13 iyun 2019 10:46
1536

Fransadan ermənilərə daha bir ağır zərbə

Bu ölkənin məhkəmələri qondarma “dostluq xartiyaları”nı ləğv etməklə Azərbaycanın ərazi bütövlüyünə hüquqi dəstək verirlər

Ölkəmiz üçün daha bir geosiyasi əhəmiyyətli hadisə baş verib. Belə ki, Ermənistan mətbuatının da yazdığı kimi, Fransanın Qrenobl Şəhər Məhkəməsi qondarma “Dağlıq Qarabağ Respublikası” rejimi ilə bağlanan daha dörd “Dostluq Xartiyası”nı ləğv edib. Bu, artıq işğalçı Ermənistana və qondarma “DQR”-ə növbəti zərbədir.

Xatırladaq ki, bir müddət əvvəl, yəni iyunun 4-də Fransanın Val d’Oise Departamentinin İnzibati Məhkəməsi Arnuvil şəhəri ilə Dağlıq Qarabağdakı erməni separatçıları arasında imzalanan “Dostluq Xartiyası”nı ləğv edib. Bu saxta sənəd Fransanın Arnuvil şəhəri ilə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Xocavənd rayonunun Şeher yaşayış məntəqəsi arasında imzalanmışdı.

Təbii ki, bu ləğvetmələr Azərbaycanın işğal edilmiş torpaqlarında formalaşdırılmış qondarma qurumla həmrəylik nümayiş etdirmək naminə bitərəflik prinsiplərinə qəsdən məhəl qoymamaq yolunu seçən Fransanın yolunu azmış bəzi yerli seçkili və bir sıra yerli hakimiyyət orqanları rəsmilərinin sonunu gətirəcək hüquqi presedentdir.

Cergy-Pontoise İnzibati Məhkəməsi, istərsə də Qrenobl Şəhər məhkəməsi Fransanın beynəlxalq öhdəliklərinə hörmət etmir” və “Dövlətin müstəsna səlahiyyəti olan Fransanın xarici siyasətinə qarşı çıxır” arqumentlərini rəhbər tutaraq, sözügedən “xartiya”ları ləğv edib.  Xatırlatmaq lazımdır ki, 20 dekabr 1993-cü ildə Fransa ilə Azərbaycan arasında imzalanmış “Dostluq, anlaşma və əməkdaşlıq haqqında müqavilə”nin 2-ci maddəsində tərəflər beynəlxalq təhlükəsizliyin təmin edilməsi, münaqişələrin qarşısının alınması, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn rəhbər tutulması, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmaması prinsipinə hörmət edilməsi naminə səylərini birləşdirəcəklərinə dair üzərilərinə öhdəliklər götürüblər.

 Fransanın beynəlxalq öhdəliklərinə uyğun olaraq ilk növbədə vurğulamaq lazımdır ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə hörməti təsdiq edən, Azərbaycanın işğal edilmiş bütün ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş qətnamələr rəsmi Paris tərəfindən dəstəklənib.

Bundan başqa, Fransanın son addımları bir daha sübut etdi ki, suveren dövlətin milli birliyini və ərazi bütövlüyünü pozmaq məqsədi daşıyan, eyni zamanda, qovma və ya etnik təmizləmə həyata keçirməklə bir araya sığmadığı yenidən təsdiqlənmiş “xalqların öz müqəddəratını təyinetmə hüququ”ndan istifadəyə icazə verməyən beynəlxalq hüququn prinsiplərinə hörmət etmək lazımdır. Eyni zamanda  işğal olunmuş ərazilərdən zorla qovulmuş yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını tələb edən insan hüquqları prinsipinə və beynəlxalq humanitar hüququn prinsiplərinə hörmət edilməli, onlar öz yurdlarına, evlərinə geri qaytarılmalı, kəndlər və şəhərlər ən qısa zamanda bərpa edilməlidir. Söhbət tarixən Azərbaycan torpaqları olan Dağlıq Qarabağdan on minlərlə, həmçinin  əvvəlcə indi Ermənistan adlandırılan tarixi Qərbi Azərbaycan torpaqlarından, 1992-1993-cü illərdə isə işğal edilmiş Dağlıq Qarabağın ətrafındakı yeddi rayondan qovulmuş bir milyondan çox azərbaycanlılardan gedir.

Bu şərtlər altında seçkili və ya yerli hakimiyyət orqanları tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış və Fransa tərəfindən tanınmayan qeyri-qanuni separatçı qurum olan qondarma “Dağlıq Qarabağ Respublikası”nı təmsil edən yerli orqanlarla “dostluq xartiya”larının imzalanması Fransanın beynəlxalq fəaliyyətinin ardıcıllığını ciddi şəkildə sarsıdır və xalqlar arasında qarşılıqlı anlaşmanın təməlini, o cümlədən beynəlxalq diplomatik münasibətlərin müsbət  inkişafını zərbə altında qoyur.

1997-ci ilin yanvarından bəri ABŞ və Rusiya ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın öhdəlikləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllinin tapılmasını təşviq edir və “qanunsuz xartiya”ların ləğvinə dair Fransa hökumətinin ciddi mövqeyi təkcə Ermənistan və Azərbaycanda deyil, eləcə də Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyə təhdid olan, uzun müddət davam edən bu çıxılmaz vəziyyəti irəli apara bilər.

Əslində, bu günədək işğalçı Ermənistan mövcud status-kvonu legitimləşdirmək üçün mütəmadi olaraq planlı şəkildə müxtəlif təxribatlara əl atıb. Onlardan biri də erməni lobbisinin güclü olduğu ölkələrdə bu imkanlardan istifadə etməklə işğal etdikləri Azərbaycan torpaqlarında yerləşən inzibati əraziləri həmin ölkənin müvafiq əraziləri ilə siyasi-hüquqi əlaqələrin qurulmasına çalışmaqdır.

Təbii ki, bu uğurların başqa mühüm tərəfləri də var. Bu, onun yeni hüquqi presedent yaratmasıdır. Yəni Fransa məhkəmələrinin öz qərarlarını imzalanmış sənədin qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmayan və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması ilə əsaslandırmaları bu hüquqi presedentin digər bənzər hallara da şamil edilməsi təcrübəsini yaradır. Artıq bu, digər ermənipərəst icmalara və şəhər meriyalarına dərs oldu. Bundan sonra nəinki  Fransada, hətta digər Avropa Birliyi ölkələrində də bənzər hadisələr baş verərsə, bu, artıq hüquqi pozğunluq sayılacaq və presedent kimi qəbul ediləcək.

Əslində Fransa məhkəmələrinin bu ədalətli qərarları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya sonuncu səfərindən sonra reallaşdı. Bu bir daha göstərir ki, Fransa siyasi dairələrinin və ədliyyəsinin Azərbaycanın haqlı mövqeyini müdafiə etmələri üçün burada geniş siyasi fəallıq hökm sürüb. Azərbaycan tərəfi bununla bir daha Fransa hökumətinin diqqətinə çatdırıb ki, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı hər hansı hərəkət  yolverilməzdir.

Bu hadisələr bir daha göstərir ki, münaqişənin ədalətli həlli yalnız region ölkələrinin deyil, Fransa da daxil olmaqla avropalı tərəfdaşların da marağındadır.

Elçin Zaman, “İki sahil”