17 oktyabr 2019 19:59
1218

Əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir

Bu günlərdə keçirilən iqtisadi müşavirədə uğurlardan bəhs edən dövlət başçımızın korrupsiyaya, pozuntulara, şişirdilmiş rəqəmlərə qarşı mübarizənin gücləndiriləcəyi ilə bağlı xəbərdarlığı, eyni zamanda, vəzifə məsuliyyətinin artırılması tələbidir

Beynəlxalq aləmdə yenilikçi, təşəbbüskar, müasir düşüncəli, zamanın tələblərini, dövrün çağırışlarını milli maraqlar, dövlətçilik mənafeyinin qorunması baxımından təhlil edib, məntiqi nəticə çıxaran Prezident İlham Əliyev həmkarları arasında sayılıb-seçilən liderlərdəndir.

Bu nüfuzu gərgin əməyi, xalqına, dövlətinə bağlılığı ilə qazanan dövlət başçımızın səylərinin nəticəsidir ki, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının, reytinq agentliklərinin hesabatlarında adı ilk onluqda çəkilən Azərbaycanın inkişaf modeli qabaqcıl təcrübə kimi öyrənilir, dünya iqtisadiyyatında tətbiq və təbliğ olunur.

Son 16 ildə ölkədə aparılan siyasi , iqtisadi, sosial islahatların dünya birliyi tərəfindən dəstəklənməsinin ifadəsi olan bu dəyərləndirmə, Azərbaycanın ən çox iqtisadi islahat aparan ölkələr sırasında mövqeyini möhkəmləndirməsi onu göstərir ki, yalnız iqtisadiyyatı güclü olan qüdrətli ölkələr müstəqil siyasət apara bilər. İqtisadi müstəqilliyi nəticəsində ölkə əhalisinin sosial müdafiəsini etibarlı təmin etmək imkanları genişlənər. Dünya təcrübəsində özünü doğruldan reallıqlardan biri də budur ki, iqtisadiyyatı güclü olan ölkələrdə demokratik inkişaf mütləqdir. Rəqəmlərə diqqət yetirək.

Aparılan islahatlar, qəbul olunmuş Dövlət proqramlarının həyata keçirilməsi, ən müasir texnologiyaların tətbiqi, infrastruktur layihələrinin genişləndirilməsi sayəsində ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft ixracı 4 dəfədən çox, sənaye istehsalı 2,6, valyuta ehtiyatlarımız 24 dəfə artmışdır. Sərmayə qoyuluşu ilə ölkəmizdə etibarlı investisiya mühiti yaradılıb. Xarici və yerli sərmayənin həcminin artması iqtisadi islahatları sürətləndirməklə, infrastruktur layihələrinin həyata keçirilməsi imkanlarını da şaxələndirir.

Ötən il Prezident kimi andiçmə mərasimində “Bu gün də Azərbaycan iqtisadiyyatı inkişaf edir. Biz dünyada baş vermiş böhranlar zamanı da bu böhranlardan ən az itkilərlə çıxa bilmişik. Artıq bu böhranlar arxada qalıb və iqtisadi sabitlik, maliyyə sabitliyi, əlbəttə ki, həm investisiya iqliminə müsbət şərait yaradır, həm də biznes mühitini daha da yaxşılaşdırır. Gələcək illərdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək. İqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir, bütün xoşagəlməz hallara son qoyulmalıdır. Bütün iqtisadi qurumlar dünyanın inkişaf etmiş ölkələrində olan müsbət təcrübəni tətbiq etməlidirlər. Belə göstərişlər verilibdir. Əminəm ki, Azərbaycan vətəndaşları, sahibkarlar yaxın gələcəkdə bizim islahatlarımızın müsbət təsirini görəcəklər” söyləyən cənab İlham Əliyevin proqnozlarının reallığını hər bir vətəndaş gündəlik həyatında hiss etdiyi kimi , beynəlxalq təşkilatların hesabatlarında da ölkəmizin reytinqi davamlı olaraq yüksəlir.

Bu günlərdə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə “Kiçik və orta sahibkarlığın inkişafı”” mövzusunda məsələnin müzakirəsi göstərir ki, ölkəmizdə daim diqqətdə saxlanılan özəl sektora diqqət dünya iqtisadi sistemində aktuallığını qoruyan hədəflərdəndir. Ölkəmizdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılması, Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyədək 36 min sahibkara 1,4 milyard ABŞ dolları həcmində güzəştli kredit ayrılmasının nəticəsidir ki, qeyri-neft sektorunun ümumi daxili məhsulunda payı 85 faiz təşkil edir.

Xoş təəssürat yaradan statistik rəqəmlərdən də aydın olur ki, siyasi müstəqilliyini iqtisadi müstəqilliyi ilə möhkəmləndirən, ÜDM-i 16 ildə üç dəfədən çox artan Azərbaycan dünya iqtisadi sisteminə uğurla inteqrasiya edir. Ölkəyə 270 milyard dollardan çox sərmayə qoyulub ki, bunun yarısı xarici sərmayədir. İqtisadi sahədə aparılmış islahatlar beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur. İqtisadiyyatın əsas hissəsini təşkil edən neft-qaz, nəqliyyat sektorunda qazandığı uğurlarını qlobal layihələri reallaşdırmaqla, dünya iqtisadiyyatına önəmli töhfələr verməklə bildirən, etibarlı tərəfdaşlıq formatı yaradan Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi, TANAP kimi mühüm qaz kəmərləri , Bakı Tbilisi-Qars dəmir yolu son illərin töhfəsi olmaqla, xalqları birləşdirən iqtisadi əməkdaşlıq körpüləridir. Ümumi generasiya gücü təqribən 6,5 min meqavat olan enerji potensialının 3,9 min meqavatı 15 il ərzində inşa olunan elektrik stansiyalarının istifadəyə verilməsi ilə mümkün olmuşdur. 2004-cü ilin əvvəlindən respublikanın bütün bölgələrində 15 min kilometr yeni yol çəkilmiş, əhalinin içməli suya tələbatı 81 faiz ödənilmişdir. Azsaylı kosmik ailənin üzvü olan Azərbaycan Xəzər dənizində ən böyük donanmaya malikdir.

Bu günlərdə Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə belə möhkəm təmələ, potensiala əsaslanan Azərbaycan iqtisadiyyatının uğurlarından söz açılmış, cari ilin doqquz ayı ərzində əldə olunan nailiyyətlərdən danışılmışdır.

“Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir. Əlbəttə, biz istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik” söyləyən dövlət başçımız dünya miqyasında rekord göstərici olan qeyri-neft sənayesində 15 faizdən çox artımı aparılan islahatların nəticəsi kmi dəyərləndirmişdir.

Dövlətin iqtisadi inkişafının əsas göstəricilərindən olan büdcə vəsaitlərinin artması, xarici dövlət borcunun çox aşağı səviyyədə olması bütünlükdə ölkənin inkişafının göstəricisidir. Hazırda ölkəmizin xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. “Bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik. Onu da bildirməliyəm ki, bizdən daha yaxşı nəticəsi olan ölkələrin bəziləri o ölkələrdir ki, onlara, ümumiyyətlə, xaricdən heç bir kredit verilmir. Ona görə də onların yüksək pillədə olması əlbəttə ki, obyektiv mənzərəni əks etdirmir. Beləliklə, biz dünya miqyasında xarici borcun aşağı səviyyəsinə görə qabaqcıl yerdəyik” söyləyən cənab İlham Əliyev xarici borcun minimuma endirilməsini prioritet kimi qarşıya qoyur.

İnflyasiyanın 2 faizdən bir qədər çox olduğu respublikamızın iqtisadi qüdrətinin artması, yaranan maliyyə imkanları sayəsində cari ilin ilk aylarından həyata keçirilən ciddi və böyük əhəmiyyətə malik sosial paketin tətbiqi ilə 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşdırılımış, pensiyalar, əməkhaqları, müavinətlər artırılmışdır.

İnsan amilinə diqqətin artırıldığı ölkəmizdə sosial islahatları əhatə edən layihələrə ayrılan vəsaitlərin çoxalması birbaşa vətəndaşa qayğının ifadəsidir. “Gələcəkdə də minimum əməkhaqqının, minimum pensiyanın artırılması üçün bizdə iradə var və imkanlar buna uyğun olmalıdır. Buna nail olmaq üçün bütün maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir” söyləyən cənab İlham Əliyevin hökumət qarşısında qoyduğu əsas vəzifə bu ehtiyat mənbələrinin aşkarlanması, artan büdcə gəlirlərindən məqsədyönlü və şəffaf istifadə olunmasıdır.

Müşavirədə dövlət büdcəsinin formalaşmasında xüsusi xidmətləri olan gömrük və vergi sistemində diqqəti cəlb edən məqamlar açıqlandı. Hələ də mövcud olan “ qara mühasibatlıq” hallarının aradan qaldırılması, şəffaflığın maksimum təmin olunması, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi başlıca məqsəd kimi, qarşıya qoyuldu, aidiyyəti qurumlara Prezident tapşırığı verildi.

“Əlbəttə ki, əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir” söyləyən dövlət başçımızın vurğuladığı kimi, əsas meyarı rəqabətqabiliyyətlilik olan “Doing Business” hesabatında biznes mühitinə görə Azərbaycanın dünya miqyasında 25-ci yerdə olması göstərir ki, ölkəmizdə aparılan islahatlar dinamik, ardıcıl xarakter daşıyır. Hesabatın ölkəmizlə bağlı digər meyarları da ürəkaçandır. Müşavirədə qeyd olunduğu kimi, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə Azərbaycan 141 ölkə arasında 18-ci, polis orqanlarına əhali tərəfindən inamın səviyyəsinə görə 30-cu yerdədir. Mülkiyyət hüquqlarının qorunması sahəsində respublikamız sıra üzrə 37-cidir. Cənab İlham Əliyevin “Hökumətin, yəni, dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə Azərbaycan, fikir verin, dünya miqyasında 10-cu yerdədir. Yəni, bu, onu göstərir ki, düşünülmüş uzunmüddətli siyasət Azərbaycanda ən yüksək səviyyədə həyata keçirilir. Rəhbərliyin dəyişikliklərə, yəni, islahatlara meyillilik səviyyəsinə görə biz dünyada 5-ci yerdəyik” sözləri ölkədə həyata keçirilən demokratik islahatların, xalq-iqtidar birliyinin nümunəsidir.

Müşavirədə uğurların sayını artıran, daha ciddi islahatların keçirilməsinə imkan yaradan resurslarla yanaşı , bəzi sahələrdə yol verilən nöqsanlardan da bəhs olundu. Qeyri-neft sektorunda hələ də lazımi nəticəyə nail olunmaması ilə bağlı açıqlamalar verildi. Qeyd olundu ki, Sahibkarlığın İnkişafı Fondu vasitəsilə cari ilin 9 ayında ayrılan 130 milyon, ilin sonuna qədər ayrılacaq 170 milyon manat sahibkarlığın maliyyələşdirilməsi üçün kifayət deyil. Səbəbi isə bank sektoru tərəfindən kifayət qədər maliyyələşmə əməliyyatlarının istənilən səviyyədə aparılmamasıdır.

Daim diqqətdə saxlanılan korrupsiyaya, vergi pozuntularına qarşı mübarizədə ictimai nəzarətin gücləndirilməsinin, kadr islahatlarının aparılmasının vacibliyinin diqqətə çatdırıldığı müşavirədə ciddi tövsiyələr də səsləndirildi. “Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz” söyləyən Prezident İlham Əliyev bildirdi ki, gələn il də ciddi sosial proqramlar icra olunacaq, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması, infrastruktur layihələrinin icrası üçün ciddi layihələr həyata keçiriləcək, vəsaitlər ayrılacaq. Əsas məsələ isə şəffaflığın təmin olunması, şişirdilmiş rəqəmlərə yol verilməməsidir. Dövlət vəsaitlərindən, qeyri-qanuni, sui-istifadə hallarına qarşı mübarizənin gücləndiriləcəyini bildirən dövlət başçımız bu kimi neqativ hallara yol verənlər barədə ciddi tədbir görüləcəyini də vurğuladı: “Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, - bunu təkcə onların boynuna atmaq olmaz, - hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar.”

Göründüyü kimi, dövlət başçımızın tapşırığı, tələbi də qəti və ciddi oldu. Cənab İlham Əliyevin əvvəlki müşavirələrdə səsləndirdiyi “Hər kəs nəticə çıxarmalıdır. Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Bir daha qeyd etməliyəm ki, heç kim cəzasız qalmayacaq. Günahkar insanlar dövlət tərəfindən cəzalandırılacaq və ədalət bərpa ediləcəkdir” sözləri bu gün də aktualdır. Yəni, kimliyindən asılı olmayaraq hər kəsdən işinə məsuliyyətlə yanaşmaq, vəzifə borcunu vicdanla yerinə yetirmək tələbi hər zaman üçün aktualdır. Çünki ölkə iqtisadiyyatının qüdrətlənməsi, hər bir ailənin sosial rifahının yüksəlməsi üçün vacibdir.

Xuraman İsmayılqızı, “İki sahil”