28 sentyabr 2020 17:49
2049

İrəli Azərbaycan əsgəri, qələbə səninlədir!

BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində təşkilatın 75 illik ybileyinə həsr olunmuş Yüksək Səviyyəli  İclasda  Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı ilə  bağlı qətnamələrə əməl etməyən Ermənistanın təcavüzkarlıq siyasətinin  davam etdiyini ən yüksək tribunadan səsləndirən Prezident  İlham Əliyev vurğuladı ki, Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti  həyata keçirmiş, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, erməni quldurları   Xocalı soyqırımını törətmiş,  işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv etmişlər.  Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur,  əsassız şərtlər irəli sürür.  Mənfur nasist general Qaregin Njdenin milli qəhrəmana çevrildiyi Ermənistanda «Azərbaycanofobiya»” siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistanın təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul etməsi   işğalçının müharibəyə hazırlığının sübutudur.  Avropa İttifaqının Cənubi Qafqaz üzrə  xüsusi nümayəndəsi Toivo Klaari ilə görüşündə «Bu, Ermənistanın təcavüzkar davranışının davam etməsini aydın nümayiş etdirir. İyulda hücumların məqsədi, dediyim kimi, əsasən Azərbaycanın yeni ərazilərini işğal etmək və sonra danışıqlar masasında daha güclü mövqeyə malik olmaq idi. İkinci səbəb Ermənistan əhalisinin diqqətini daxili problem və çətinliklərdən yayındırmaq idi» söyləyən Prezident İlham Əliyev bildirir ki,  Ermənistanın müdafiə naziri Birləşmiş Ştatlarında olarkən  demişdir ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə başlayacaq. «Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir» söyləyən Prezident İlham Əliyevin sözlərini  sentyabrın 27-də cəbhəboyu hücuma keçən Ermənistan  növbəti təxribatları ilə təsdiqlədi.   Qoşunların təmas xətti boyunca mülki əhalini bilərəkdən hədəfə alan Ermənistanın təxribatları nəticəsində  hərbçilər və  mülki əhali arasında  həlak olanlar var.

Cəbhə bölgəsində yaranan vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirən və xalqa müraciət edən Prezident İlham Əliyevin bildirdiyi kimi, planlaşdırılmış bu təxribat  faşist  Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini,  mahiyyətini bütün dünyaya göstərir. 

Bir neçə istiqamətdən müxtəlif növ silahlardan,  ağır artilleriyadan  mövqelərimizi, yaşayış məntəqələrimizi, kəndlərimizi atəşə tutan  Ermənistan dövlət siyasətinin əsasını təşkil edən faşizmə, terrora sadiqliyini göstərir. Çünki  dinc əhaliyə qarşı belə qəddarlıq ancaq faşist xislətli  dövlətlərə məxsusdur.

Güclü ordumuzun apardığı uğurlu əks- əməliyyat nəticəsində düşmən xeyli canlı qüvvə və  hərbi texnika itirərək geri oturdulub.  Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi, strateji əhəmiyyətli  yüksəkliklər  işğaldan azad edilmiş, düşmənə ağır zərbələr vurulmuşdur. Azərbaycanın Milli Ordusunun uğurlu döyüş əməliyyatları  Silahlı Qüvvələrimizin   2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul ayında düşmənə verdiyi dərsin davamıdır.

Prezident İlham Əliyevin «Mən müxtəlif dövrlərdə dəfələrlə demişəm ki, bizə bu məsələnin, bu münaqişənin yarımçıq həlli lazım deyil. Biz öz torpağımızdayıq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verən deyilik» sözlərindən ruhlanan Milli Ordumuzun qəhrəman əsgərləri torpaqlarımızın hər qarışı uğrunda mübarizə  apararaq, qələbə naminə  düşmənə gözdağı verirlər. « Ayaq basdığın yeri torpaq deyib keçmə , onu tanı» müdrik kəlamının hikmətinə sığınan Azərbaycan əsgəri  işğaldan azad etdiyi torpaqlarımız uğrunda ölməyə hazır olduğunu  bildirir.

İyul hadisələrində  Azərbaycan Ordusu ilə birlik , həmrəylik  aksiyası keçirən,  müsəlləh əsgər kimi  düşmənə layiq olduğu cavabı verməyə hazır olduğunu bildirən, könüllü olaraq  torpaqlarımızın düşməndən azad olunması uğrunda döyüşlərdə iştirak etmək istəyən gənclərimizin mübarizlik ruhu ön cəbhədə döyüşən əsgərlərimizin  əzmini daha da artırır. 

Bu günlərdə ölkəmizdə həqiqi mənada milli birlik və həmrəylik   hiss olunur.  Əlli siyasi partiyanın bu həmrəyliyə qoşulması göstərir ki,  Vətən amili  ortaya gələndə  şəxsi mənafelər arxa  planda yer alır. Ancaq həmişə olduğu kimi, təkcə iqtidara deyil, xalqa  müxalifliyini  taleyüklü, milli məsələlərin həll olunduğu belə  məqamda da bildirən   Müsavat və  AXCP yenə də mənfur niyyətlərini bildirdilər.
 Dağlıq Qarabağ münaqişəsinin yaranmasının əsas səbəbkarlarından olan  AXC- Müsavat  iqtidarı dövründə baş verənləri diqqətə çatdıran Prezident İlham Əliyevin vurğuladığ kimi  Qarabağ torpaqlarının itirilməsinin səbəbkarı Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyasıdır: «Məhz onların dövründə torpaqlarımız işğal altına düşüb. Onların xəyanətkar, yarıtmaz fəaliyyəti nəticəsində biz bu torpaqları itirmişik. Mən həmişə deyirdim ki, biz müvəqqəti itirmişik, biz bu torpaqlara qayıtmalıyıq. Şuşanın satılması sırf o vaxt hakimiyyət uğrunda gedən mübarizənin nəticəsində baş vermişdir. Kəlbəcərin, Laçının işğal altına düşməsi Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin birbaşa məsuliyyətidir. Məhz bu işğaldan sonra demək olar ki, növbəti işğal da qaçılmaz oldu. Çünki Laçının, Kəlbəcərin, Şuşanın işğal altına düşməsi Dağlıq Qarabağ ilə Ermənistan arasında coğrafi bağlantı yaratmışdır. Belə olan halda əlbəttə ki, o bölgələrə, Dağlıq Qarabağa silah təchizatı, ondan sonra digər maddi resursların təchizatı asanlaşmışdır.» Döyüşlərdə bu ləkəni qanı ilə yuyan Milli Ordumuzun əsgərləri şücaətləri ilə təsdiqlədilər ki, torpaqlarımız uğrunda tökülən qanlar xalqı birliyə, həmrəyliyə çağırır, şəhidlərimiz  qəhrəmanlıqları ilə Vətəni qorumağın şərəfli vəzifə olduğunu  bildirirlər. 

2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edən ordumuzun əsgərləri  xilaskarlıq missiyasını davam etdirirlər. Azərbaycan Ordusu əks-hücum əməliyyatı nəticəsində  ön xətti yarılan düşmənin nəzarəti altında olan  Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdurrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndləri, Murovdağın  strateji yüksəklikləri  işğaldan azad edildi.

Dağlıq Qarabağ münaqişəsi başlanan gündən Azərbaycanın ərazi bütövlüyünü  tanıdıqlarını bəyanatları ilə bildirən Türkiyə ilə   Pakistan yenə də  xalqımızla həmrəyliklərini  ifadə edirlər.  Ermənistanın törətdiyi təxribatlar nəticəsində   yaranmış vəziyyətlə əlaqədar beynəlxalq təşkilatlara ünvanlanan məlumatlarda  diqqətə çatdırılır ki,   Azərbaycan  ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verilməyəcək. Erməni əsgəri ölmək istəmirsə Azərbaycan torpaqlarından rədd olsun.  Prezident, Ali Baş Komandan İlham Əliyevin «Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!» sözləri Azərbaycan əsgərinin mübarizlik, gənclərimizin vətənpərvərlik  ruhunu artırır. İrəli Azərbaycan əsgəri, qələbə sənindir!

Xuraman İsmayılqızı, «İki sahil»