03 iyun 2020 11:59
1058

Hicran Hüseynova: Dövlət uşaqların hərtərəfli və sağlam inkişafına xüsusi önəm verir

“Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında ölkə Prezidenti cənab İlham Əliyev Sərəncam imzalayıb. Uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Dövlət uşaq siyasəti ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı və diqqəti nəticəsində daha da gücləndirilmişdir. Cənab Prezidentin indiki dövrdə-pandemiya dövründə bu sahəyə xüsusi diqqəti, belə bir Strategiyanın imzalanması dövlətin uşaqlara dair məsələlərə, onların hərtərəfli və sağlam inkişafına nə qədər önəm verməsinin göstəricisidir. Qeyd etmək istəyirəm ki, bu sənəd Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020:Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının müvafiq bəndinə əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmışdır.”

Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova  bildirib.

Komitə sədri vurğulayıb ki, Strategiyanın məqsədi ölkədə uşaq müdafiəsi sisteminin Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə və BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın prinsiplərinə tam uyğunlaşdırılmasından, Azərbaycan Respublikasının ərazisində bütün uşaqlar üçün bərabər imkanların yaradılmasından, onların ən ümdə maraqlarının qorunmasından, dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarının daha səmərəli müdafiəsindən, onlar üçün müasir standartlara malik sosial dəstək xidmətlərinin təmin edilməsindən ibarətdir: “Sənəddə uşaqlarla bağlı ölkədə qəbul edilmiş qanunlar, ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalar və dövlət proqramlarının uşaq hüquqlarının müdafiəsində əhəmiyyəti vurğulanır. Strategiyada dövlət uşaq siyasətinin başlıca prinsipləri kimi uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması qeyd olunub.”

H.Hüseynova sənəddə çətin həyat şəraitində olan uşaqlara son illərdə dövlətin qayğı və dəstəyi daha da artırılnın, sağlamlıq imkanları məhdud olan, valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi gücləndirildiyinin, onların təhsil imkanları genişləndirildiyinin qeyd olunduğunu da vurğulayıb: “Bununla yanaşı, sənəddə qeyd edilir ki, çətin həyat şəraitində olan uşaqların müdafiəsi istiqamətində daha səmərəli tədbirlər görülməsinə, onların cəmiyyətə inteqrasiyası sahəsində qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasına və çevik prosedurların müəyyənləşdirilməsinə ehtiyac vardır. Sənəddə ümumilikdə uşaq məsələləri ilə bağlı həyata keçirilmiş tədbirlər təhlil edilir.”

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri bildirib ki, Strategiyada 5 prioritet istiqamət müəyyən edilib: “Strategiyanın icrası nəticəsində uşaq hüquqlarının müdafiəsi ilə bağlı çevik institusional mexanizmin formalaşacaq, erkən yaş dövründə uşaqların əqli, fiziki və psixoloji inkişafı təmin ediləcək, xüsusi qayğıya ehtiyacı olan uşaqlar daha keyfiyyətli təhsil, səhiyyə və sosial xidmətlərlə əhatə olunacaq, çətin həyat şəraitində olan ailə və uşaqların müdafiəsi daha da gücləndiriləcək, uşaqların istedadlarının və bacarıqlarının inkişaf etdirilməsi, onların milli-mənəvi ruhda tərbiyə edilməsi istiqamətində tədbirlərin səmərəliliyi artacaq. Strategiyanın həyata keçirilməsi 2020–2025-ci və 2026–2030-cu illəri əhatə edən iki fəaliyyət planının reallaşması ilə təmin edilir. Fəaliyyət planlarını Azərbaycan Respublikasının Prezidenti təsdiq edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti Strategiyanın icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim edir.”

Orxan Vahidoğlu, “İki sahil”