13 iyun 2019 20:49
1171

Finlandiya QHT-si Şimali Koreyada fəaliyyətini dayandırıb

Finlandiya qeyri-hökumət təşkilatı olan “Fida İnternational” beynəlxalq sanksiyaların yaratdığı məhdudiyyətlər səbəbindən Koreya Xalq Demokratik Respublikasındakı (KXDR) humanitar layihələrini dayandırmağı qərara alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə "Yonhap" agentliyi təşkilata istinadla məlumat yayıb. Bildirilir ki, 20 ilə yaxındır KXDR-də humanitar işlərlə, əsasən ərzaq təhlükəsizliyi və səhiyyə layihələri ilə məşğul olan "Fida" ilin sonunadək bu ölkədəki fəaliyyətinə yekun vuracaq.

Təşkilatın icraçı direktoru Harri Hakola Şimali Koreyaya tətbiq olunan beynəlxalq sanksiyaların yaratdığı vəziyyətin "Fida"nın bu ölkədə fəaliyyətinin davam etdirməyə imkan vermədiyini bildirib.

Sanksiyaların təşkilatın KXDR ilə bağlı beynəlxalq bank əməliyyatlarına mənfi təsir göstərdiyini vurğulayan icraçı direktor deyib: “Şimali Koreyada yardıma böyük ehtiyac olduğu halda oranı tərk etməyimiz çox çətin qərar oldu”.

Qeyd edək ki, Finlandiya hökuməti 2001-ci ildən "Fida" vasitəsi ilə Şimali Koreyadakı humanitar layihələrə vəsait ayırır. Cari il ayrılan vəsait 300 min avro olub. "Fida"nın qərarı Şimali Koreyada ərzaq çatışmazlığı və Afrika donuz qripinin yayılması ilə bağlı narahatlığın çoxaldığı dövrə təsadüf edir. Dünya Ərzaq Proqramının və BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) bu yaxınlarda dərc olunan hesabatında deyilir ki, ötən il KXDR-də məhsul yığımı 2008-ci ildən sonra ən aşağı səviyyəyə düşüb. Ölkə əhalisinin təxminən 40 faizinin (10 milyon nəfər) ərzaq yardımlarına ehtiyacı var.