İkisahil.TV-nin bugünkü qonağı Milli Məclisin deputatı Vüqar Bayramovdur
- Azərbaycanın 20 faizə yaxın ərazisinin 27 ildən çox işğal altında qalması həmin torpaqlarımızın iqtisadi potensialından istifadəsinə imkan verməyib. Bəs işğaldan azad olunan ərazilərin iqtisadi potensialı nədən ibarətdir?
- İşğaldan azad edilən ərazilərimizin kifayət qədər böyük iqtisadi potensialı var. Həmin torpaqlar kənd təsərrüfatının inkişafı baxımından vacib ərazilər hesab olunur. İşğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal və təbii ehtiyatlar və məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının 8 dəfəyədək artacağı proqnozlaşdırılır. Burada məqsəd aqrar sektorun inkişafı, təşviqedici tədbirlərin həyata keçirilməsinə nail olmaqdan ibarətdir. Füzuli rayonu işğaldan əvvəl kifayət qədər böyük aqrar və sənaye potensialına malik rayon idi. Həm üzüm, həm taxıl, həm də pambıq istehsalına görə 80-ci illərdə respublikanın öndə gedən rayonlarından idi. Eyni tendensiya Cəbrayıl və Zəngilan rayonlarında da müşahidə edilirdi”. Bu ərazilərin əksər torpaqları məhsuldardır. Eyni zamanda, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları da məhsuldar torpaqlara malikdir. Düşünürəm ki, bu torpaqların məhsuldarlığını bərpa etmək mümkündür və ediləcək. Artıq Kənd Təsərrüfatı Nazirliyi qiymətləndirmələr aparır. İşğaldan azad olunan rayonlar növbəti mərhələdə Azərbaycan iqtisadiyyatına, xüsusən də ölkənin ərzaq təminatına və ərzaq təhlükəsizliyinin formalaşmasına xüsusi töhfə verəcək. Azərbaycanda meşə zolağının 25 faizi işğal altında olmuş torpaqların payına düşür, su ehtiyatlarımız təxminən yarıya qədəri həmin ərazidədir. Eyni zamanda həmin ərazilərdə kənd təsərrüfatı üçün faydalı torpaq sahələri var. Torpaqlarımızın işğaldan azad olunması sonrakı mərhələdə kənd təsərrüfatı məhsullarının artmasına, ölkədə ərzaq təhlükəsizliyinin güclənməsinə, o cümlədən Azərbaycanın qeyri-neft ixracatının artmasına müsbət təsir göstərəcək”.
- İşğal olunmuş ərazilər vaxtilə Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədərini təmin edirdi. Pandemiya və ardınca da müharibə xərcləri ilə üzəşmiş ölkənin iqtisadi durumunu nəzərə alsaq təxminən neçə ilə kənd təsərrüfatını qaydaya salmaq mümkündür?
- Azərbaycanın maliyyə durumu bərpa prosesinə imkan verir. Burada bir neçə məqama xüsusi toxunmaq lazımdır. Əvvəla, büdcədə infrastruktur və investisiya xərcləri olur, həmin xərclərin bir hissəsi bərpa işlərinə yönəldilləcək. İkincisi, bərpa prosesi mərhələli şəkildə olacaq. Bundan başqa, özəl sektor da bu işə sərmayə qoyacaq. Qeyd etdiyim kimi, proses mərhələli şəkildə həyata keçiriləcək. İndidən hansı müddəti əhatə edəcəyini söyləmək çətindir. Nəzərə alsaq ki, həmin ərazilər tamamilə dağıdılıb və qiymətləndirmə gedir, işlər başladıqdan sonra konkret zaman söyləmək mümkün olacaq. İşğaldan azad edilmiş ərazilərimizdə infrastruktur və kənd təsərrüfatı, sənayə müəssisələrinin qurulması yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Bu rayonlarda əhalinin sayı kiyafət qədərdir. Məsələn, Füzuli rayonunun 150 min, Ağdamın 200 min əhalisi var. Eyni zamanda, apardığımız sorğulara əsasən, o ərazilərdən məcburi köçkün düşmüş vətəndaşlarımızın böyük hissəsi bərpa işlərindən sonra öz doğma torpaqlarına qayıtmaq istəyirlər. Onlar üçün yeni iş yerlərinin yaradılması vacibdir. Qeyd edim ki, aqrar sahədə torpağın məhsuldarlığının artırılması, əkin sahələrinin salınması üçün kənd təsərrüfatı üzrə ixtisaslı kadrlara ehtiyac var. Digər tərəfdən, birbaşa kənd təsərrüfatında işləyəcək və inşaatda çalışacaq xeyli sayda işçi qüvvəsinə ehtiyac yaranacaq. Dövlət strukturlarının şöbələri açılacaq, eyni zamanda, özəl şirkətlərin də bu ərazilərdə öz nümayəndəliklərini açacağı gözlənilir. Bu baxımdan işğaldan azad olunacaq ərazilərimizin bərpası kifayət qədər iş yerlərinin yaranmasına səbəb olacaq. Bu da həmin bölgələrdə yaşayan və oraya qayıdacaq vətəndaşlarımızın işlə təminatı baxımından çox vacibdir. 2016-cı ilin aprelində hərbi qələbədən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Böyük Qayıdışın başlanğıc nöqtəsi oldu. Dövlətin diqqət və qayğısı nəticəsində Cocuq Mərcanlı kəndi qısa müddətdə müasir və abad bir yaşayış məntəqəsinə çevrilib. Artıq Tərtər rayonunun yenicə azad olunan Suqovuşan və Talış kəndlərinə gedən 29 kilometrlik avtomobil yollarının bərpası başlayır. Bir sözlə, Azərbaycan torpaqlara qayıtdıqca həyat da canlanır. Bunun üçün ilk növbədə azad olunmuş ərazilərin minalardan təmizlənməsi və digər zərərsizləşdirmə tədbirləri görülür, daha sonra kommunikasiyalar qurulur və nəhayət yaşayış və istehsal təmin edilir.
- İşğaldan azad edilən ərazilərdə torpağı yenidən məhsuldar hala gətirmək və kənd təsərrüfatını inkişaf etdirmək üçün xarici investorları cəlb etmək olarmı?
- Buraya beynəlxalq qurumların da cəlb edilməsi gözlənilir. Digər ölkələrin praktikası göstərir ki, belə hallarda beynəlxalq təşkilatlar da müharibədən sonrakı bərpa prosesində iştiraka maraq göstərirlər. Bərpa prosesində qanunvericiliyə uyğun olaraq tenderlər keçiriləcək və şirkətlər cəlb ediləcək. Biz həm xarici, həm də yerli investorların cəlb edilməsi üçün güzəştli vergi sisteminin tətbiqini təklif edirik. Vergi dərəcələrinin müəyyən müddət üçün aşağı salınması və həmin ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün faizsiz kreditlərə çıxış imkanının yaradılması bu prosesdə effektiv addımlardan ola bilər. Güman edirəm ki, həmin ərazilərdə investisiya mühitinin yaxşılaşdırılması Azərbaycan üçün prioritetdir və bu da daha güzəştli şərtlərlə xarici investorların cəlb edilməsinə imkan verəcək. Artıq dost ölkələrlə bu əməkdaşlıq müzakirə olunur. Hələ ki buraya Türkiyə və İtaliya daxildir. Qarabağın kənd və şəhərlərinin ermənilər tərəfindən vəhşicəsinə darmadağın edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: «Biz yenidənqurma işləri ilə bağlı ilk addımlar atmışıq. İlk müqavilələr artıq bağlanıb və dediyim kimi, biz işğaldan azad olunan ərazilərdə dost ölkələrdən olan şirkətlərlə çalışacağıq. İlk müqavilələr türk şirkətləri ilə bağlanılıb və bu da təbiidir, çünki Türkiyə qardaş ölkədir»”. Prezident ümidvar olduğunu bildirib ki, növbəti müqavilələr italyan şirkətləri ilə imzalanacaq. «Bu da təbiidir. Çünki İtaliya Azərbaycanın yaxın dostudur. Ölkələrimiz arasında çoxillik diplomatik münasibətlərin mövcudluğu dövründə və xüsusilə də müharibə zamanı biz sizin mövqeyinizin şahidi olduq. Ölkənizin parlament nümayəndələrinin müharibənin başa çatmasından bir aydan az vaxt keçməmiş Azərbaycana səfəri bizim güclü dostluq münasibətlərimizi nümayiş etdirir.»
- Azad olunmuş ərazilərdəki təbii sərvətlər ölkə iqtisadiyyatına nə dərəcədə təsir edəcək?
- İşğaldan azad olunmuş ərazilərin kifayət qədər böyük iqtisadi potensialı var. Nəzərə alaq ki, birinci mərhələdə ərazilərin minadan təmizlənməsi, daha sonra bərpası həyata keçiriləcək. Təbii ki, növbəti mərhələdə həmin ərazilərin iqtisadi töhfəsi özünü göstərəcək”. Bu ərazilərin təbii sərvətləri kifayət qədər boldur. Xüsusən də Zəngilan, Kəlbəcər və Laçın rayonlarını qeyd edə bilərəm. Qızıl ehtiyatlarına görə Kəlbəcər ilk, Zəngilan isə ikinci sıradadır. Bəzi qiymətləndirmələrə görə, yalnız Kəlbəcərdə Ermənistan şirkətləri 300 milyon dollarlıq qızıl hasil edərək dünya bazarına çıxarıblar. Bundan başqa, hər iki rayonda mis və dəmir ehtiyatları var. Demək olar ki, bütün azad edilmiş ərazilərimizdə inşaat materiallarının istehsalı üçün xammal mövcuddur. Bütün bunlar imkan verəcək ki, həmin təbii ehtiyatlardan xüsusilə sənaye müəssisələrinin qurulmasında istifadə olunsun. Bu, həm yeni iş yerlərinin yaradılmasına, həm də Azərbaycanda ümumidaxili məhsulun artımına təminat verəcək. Bunlar qeyri-neft sektorunda istehsalın artımı baxımından da vacibdir. İşğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən 5 qızıl, 6 civə, 2 mis, bir qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, bir soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, bir perlit, bir obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və sair) yataqları yerləşir. Bu ərazilər dəmir filizi daxil olmaqla, tikinti materialları ilə zəngindir. Təbii ki, bunlar məhz həmin bölgələrin iqtisadi baxımdan əhəmiyyətini göstərən faktorlardan biridir. Eyni zamanda, gələcəkdə işğaldan azad olunacaq ərazilər turizm potensialına malikdir. Bu rayonlarda daxili və gəlmə turizm imkanları kifayət qədər böyükdür. Bu, imkan verəcək ki, turizim potensialını inkişaf etdirmək mümkün olsun”.
- Naxçıvan Muxtar Respublikasına birbaşa yolun açılması ölkə iqtisadiyyatı üçün hansı imkanları yaradacaq?
- Naxçıvana quru dəhlizin açılması mühüm tarixi nailiyyətdir. Məhz Azərbaycan Prezidentinin təkidi ilə ölkəmizin qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında əvvəllər nəzərdə tutulmayan nəqliyyat əlaqəsi yaradılacaq. Bununla da Naxçıvan həm mühasirədən çıxarılır, həm də yeni nəqliyyat damarı yaradılır. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə Ermənistan da bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər. Bu, həm iqtisadi, həm də nəqliyyat əlaqəsinin yaradılması baxımından vacibdir. Nəzərə alsaq ki, Naxçıvanda bir çox məhsul istehsal olunur, bu, onların həm Azərbaycanın daxili bazarına, həm də dünya bazarlarına quru və eləcə də ucuz yolla çıxarılması, Azərbaycan üzərindən beynəlxalq yükdaşımanın həcminin artması və ölkəmizin bu sahədə də gəlir əldə etməsi deməkdir.
Şəmsiyyə Əliqızı, «İki sahil»