14 fevral 2020 19:40
965

Ətir şəxsiyyətin avtoqrafıdır

Bir insanın qoxusu onun ən böyük şəxsiyyət xüsusiyyətidir. Aradan illər keçsə belə tanıdığınız insanın adını unutmuş olsanız belə qoxusunu əsla unutmayacaqsınız. Böyük Pablo Pikassonun qızı Paloma Pikasso təsadüf olaraq deməyib ki, “ətir şəxsiyyətin avtoqrafıdır”.

Özünüzü əsəbi hiss etdiyiniz zamanlarda lavanda, limon, mango ya digər xoş ətirli bitkilərin köməyi ilə stresdən uzaqlaşa bilərsiniz.

Yapon elm adamları bəzi ətirlərin insanlara təsir edərək stres səviyyəsini azaltdığını qarşıya qoyan ilk elmi dəlilləri ortaya çıxardırlar. Bu tədqiqat “Journal of Agricultural and Food Chemistry” adlı jurnalda nəşr olundu. Yapon alimi Akiio Nakamuranın araşdırmalarında, insanların qədim zamanlardan bəri stresi azaltmaq, depressiyadan çıxmaq və yuxunu yaxşılaşdırmaq  məqsədi ilə bəzi bitkilərin ətirlərindən istifadə etdiklərini yeni araşdırmaları nəticəsində bildirilib.

Həmçinin  ruh və bədən sağlamlığını yaxşılaşdırmaq məqsədi ilə ətirli bitki yağlarının istifadə edildiyi Aromaterapi seansları son illərdə alternativ tibb üsulları arasinda olduqca məşhurdur.

Bildiyimizə görə, ətir bir xatirə daşıyıcısıdır. Sitrus meyvələrinin ətri xoşbəxtlik ovqatı yaradır, nanə soyuqluq və sərinlik gətirir. Bəzən yüksək konsentrasiyada olan bir ətir xoşa gəlməyə bilər. Gözəl ətirləri özündə cəmləyən çəmənlik mehi xoş təsir bağışlayır, ancaq eyni bitkilərdən hazırlanan ağır bir ətir narahat edə bilər.  Ətirlər, həmçinin  qəbul edilən qida haqqında ilk informasiya daşıyıcılarıdır. Məsələn, cəfəri görünüş cəhətdən zəhərli baldırğana çox bənzəyir, lakin qoxusu tamamilə fərqlidir.

Ətir seçərkən, onu hansı fəsildə istifadə edəcəyinizi unutmayın. Yadda saxlayın ki,ətirlər isti kimi, soyuqdan da qorxurlar. Adətən isti iqlimdə ətirlər sürətlə yayılır, ağır qoxular isə xüsusən güclənir və daha kəskin olur. Ona görə də yay ətirləri daha yüngül olmalıdır. Daha yüngül, yaşıllıq, meyvə və su vurğulu, sitrus, meyvə və okean, çiçək qoxulu ətirlərdən istifadə etmək tövsiyə olunur.

Qışda iybilmə hissi zəifləyir, bundan başqa, quru və soyuq havada qoxular zəifləyir. Ona görə də qış dövründə daha intensiv, ağır qoxulu ətirlər almaq məsləhət görülür.

Bir çox insan bütün həyatını daim arzuladığı ətir axtarışında keçirir. Fransız ətriyyatçısı Romano Ricci ətirlərin köməkliyi ilə kişiləri cəlbetmənin yollarını açıqlayıb: “Mən düşünürəm ki, hər bir qadının müxtəlif cəhətləri var. Bunu göstər müəmmalı ol. Bir görüşə incə və məsum ətir vuraraq get, növbəti görüşə isə hissiyyatlı və cəzbedici parfüm seç. Bu çox maraqlıdır və insanı həyəcanlandırır.”

Samirə Tağıyeva, “İki sahil”