16 may 2020 09:15
413

Misirdə 1 günə 399 nəfər koronavirusa yoluxub

Misirdə son sutka ərzində COVID-19 virusuna 399 yoluxma halı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, Misirin Səhiyyə Nazirliyinin məlumatında ölkədə koronavirusa yoluxanların ümumi sayının 11 min 228 nəfərə çatdığı qeyd olunur. Koronavirusa yeni yoluxanların 6 nəfəri məhkəmə hakimi və prokurordur. Misirdə 15 gün əvvəl karantin rejiminin yumşaldılması ilə əlaqədar məhkəmələrin fəaliyyəti bərpa olunub və bu səbəbdən yoluxma halları artıb.

Məlumatda mayın15-də COVID-19 virusundan 21 nəfərin öldüyü, həyatını itirənlərin ümumi sayının 592 nəfərə çatdığı bildirilib. Əlavə edilib ki, son sutka ərzində xəstəlikdən 173 nəfər sağalıb, ümumilikdə isə ölkədə fəaliyyət göstərən 17 karantin xəstəxanasında 2 min 799 pasiyent tam müalicə olunub.