31 oktyabr 2026 11:00
273

Milli birliyimizin sarsılmaz dayağı...

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın mədəniyyətlərarası münasibətlər sahəsindəki təcrübəsinin beynəlxalq müstəvidə təqdimatı baxımından mühüm əhəmiyyət daşıyıb. “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunan tədbirdə Prezident İlham Əliyevin çıxışı iştirakçıların və beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Dövlət başçısı Azərbaycanın əsrlər boyu Asiya ilə Avropa arasında mədəniyyət körpüsü rolunu oynadığını vurğulayıb, bu sahədə əldə olunan təcrübənin əhəmiyyətini önə çəkib. Prezident, həmçinin forum çərçivəsində Azərbaycanla əməkdaşlıq edən tərəfdaşlara, xüsusilə BMT-nin Sivilizasiyalar Alyansına minnətdarlığını ifadə edib.

Azərbaycanın mədəniyyətlərarası dialoq təcrübəsinə toxunan Prezident İlham Əliyev ölkəmizdə müxtəlif xalqları birləşdirən əsas amillərdən birinin azərbaycançılıq ideologiyası olduğunu bildirib. Dövlət başçısının sözlərinə görə, bu ideologiya cəmiyyətdə birlik və ahəngdarlığın qorunmasına xidmət edir. O, tariximizin ən çətin mərhələlərində belə Azərbaycanda yaşayan müxtəlif millətlərin, etnik qrupların və dini icmaların nümayəndələri arasında həmrəyliyin, qarşılıqlı hörmətin və anlaşmanın yüksək səviyyədə olduğunu qeyd edib. Ermənistanın hərbi təcavüzünə son qoyulması və ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizədə xalqımızın vahid mövqedən çıxış etməsi də bu birliyin ifadəsi olub. Həmin dövrdə xalqımız ədalətin müdafiəsi və ərazi bütövlüyümüzün bərpası naminə Qələbəmizin rəmzi olan “Dəmir yumruq” ətrafında birləşib.

Azərbaycançılıq milli dövlətçiliyin ideoloji dayağına çevrildi

Azərbaycanda milli həmrəyliyin möhkəmlənməsi, müxtəlif xalqların vahid dövlətçilik ideyası ətrafında birləşməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyin ilk illərində ölkənin qarşısında duran əsas məsələlərdən biri cəmiyyətdə birliyi təmin etmək, milli dövlətçilik düşüncəsini gücləndirmək və insanları ortaq məqsədlər ətrafında səfərbər etmək idi. Heydər Əliyev bu vəzifənin həllində azərbaycançılıq ideologiyasına əsaslandı və onu dövlətin gələcəyini müəyyənləşdirən mühüm ideoloji dayağa çevirdi. Ulu Öndər üçün azərbaycançılıq yalnız milli kimlik məsələsi deyildi. Bu məfkurə Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə, ərazi bütövlüyünə və ümumi gələcəyinə bağlılığı ifadə edirdi.

Ulu Öndər Heydər Əliyevin bu sahədəki tarixi xidmətlərindən biri azərbaycançılıq ideyasını sistemli dövlətçilik konsepsiyası səviyyəsinə yüksəltməsi oldu. Azərbaycan dilinin, tarixinin, ədəbiyyatının, mədəniyyətinin və milli-mənəvi dəyərlərinin qorunması ilə yanaşı, ölkədə yaşayan bütün xalqların birliyinin təmin edilməsi həmin ideologiyanın əsas istiqamətlərini təşkil edirdi. Ulu Öndər milli kimliyin qorunmasını digər xalqların dilinə, dininə və mədəniyyətinə hörmət prinsipi ilə uzlaşdırırdı. Belə yanaşma ölkəmizdə tarixən formalaşmış birgəyaşayış ənənələrinin qorunmasına və möhkəmlənməsinə şərait yaratdı. Azərbaycançılıq zamanla yalnız ölkə daxilində deyil, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı da birləşdirən ümumi ideyaya çevrildi.

Milli kimlikdən dünya azərbaycanlılarını birləşdirən ideyaya

Ulu Öndər milli birliyin möhkəm təməlinin milli-mənəvi dəyərlərə bağlılıqdan keçdiyini yaxşı anlayırdı. Buna görə də Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin gücləndirilməsi, tariximizin, ədəbiyyatımızın və mədəni irsimizin qorunması onun fəaliyyətində xüsusi yer tuturdu. Bu istiqamətdə atılan addımlar xalqın milli özünüdərk prosesinə, tarixi yaddaşın qorunmasına və gələcək nəsillərin öz köklərinə bağlı yetişməsinə xidmət edirdi. Eyni zamanda, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların Vətənlə əlaqələrinin möhkəmləndirilməsi də azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri idi. Beləliklə, bu ideya ölkə sərhədlərini aşaraq dünya azərbaycanlılarının milli birlik düşüncəsinin əsasına çevrildi.

Tarixi ideya müasir dövlətçilikdə yeni məzmun qazanır

Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi və ideoloji xətt bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun davam etdirilir. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması, tarixi-mədəni irsə sahib çıxılması və cəmiyyətdə həmrəyliyin gücləndirilməsi bu siyasətin əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi fikirlər də azərbaycançılıq ideologiyasının cəmiyyət həyatındakı rolunu bir daha gündəmə gətirir. Müxtəlif millətlərin və dini icmaların nümayəndələrinin ümumi məqsəd ətrafında birləşməsi, ən çətin sınaqlar zamanı qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməsi bu ideologiyanın praktik təzahürüdür. Vətən müharibəsi dövründə xalqımızın “Dəmir yumruq” ətrafında birləşməsi isə milli birliyin dövlətçilik tariximizdəki əhəmiyyətini bir daha nümayiş etdirdi.

Nigar Orucova, “İki sahil”