi Volodya Qaloyan adlı hərbi qulluqçunun avtomat silahla öz əsgər yoldaşını öldürmək istədiyini bildirib. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində baş vermiş bu insidentin təhqiqatı zamanı aydın olub ki, atəş açdıqdan sonra qaçan həmin hərbi qulluqçu digər əsgər tərəfindən güllələnib.

Ümumiyyətlə, ötən dövr ərzində Ermənistan ordusunda müxtəlif şəraitlərdə 63 hərbçi ölüb. Hesabat dövründə 11 hərbçi intihar edib. Onların 27-si əsgər, 23-ü müqavilə əsasında xidmət edən hərbçi, 2-si gizir, 11-i isə zabitdir. Ölüm hallarının 38-i xidmət zamanı, 25-i isə xidmətdənkənar baş verib. Ermənistan ordusunda baş verən neqativ hallara dair informasiyaların sayını artırmaq da olar. Göründüyü kimi, Yerevanda hakimiyyətlər bir-birini əvəzləsə də, heç nə dəyişmir, Qarabağdakı erməni icması Yerevandakıların oyuncağı rolunda çıxış edir. Gənc erməni əsgərlər isə dözülməz şəraitdən xilas yolunu intiharda görürlər.

Sevinc Azadi, “İki sahil”