17 sentyabr 2019 11:58
943

Muxtar respublikanın xüsusi təyinatlı tədris müəssisəsində ilk dərs ilinə başlanılıb

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində ilk dərs ilinə başlanılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni oxunduqdan sonra Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov yeni dərs ilinin və məktəbdə ilk dərs gününün başlanması münasibətilə kollektivi Naxçıvan Muxtar Respublikası Ali Məclisi və nazirliyin şəxsi heyəti adından təbrik edib.

Bildirilib ki, Ali Məclis Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə yaradılan məktəb muxtar respublikada yeni təhsil müəssisəsidir və daxili işlər orqanlarının ixtisaslı kadrlarla təminatına öz töhfəsini verəcək. Məktəb üçün müasir tələblərə cavab verən kompleksin inşa olunduğunu diqqətə çatdıran nazir bildirib ki, kompleks tədrisin yüksək səviyyədə təşkilinə imkan verəcək.

Kursantların yaradılan şəraitdən səmərəli istifadə etmələrinin vacibliyini vurğulayan Fazil Ələkbərov deyib ki, Orta İxtisas Polis Məktəbinə qəbul üçün 150 nəfər müraciət edib. Onların 105-i imtahanlara buraxılıb, 25 nəfər məktəbdə oxumaq imkanı qazanıb. Tədris müddəti 2 il olan məktəbi bitirdikdən sonra məzunlara polis kiçik leytenantı rütbəsi veriləcək, onlar muxtar respublikanın daxili işlər orqanlarında zabit kimi xidmətə başlayacaqlar.

Nazir Ali Məclisin Sədrinə yaradılmış şəraitə görə kollektiv adından minnətdarlığını ifadə edib. Əminliyini bildirib ki, məktəb qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün üzərinə düşən tapşırıqları layiqincə yerinə yetirəcək, yaradılan şəraitə əməli işi ilə cavab verəcək.

Kursantlar adından çıxış edən Tural Səfərli onlara göstərilən diqqət və qayğı, yaradılan şərait müqabilində yaxşı təhsil alacaqlarını, fəaliyyət göstərəcəkləri dövrdə nümunəvi xidmət edəcəklərini bildirib.

Sonra Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində kursantların andiçmə mərasimi keçirilib, onlar polis andını qəbul etdikdən sonra muzeyin eksponatları ilə yaxından tanış olublar.