29 oktyabr 2020 18:26
880

Müzəffər ordumuz müasir dövrün yeni döyüş ənənəsini formalaşdırır

Mütəxəssislər minimum canlı qüvvə itkisi, maksimum səviyyədə hərbi texnoloji yeniliklərdən yararlanmağın ordumuzun əməliyyatlar tarixində yeni səhifə açdığını vurğulayırlar

“Müasir dünyada hüququn gücü deyil, gücün hüququ işləyir və güclüsənsə haqlısan məntiqi hökm sürür”, - deyən Prezident İlham Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək ordu quruculuğu məsələlərini prioritet sahə kimi müəyyən etmiş və bu istiqamətdə möhtəşəm addımların atılmasını təmin etmişdir. Olkəmizin büdcə zərfində müdafiə xərcləri hər zaman üstün mövqeyə malik olmuşdur. Stokholm Beynəlxalq Sülh Problemlərinin Tədqiqi İnstitutunun 2019-cu il hesabatına görə, Azərbaycan ÜDM-də hərbi xərcləri 4 faiz və ondan çox olan 10 dövlət sırasında yer almışdır. Təsadüfi deyildir ki, 2019-cu ildə Azərbaycanın hərbi büdcəsi 1,85 milyard dollar olmaqla Ermənistanın anoloji büdcəsini təxminən 3 dəfə (650 milyon dollar) üstələmişdir. 2019-cu ilin göstəricilərinə əsasən, dünyanın ən güclü orduları sırasında Azərbaycan 52-ci, Ermənistan isə 96-cı mövqedə olmuşdur. Hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yeri tutmuşdur. Dəniz gücü üzrə isə Azərbaycan 67-ci yerdə, Ermənistan isə dəniz ölkəsi olmadığından bu sahədə imkanları sıfra bərabər hesab olunmuşdur. Tank gücü üzrə isə Azərbaycan 32-ci, Ermənistan isə 2 dəfədən də aşağı göstəriciyə (78) malik olmuşdur. Fərq göz qabağındadır. Əlavə şərhə ehtiyac yoxdur.

Ölkəmizdə qısa zaman ərzində 20-dən artıq hərbi zavodun işə salınması və müasir hərbi-sənaye kompleksinin formalaşması tarixi nailiyyət hesab olunmalıdır. 5-ci nəsil silahların dünyanın aparıcı silah ixracatçılarından alınması və bu sahədə də uğurlu şaxələndirmə siyasətinin tətbiq edilməsi ölkəmizə təkcə hərbi deyil, həm də siyasi dividentlər gətirmişdir. Bundan əlavə, Prezident, Ali Baş Komandan İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələri Azərbaycan Ordusunu silah və sursatla fasiləsiz iş rejimində təmin edir. Nazirliyin mütəxəssisləri hərbçilərlə birlikdə yeni tipli silah və döyüş sursatlarının real döyüş şəraitində sınaqlarını keçirirlər. Müdafiə Sənayesi Nazirliyinin müəssisələri artıq yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” Pilotsuz Uçuş Aparatlarının seriyalı istehsalına başlayıblar. Ali Baş Komandan İlham Əliyevin tarixə düşən bu ifadəsi PUA-ların qanadları üzərinə yazılıb. Hazırda “İti qovan” PUA-ları Azərbaycan Ordusunun istifadəsindədir.

Məlum olduğu kimi, sentyabrın 27-dən başlayaraq qısa müddətdə hərb meydanında əldə olunan möhtəşəm uğurların, döyüş bölgəsindəki tarixi qələbələrin əsasında Prezident İlham Əliyevin rəhbərliyi və uzun illər ərzində gərgin zəhməti ilə formalaşmış, ən son texnoloji silahlarla təchiz edilmiş müasir ordu dayanır. Qafqazın lider ölkəsi statusunu qazanan Azərbaycan son döyüşlərdə peşəkar və güclü ordusu ilə hər kəsi təəccübləndirir. Müzəffər ordumuz Vətən Müharibəsində müasir dövrün döyüş ənənəsini formalaşdırır. Azərbaycan XI əsrdə müharibənin necə aparılmalı olduğunu bütün dünyaya nümayiş etdirir. Belə ki, Ordumuzun yeni müharibə strategiyası əsgərlərimizin həyatının daha çox qorunmasına hesablanıb. Bu unikal missiya döyüş gedən ərazilərdə işğaldan azadetmə əməliyyatlarının effektivliyini birə-beş artırır.

Hazırda hər birimiz torpaqlarımızın azad olunması ilə tarixi anlara şahidlik edirik. Siyasi və hərbi ekspertlər də azadetmə əməliyyatlarında tətbiq edilən hücum taktikaları, müasir texnologiyalardan qüsursuz istifadə və insan amilinin ən ali səviyyədə düşünülməsini təqdir edirlər. Azərbaycan Ordusunun müasir döyüş strategiyasına hərbi aləmdə yeni təcrübə kimi yanaşılır, bu sahədə ölkəmizin imza atdığı standartlar nümunə göstərilir. Təkcə bir məqamı xatırladaq ki, Belarus, Ukrayna və Rusiyadan olan hərbi ekspertlərin təhlilləri Ordumuzun əməliyyatlar tarixində yeni səhifə açdığını təsdiqləyir. Mütəxəssislər minimum canlı qüvvə itkisi, maksimum səviyyədə hərbi texnoloji yeniliklərdən yararlanmağın son otuz ilin heç bir müharibəsində tətbiq edilmədiyini vurğulayırlar. Bu isə Azərbaycanda indiyədək ordu quruculuğunun və Silahlı Qüvvələrin silahlanmasının qürussuz şəkildə həyata keçirildiyini göstərir.

Bu günlər rəşadətli Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz Qələbə salnaməsini yazır. Cənab Prezident demişdir: “Azərbaycan ordusu Ermənistana onların layiq olduğu yeri göstərir. Azərbaycan Ordusunun qarşısında diz çökən erməni ordusu artıq məğlubiyyətlə barışmalıdır. Hər gün Azərbaycan bayrağı işğaldan azad olmuş yeni yaşayış məntəqələrində ucalır. Ermənistanın faşist ordusu ilə təkbaşına vuruşan Azərbaycan əsgəri düşmən ordusuna dərs verir. Erməni mifləri dağılır və yalanları ifşa olunur”.

Ali Baş Komandanın güclü iradəsi və qətiyyəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi də Vətən müharibəsində Azərbaycanın tam qələbəsini təmin edən həlledici amillərdəndir. O qələbə ki, şəhidlərimizin ruhunu şad edəcək, o qələbə ki, Şuşamızı, Xankəndimizi və işğal altındakı digər ərazilərimizi tezliklə öz əbədi sahibinə-Azərbaycan xalqına qaytaracaqdır. Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan!

Sevinc Azadi, “İki sahil”