Prezident İlham Əliyevin Paşinyana verdiyi qətiyyətli cavabın işğalçı ölkədə doğurduğu həyəcan səngimək bilmir
Məlum olduğu kimi, oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak etdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirdi, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğuladı. Və ən əsası Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq dedi: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.
Ölkə başçısının sərgilədiyi bu qətiyyətli mövqe, son vaxtlar Ermənistanın baş naziri Nikol Paşiyan başda olmaqla bu ölkənin rəsmilərinin Azərbaycanın əzəli və tarixi torpaqları ilə bağlı təxribatçı bəyanatlarına tutarlı cavab oldu. Azərbaycan Ermənistanın bu addımlarını “status-kvonu saxlamağa” yönəlmiş “qeyri-konstruktiv” addım kimi qiymətləndirdi. Prezident İlham Əliyev tarixi faktı xatırlatdı və dedi ki, 1921-ci ildə Bolşevik Partiyasının Mərkəzi Bürosu tərəfindən məhz Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması barədə qərar qəbul edib. Çünki ermənilər “saxlanması” ifadəsini müxtəlif səviyyələrdə təhrif etməyə çalışırlar. Bu tarixi reallıq da Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasının sübutudur. Beləliklə, Prezident İlham Əliyev Paşinyanın növbəti tezisini də darmadağın etdi. Paşinyan qeyd edir ki, münaqişənin elə bir həll formulu tapılmalıdır ki, bu, Ermənistana, Azərbaycana və “Dağlıq Qarabağ xalqı”na məqbul olsun. Dövlət başçısı auditoriyaya xitabən dedi ki, “Dağlıq Qarabağ xalqı” anlayışı yoxdur, Dağlıq Qarabağın erməni və azərbaycanlılardan ibarət əhalisi var, bunlar da bərabər hüquqlara malikdirlər. Prezident qeyd etdi ki, münaqişənin həllinin bir formulu var, o da Azərbaycanın ərazi bütövlüyüdür”.
Bu hadisə Ermənistanda artıq ciddi ajiotaj doğurub. Bunu sosial şəbəkələrdən də aydın sezmək olar. Belə ki, Aşot Dəmirçyan adlı birinin “Twitter” sosial şəbəkəsində etdiyi paylaşım çox bəyənmə toplayıb. Profilində Respublika Partiyasının üzvü olduğu diqqətçəkən istifadəçi yazır ki, Paşinyan bütün günü “Facebook”da canlı yayımlar təşkil edib, bəhanələr uydurmaqla ictimaiyyəti susdurmaqdansa, gedib İlham Əliyevə tutarlı cavab versin: “Soçidəki tədbirdə İlham Əliyev Paşinyanı, şahmat dili ilə desək, mat etdi. Ermənistanı İlham Əliyev qarşısında niyə məğlub duruma salırsınız? Faktiki olaraq o, Ermənistanı əzir. Amma biz buna cavab verə bilmirik. Əliyev bəyan edir ki, Ermənistan Qarabağ məsələsində geri çəkilməsə, daha ağır vəziyyətə düşəcək. Əslində, bu, belədir. Paşinyan hökuməti isə bunlara qarşı hansısa əks həmlə edə bilmir”.
Dezik Poqosyan adlı istifadəçi isə “Facebook”da yazır: “Paşinyanın hakimiyyətə gəlməsi üçün hər şey etdik. Lakin onun rəhbərliyi altında indiyədək Ermənistan hər sahədə məğlub olur, insanlar vətənlərindən qaçırlar. Beynəlxalq tədbirlərdə İlham Əliyev onu əzir. Azərbaycan Prezidentinə həmişə “hə”, bizə isə “yox” deyirlər. Nikolun rəhbərliyi altında bizi parlaq gələcək yox, tam məhvolma gözləyir”.
Eduard Karapetyan adlı istifadəçi “İnstagram” sosial şəbəkəsində yazır: “Dostlar, gəlin gördüklərimizi açıq şəkildə etiraf etməkdən çəkinməyək. Çox gülməlidir, elə deyilmi? Paşinyan nöqtə ilə danışır, İlham Əliyev isə nida ilə cavab verir. Hər halda fərqi göstərməyə ehtiyac yoxdur. Rusiyadakı son tədbirdəki “Qarabağ Azərbaycandır, nida!” açıqlaması ilə nida nöqtəni əzdi! Mən daha dərinə gedərək, hətta döyərək əzdi deyə bilərəm. İlham Əliyev bütün sahələrdə Ermənistan üçün böyük qorxu yaradıb. Azərbaycan əsgəri qarşısında duruş gətirməyən erməni əsgərlərinin səngərlərdə silahlarını qoyub qaçmalarını görməkdən bezmişik. Orduya xidmətdən yayınmaq məqsədilə ölkəni tərk etməkdən təngə gəlmişik. Bunun ən böyük səbəbkarı isə hakimiyyətdir”.
Göründüyü kimi, ermənilər Prezident İlham Əliyevdən layiqli cavab aldıqlarını özləri də etiraf edirlər və bunun getdikcə daha da sərtləşəcəyini gözləyirlər. Özü də təkcə diplomatik yox, həm də hərbi müstəvidə..
Qeyd edək ki, cənab Prezidentin cıxışına dəstək olaraq Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnalogiyaları Gənclər İctimai Birliyi 2019-cu il oktyabrın 7-dən “Qarabağ Azərbaycandır və nida işarəsi” Beynəlxalq Gənclər Kampaniyasına start verir. Kampaniyanın məqəsdi Ermənsitan rəsmilərinin yalan və həqiqəti əks etdirməyən bəyanatlarının ifşasının, o cümlədən Qarabağın Azərbaycana məxsusluğunu sübut edən faktları beynəlxalq ictimaiyyətə bir daha çatdırılmasını təmin etmək üçün gəncləri, gənclər təşkilatlarını, xaricdə təhsil alan və yaşayan azərbaycanlı gəncləri səfərbər etməkdir. Kampaniya çərçivəsində tarixi sənədlər və faktlar, beynəlxalq qurumların qədbul etdiyi sənədlər, şəkillər və videolar “Facebook” və “Twitter” sosial şəbəkələrində #Karabakh #AllForKarabakh və #KarabakhIsAzerbaijan həştəqlərindən istifadə edərək BMT-nin rəsmi dillərində tvitlər, postlar paylaşılacaqdır.
Sevinc Azadi, “İki sahil”