24 yanvar 2019 11:52
4826

Güclü və zərif qadın

Zəriflik danışıq tərzində, yerişdə, hətta səsdə belə özünü göstərir. O, ən xırda təfərrüatlarda, hərəkətlərdə və xoş təbəssümdə gizlənib.

Zərifliyi dərk edin

İşlərin çoxluğundan biz tez-tez qollarımızı çırmalayıb ora-bura qaçmalı oluruq və ya metroda ən sərt baxış müsabiqəsinin iştirakçısı kimi otururuq. Niyə belə olur? Çünki öz üz ifadəmizi unuduruq, nəticədə də inanılmaz dərəcədə qaşqabaqlı görünürük.

Eleqant qadın isə hər saniyənin qədrini bilir və özünü dərk edir. Bu, onun həyat tərzidir. O, özünü gülümsəməyə məcbur etmir, daim xoş görünməyə can atmır, amma öz obrazı barədə də unutmur. Özü də nəinki insanların çox olduğu, hətta tək olduğu yerlərdə də onlar hərəkətlərinə və üz ifadəsinə nəzarət edirlər. Səbəbi isə başqa cür özünü rahat hiss edə bilməməsidir. Onu da yadda saxlayın ki, qadının üz ifadəsi geyimindən daha vacib hesab olunur.

İncəliyi vərdişə çevirin

Üz ifadəsini unutmayın, yerişinizə diqqət edin, qamətinizi düz saxlayın, hərəkətlərdə isə rəvanlıq hissi olmalıdır. Qulağınızda sırğa edin ki, zərifliyi öyrənmək və onu inkişaf etdirmək mümkündür. Bu, səhər saat yeddidə durub işə getmək və ya hər axşam dincəlmək üçün gəzintiyə çıxmaq kimidir.

O özünü sevməyi bacarır

Güclü qadın heç kimə ehtiyac duymadan özünü sakitləşdirməyi, səssizliyi dinləməyi bacarır və saatlarla telefonun ekranına baxmaq əvəzinə özü üçün faydalı ola biləcək işlərlə məşğul ola bilir. O, özünü çox yormur. Belə qadın özünü sevir.

Onların başqalarının xoşbəxtliyi naminə və ya işdə uğur əldə edə bilmək üçün özünə əzab vermək kimi vərdişləri yoxdur. Çünki o, yaxşı başa düşür ki, sakit və dinc qadın həm şəxsi həyatında, həm də işində daha çox uğur əldə edə bilir və onda hər şey alınır. O, ətrafına məhəbbət və müsbət enerji yayır, itirdiyi enerjini vaxtında və artıqlaması ilə bərpa edə bilir.

Onu özündən çıxarmaq mümkün deyil

Güclü qadın hər problemi özünə dərd etmir, istənilən vəziyyətdə zarafat etməyi bacarır, taleyin zərbələrini qəbul etmir və onların qarşısında özünü itirmir. Axı həyat çox qısadır... Tale bütün insanları həyatın hansısa mərhələsində əzablarla sınağa çəkir, amma bütün qüvvənizi onlara sərf etsəniz, çox tez tükənərsiniz. İlk növbədə mənəvi rahatlığınız haqqında düşünün, onu heç nəyə dəyişməyin.

Diqqət mərkəzində olmaqdan qorxmur

Gözəl qadın nadir hallarda diqqətdən kənarda qalır. O, öz ünvanına səslənən təriflər, xoş sözləri, eləcə də heyranlıq dolu baxışları böyük məmnuniyyətlə qəbul edə bilir. O, ulduz xəstəliyinə tutulmur, özünü yaxşı tanıyır. Diqqət mərkəzində olmaq onu qorxutmur, nə xoş sözlərdən utanıb yersiz təvazökarlıq etmir, nə də o xoş sözlər onu dəyişib tamam başqa birinə çevirmir. O, sadəcə, təşəkkür etməklə kifayətlənir və necə davranmalı olduğunu bilir. Çünki insanın özünə hörmət etməsi, özünü qiymətləndirməsi, öz dəyərini bilməsi vacibdir.

O öz bədənində özünü rahat hiss edir

Əgər sizə də elə gəlirsə ki, qadın incə belli və gözəl əndamlı olmalıdır, onda bu mənasız fikri birdəfəlik unudun. Fikir vermisinizsə, kök qadınlar da eleqantlığı ilə seçilə bilir və çox şirin görünür. Amma yalnız o halda ki, onlar özlərini aldatmır və özlərini olduğu kimi qəbul edə bilir. Onlar arıq görünmək üçün ancaq qara paltarlar geyinmir, dar geyimləri  zorla əyninə keçirmir. Dolu bədənli olmaq qəbahət deyil, özünüzü müasir dəbin çərçivəsinə salmağa çalışmayın.

O, qaydalara görə deyil, vəziyyətə uyğun hərəkət edir

Qadını yalnız dikdaban ayaqqabıların cəlbedici göstərdiyinə, müvəffəqiyyətin əsas sirrinin isə gur və uzun saçlar olduğuna və s. bu kimi cəfəngiyatlara inanıb özünüzü çərçivələrə salmayın. Özünəinamlı qadın istənilən halda cəlbedici görünə bilər. Əgər saçlarınızın təmiz olduğundan əminsinzisə, onda rahatlıqla onu açıq qoya bilərsiniz. Dikdaban ayaqqabılarda gəzə bilmirsinizsə, özünüzə əziyyət verməyin və öz gözəlliyinizi  ağ-qara rənglərlə boğmayın.

Röya Rasimqızı