22 yanvar 2020 17:12
1219

Gənclər Aytən Hüseynovanı dəstəkləyəcəklərini bildiriblər

VI çağırış Milli Məclisə növbədənkənar  seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 29 saylı Səbail seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Aytən Hüseynova rayon gəncləri ilə görüşüb.

Görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahı Səbail rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Şəmsəddin Hacıyev son illər, xüsusilə 2018-ci ildən etibarən Azərbaycanın ictimai, iqtisadi, humanitar, sosial həyatının istisnasız olaraq bütün sahələrində, hakimiyyətin bütün qollarında, o cümlədən hakimiyyətin icraedici, məhkəmə-hüquq və qanunverici qollarında əsaslı islahatların, institusional və struktur dəyişikliklərinin həyata keçirilməsi, ixtisaslı kadrların yenilənməsi, savadlı, yaradıcı, geniş dünyagörüşlü gənclərin irəli çəkilməsi, xüsusilə YAP-ın sıralarında fəal ictimai-siyasi fəaliyyətləri ilə fərqlənən gənclərə göstərilən yüksək etimad və gənclərin özünüinkişafının dəstəklənməsi haqqında danışıb.

Bu seçkilərdə YAP namizədləri sırasında qadınların və gənclərin xüsusi çəkisinin yüksək olduğunu diqqətə çatdıran sədr parlamentdə təmsil olunacaq gənclərin ölkəmizdə islahatların daha sürətli, daha uğurlu və genişmiqyaslı şəkildə aparılmasına müsbət mənada ciddi təsir göstərəcəyinə əminliyini ifadə edib.

Gəncləri seçkilərdə maksimum fəal olmağa çağıran 29 saylı Səbail seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Aytən Hüseynovanın səlahiyyətli nümayəndəsi, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin qərargah üzvü və partiyanın rayon təşkilatının aparat rəhbəri Zəfər Bayramov Hüseynova Aytən Arif qızının tərcümeyi-halı və partiya sıralarındakı ictimai-siyasi fəaliyyəti haqqında gənc seçicilərə geniş məlumat verib.

Çıxış edən deputatlığa namizəd Aytən Hüseynova YAP-ın bu seçkilərdə gənclərə göstərdiyi yüksək etimad haqqında danışaraq partiyanın bu etimadının deputatlığa gənc namizədlər üçün eyni zamanda, yüksək məsuliyyət və əvəzolunmaz təcrübə olduğunu qeyd edib. YAP tərəfindən irəli sürülən 123 nəfər deputatlığa namizəd arasında 18 nəfər gəncin olduğunu diqqətə çatdıran YAP namizədi bildirdi ki, təşviqat prosesində bu gənclər sınanacaq, bilik və bacarıqlarını nümayiş etdirəcəklər. A.Hüseynova vurğulayıb ki, seçiləcəyi təqdirdə özü üçün doğma rayon olan Səbail rayonunda görəcəyi işlər YAP-ın daha güclü Azərbaycan naminə növbəti 5 il üçün müəyyənləşdirdiyi 10 sosial-iqtisadi inkişaf hədəfi çərçivəsində müəyyənləşəcək. Bu işlərin reallaşması üçün Səbail gənclərini bir daha ölkə Prezidentinin siyasəti ətrafında sıx birləşməyə çağıran A.Hüseynova hər kəsi 9 fevral günü seçki məntəqələrinə gəlməyə, səsvermə hüququndan istifadə etməyə və daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verməyə dəvət edib.

Tədbirdə YAP Səbail rayon təşkilatı Gənclər Birliyi sədrinin müavinləri Fuad Heydərli və Vüsal Əhmədov, rayon GB-nin İdarə Heyətinin üzvü Aytəkin Hacıyeva, gənc fəal, Energetika Nazirliyinin əməkdaşı Vüqar Cabbarov və Qərbi Kaspi Universitetinin tələbəsi İlkin Həsənov çıxış ediblər. Natiqlər Səbail rayonu gənclərinin hər zaman bütün ictimai-siyasi proseslərdə öncül rolunu qeyd edərək YAP-ın indiyədək bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də qələbə qazanacağına əminliklərini ifadə ediblər. 

Yüksək əhval-ruhiyyə ilə keçən tədbirdə səbailli gənclər yekdilliklə YAP-ın namizədi Aytən Hüseynovanı dəstəkləyəcəklərini bildiriblər.