23 sentyabr 2020 18:09
1144

İki çıxış, bir məntiq: Prezident İlham Əliyevin BMT-nin tribunasından Ermənistana «nida» mesajı

Qoşulmama Hərəkatının sədri və Azərbaycanın dövlət başçısı kimi dünya siyasətinin aktual problemlərini təhlil edən  Prezidentimiz  120 ölkəni  təmsil etmək məsuliyyətini  şəxsi keyfiyyəti,  müdriklik və cəsarəti ilə doğrultdu 

 

BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclası Azərbaycan üçün  əvvəlkilərdən fərqli və müzakirə olunan məsələlər baxımından daha  yaddaqalan oldu. Videoformatda keçirilən, 182 ölkənin dövlət və hökumət başçılarının iştirak etdikləri bu iclasda  Prezident İlham Əliyevin  çıxış edənlər arasında sayca altıncı olmasının özü Azərbaycana beynəlxalq səviyyədə  göstərilən hörmət və etimadın  təsdiqi idi. Bu iclasın  ölkəmiz üçün digər  əhəmiyyətli cəhəti  cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri kimi  iki hissə üzrə çıxış etməsi idi.

2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş XVIII Zirvə toplantısında sədrliyi öz üzərinə götürən,  Azərbaycanın dövlət başçısı kimi  qurumun adından çıxış edən Prezident  İlham Əliyevin dünya xalqlarının «ümumi evi» sayılan   BMT-nin yubileyinə həsr olunmuş iclasındakı  çıxışı bir neçə cəhətdən xarakterik idi.  Qoşulmama Hərəkatına üzv dövlətlərin adından çıxış edərək dünya xalqlarını beynəlxalq terrorizmə qarşı birgə mübarizəyə çağıran Prezident İlham Əliyev  ümumi bəla olan pandemiyaya qarşı mübarizə ilə bağlı ölkəmizdə  görülən işlərdən də bəhs etdi. Qoşulmama Hərəkatına sədrliyi müddətində  beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi istiqamətində  əməli addımlar atılacağını bəyan edən Prezident İlham Əliyevin   COVID-19 -a qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması  təşəbbüsü dəstəkləndi. Videoformatda  Zirvə görüşünün keçirilməsi və təşəbbüsün 130 ölkə tərəfindən dəstəklənməsi ölkəmizin  bəşəri dəyərlərə bağlılığının nümunəsi idi. Beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində xidmətləri olan  Hərəkata üzv dövlətlərin pandemiyaya qarşı birgə mübarizəsinə həsr olunmuş həmin görüşdə  BMT-nin rolunun gücləndirilməsi  qlobal həmrəyliyin nümunəsi kimi  
 dəyərləndirildi. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində yardım edən və   30-dan çox ölkəyə humanitar və maliyyə dəstəyi  göstərən Azərbaycan yenə də  humanizmə sadiqliyini bildirdi.

Adından da göründüyü kimi  Yüksək Səviyyəli İclasda  bütün ölkələrin qarşılaşdığı qlobal məsələ və çağırışların müzakirəsinin keçirilməsi, insan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşayiət olunan silahlı münaqişələrdən söz açılması planetimizin  qorunmasının ümumbəşəri vəzifə olduğunu göstərdi.  Bildirildi ki, terror, mütəşəkkil cinayətkarlıq və ekstremizm  kimi təhlükələrə qarşı mübarizə bəşəriyyətin qorunması baxımından zəruridir.
BMT-nin yaranmasının 75-ci,  Qoşulmama Hərəkatının təməl prinsiplərini əks etdirən Bandunq Bəyannaməsinin qəbul edilməsinin 65 illiyinin qeyd olunduğu ilə təsadüf edən Yüksək Səviyyəli İclas  bu baxımdan daha əlamətdar hadisə kimi yaddaşlarda qaldı.

 Belə  mötəbər məclisdə  Hərəkata üzv dövlətlər  adından danışmaq məsuliyyətini məntiqli çıxışı ilə doğruldan  Prezident İlham Əliyev  dövlət başçısı  və 120 dövlətin birləşdiyi qurumun sədri kimi günümüzün  əsas problemlərini   diqqətə çatdırdı.   Beynəlxalq səviyyədə qəbul olunmuş protokol qaydasına görə  ayrılmış vaxt ərzində dünyanın siyasi müstəvisində  aktuallığı ilə seçilən   problemləri diqqətə çatdırmaq, həlli üçün faydalı təkliflər verib təşəbbüslər irəli sürmək  məsuliyyətini qısa, aydın,  məntiqli çıxışı ilə doğruldan  Prezident  İlham Əliyev bir daha  liderlik qətiyyətini göstərdi.

 Hər iki çıxışında  beynəlxalq aləmdə  ən böyük nüfuza malik BMT-nin, Baş Assambleyanın canlandırılması, Təhlükəsizlik Şurasında islahatların aparılması çağırışını səsləndirən Prezident İlham Əliyev   beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında daha çox məsuliyyət daşıyan BMT-nin  qəbul etdiyi qətnamələri  müdafiə edən  orqana çevrilməsinin zamanının çatdığını bildirdi: «BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır və beləliklə də dayanıqlı inkişafa nail olunması məqsədilə qlobal iqtisadi idarəçiliyi əhatə etmək iqtidarındadır. Bu səbəbdən BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir. Qlobal iqtisadi idarəçilikdə müvafiq rolu oynamaq üçün təşkilat çərçivəsindəki proseslərə, multilateralizmə və onun təməl dəyərlərinə sadiqlik baxımından bütün üzvlərin siyasi iradəsi olduqca əhəmiyyətlidir.»

Ən böyük bəla olan  ikili standartlardan qaynaqlanan, beynəlxalq hüququ sarsıdan, birtərəflilik və birtərəfli tədbirlərdən istifadə kimi zərərli yanaşmaların  yaratdığı narahatlıqları diqqətə çatdıran cənab İlham Əliyev ədalətli, bərabərhüquqlu dünya nizamının və qlobal demokratik idarəçiliyin yaradılması üçün BMT-nin Nizamnaməsinə və beynəlxalq hüquqa ciddi riayət olunmasını diqqətə çatdırdı. Sülh və inkişafa dair mürəkkəb çağırışların  əks olunduğu   sənədlərdən irəli gələn tələblərə  əməl edilməsinin vacibliyini bildirdi.
 Azərbaycan Respublikasının Prezidenti kimi çıxış edən cənab İlham Əliyev  əsasən Ermənistanın  Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğalı ilə bağlı  yaranan vəziyyətdən bəhs etdi.  BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə etinasızlıq göstərən Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdi.    Bütün dünya ictimaiyyətinə bəllidir ki, Ermənistan  işğal etdiyi Azərbaycan torpaqlarında  azərbaycanlılara  qarşı etnik təmizləmə siyasəti  aparıb. Nəticədə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.  Xocalı soyqırımını törədən ermənilər qanunsuz məskunlaşdırma siyasətini bu gün də davam etdirirlər. İşğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edən Ermənistan  qoşunların təmas xəttinə  və Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazidə  yerləşən yaşayış məntəqələrindəki  azərbaycanlı mülki əhalini bilərəkdən  hədəfə  alır və təxribatlar törədir. Ermənistanın  iyul ayında Ermənistan-Azərbaycan sərhədində törətdiyi təxribatı, həmin hadisə zamanı həlak olan mülki vətəndaşın ölümünü, təmas xəttini keçməyə cəhd edən və Azərbaycan hərbçiləri tərəfindən yaxalanan Ermənistanın diversiya dəstəsinin başçısının azərbaycanlı hərbçilər və mülki vətəndaşlara qarşı terror aktlarının törədilməsi ilə bağlı planlarını etiraf etməsini xatırladan dövlət başçımız  işğala son qoyulmasını, ədalət prinsiplərinin qorunmasını tələb etdi. Bildirdi ki,  Ermənistanın baş nazirinin  sülh naminə aparılan  danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozması, «Qarabağ Ermənistandır» kimi sərsəm bəyanatlar səsləndirməsi, əsassız şərtlər irəli sürməsi işğalçının beynəlxalq hüquq normalarına məhəl qoymamasını göstərir. Ermənistanın «əlavə torpaqların işğalı ilə bağlı» sərsəmləmələri, mülki ermənilərdən ibarət  könüllür dəstəsi yaratması işğalçının təcavüzkar siyasətini  davam etdirdiyini göstərir. «Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında «Azərbaycanofobiya»” siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və «Azərbaycanofob”» fikirlər əks olunub» sözləri ilə Ermənistanın mənfur niyyətini , faşizmə sədaqətini diqqətə çatdıran Prezident İlham Əliyev mötəbər tribunadan bildirdi ki,   təcavüzkar ritorika və təxribatlar Ermənistanın dövlət siyasətinin əsas prinsipləridir. Bu baxımdan təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir. Ermənistandan fərqli olaraq mültikulturalizmi təbliğ edən,  «Bakı Prosesi»ni formalaşdırmaqla ” İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv dövlətləri bir araya gətirən Azərbaycan  mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi tanınmışdır. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Azərbaycanda keçirilməsi, Birinci  Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə  təşkili də Azərbaycanın mədəniyyətlərarası dialoqa mühüm töhfəsidir. Fundamental hüquqların, dini etiqad azadlığının qorunduğu,   Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmiş Azərbaycan qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdəndir. «2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda yer almış «Dayanıqlı İnkişaf Hədəfləri» İndeksi”nə görə Azərbaycan 166 ölkə arasında 54-cü yerdədir.

 İşğalçı, terroru, faşizmi  dövlət səviyəsində dəstəkləyən Ermənistandan fərqli olaraq Azərbaycanı dünya birliyində belə uğurlara imza atan qüdrətli ölkə kimi tanıdan Prezident İlham Əliyevin  BMT-nin Yüksək Səviyyəli  İclasındakı çıxışı liderin dövlət idarəetmə bacarığının, uğurlara nail olmaq üçün əsas şərt olan siyasi sabit ölkə, sağlam cəmiyyət formalaşdırmaq qabiliyyətinin  ifadəsi idi. Cənab İlham Əliyev  ən yüksək tribunadan   qüdrətli Azərbaycanın inkişaf modelini, liderlik məharətinin  mənzərəsini yaratdı.

 BMT-nin videoformatda keçirilənYüksək Səviyyəli İclasında hər iki çıxışı ilə  diqqət çəkən Prezident İlham Əliyev hədəfə hesablanmış, məntiqə əsaslanan fakt və arqumentləri ilə  Azərbaycanın dünya birliyində  möhkəmlənən mövqeyini  növbəti dəfə təsdiqlədi. Liderlik üçün vacib şərt olan  mahiyyəti, şəraiti vaxtında dəyərləndirmək fürsətindən  ağılın, hücüm  diplomatiyasının vəhdəti, qüdrəti ilə istifadə etdi.  Cəsarəti müdrikliklə birləşdirdi. Analitik düşünmə bacarığını  120 dövləti təmsil etmək məsuliyyəti ilə  təsdiqlədi.  Rəvan nitqi ilə diqqəti çəkdi. Ən başlıcası isə  «Qarabağ Ermənistandır nöqtə» söyləyən Ermənistanın başsız baş naziri Paşinyana dünya dövlətlərinin  döyünən ürəyi olan BMT-nin  tribunasından «Qarabağ Azərbaycandır nida» mesajını xatırlatdı.

 BMT-nin yubiley sessiyasının yaddaqalan məqamlarından biri də  Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın  Ermənistana  «ağlını başına yığ» xəbərdarlığını ifadə edən « Biz BMT və ATƏT-in qətnamələrinə uyğun olaraq Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmət edərək, regionda  münaqişələrin, xüsusilə, Dağlıq Qarabağdakı münaqişələrin tezliklə aradan qaldırılmasının tərəfdarıyıq» sözləri oldu. Bu sözlər Türkiyə-Azərbaycan  qardaşlığının ən yüksək tribunadan səslənən ifadəsi idi.

Xuraman İsmayılqızı, «İki sahil»