Sağlam qidalanma insan həyatının əsas şərtlərindən sayılır və xəstəliklərə qarşı bədənin müqavimətini artırır. Dietoloqların fikrincə, insanın gündəlik qida rasionu balanslı olmalı və özündə kifayət qədər zülal, karbohidrat və yağları birləşdirməlidir.
Son günlərin ən aktual mövzularından biri də koronavirusdan qoruma yollarının axtarılması, hansı qidaların viruslara qarşı dözümlülük yaratması barədədir. Artıq heç kimə sirr deyil ki, immuniteti zəif, ağciyər, ürək-damar, böyrək çatışmazlığı və digər xroniki xəstəliyi olan insanlar arasında COVID-19 virusuna yoluxma riski daha yüksəkdir.
Bəs koronavirus pandemiyası dövründə orqanizmdə müqaviməti artırmaq, viruslardan qorunmaq üçün hansı qidalar qəbul olunmalıdır?
İlk növbədə immun sistemini gücləndirmək üçün qida rasionuna virus əleyhinə xüsusiyyətlərə malik məhsullar və ədviyyatlar daxil etmək lazımdır. Bura kokos yağı, çiy sarımsaq, soğan və digər fermentasiya olunmuş məhsullar, hindquşu əti, yunan qozu, nar, yaşıl çay, alma sirkəsi və başqaları daxildir. Fermentasiya olunmuş qida məhsullarındakı probiyotiklər çox güclü immunitet artırıcıdır.
C vitamini deposu olaraq qəbul olunan portağal, qreyfurt, limon, narıngi meyvələrinin suyunu içmək deyil, özünü yemək lazımdır. Bu meyvələr immun sisteminin güclənməsi üçün ən faydalı qidalar sayılır. Nar immun sisteminin ən yaxşı dostlarından biridir. Suyunu içmək yerinə orta büyüklükdə olan narı yemək həm qripdən qoruyur, həm də həzm prosesini yaxşılaşdırır.
Zəncəfil də hər cür infeksiyadan qorumağa qadir olan maddələrlə zəngindir. Zəncəfildən dəmləmə - çay kimi, yaxud da ədviyyat şəklində yararlanmaq olar. Viruslardan qoruyan ən faydalı qidalardan biri də turpdur. Eləcə də bütün rəngli meyvə və tərəvəzlər antioksidantlarla zəngindir, onlar immun sistemini zəiflədən sərbəst radikalları məhv edir. Hər rəng fərqli antioksidant xüsusiyyətə malikdir. Buna görə təkcə koronavirusdan qorunmaq istədikdə yox, hər gün rəngarəng qidalar yemək vacibdir.
Yaşıl yarpaqlı göyərtilər - cəfəri, vəzəri, ispanaq həm B kompleks vitaminləri, həm də C və E vitaminləri ilə zəngindir. İmmun sisteminin güclü olması üçün hər dəfə onlardan istifadə tövsiyə olunur.
Dietoloqlar orqanizmi viruslardan qoruyan qidalar sırasında balıq, təbii qatıq, kefir, qoz, badam, fındıq və yumurtanın vacib olduğunu vurğulayırlar.
Fiziki cəhətdən aktivlik, eləcə də idman hərəkətləri bakteriya və viruslarla qidalanan ağ qan hüceyrələri olan makrofaqların ifrazını stimullaşdırır. Ağ qan hüceyrələrini mikroblara qarşı mübarizə aparan “əsgərlər” adlandırırlar. Amma intensiv fiziki hərəkətlər immuniteti müvəqqəti olaraq, aşağı sala bilər. Ona görə ifrata varılmamalıdır.
Təsdiq olunub ki, qanda şəkər səviyyəsinin qorunması immun sisteminin fəaliyyətini yaxşılaşdırır. Orqanizmin su balansının qorunması da vacib şərtlərdən hesab olunur. Qazlı və ya şəkərli içkilər qətiyyən olmaz. Bu, bir neçə saat ərzində immun sisteminin fəaliyyətini ləngidə bilər.
Orqanizmin bakteriya və viruslara, eləcə də COVID-19 xəstəliyinə qarşı davamlı olması üçün immun sisteminin güclü olması olduqca vacibdir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, güclü immun sistemi hüceyrələri, orqanizmə daxil olan mikroorqanizmləri asanlıqla fərqləndirir və dərhal müvafiq cavab reaksiyası formalaşdıraraq onları məhv edir.
N.Muğanlı, “İki sahil”