25 sentyabr 2020 17:28
884

Narçılıq: Hədəf məhsuldarlığı artırmaqdır

Dövlətimizin başçısı tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur. Aqrar sahənin, o cümlədən narçılığın inkişafı üçün dövlətimiz tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, subsidiyalar verilir. Göstərilən çoxşaxəli dövlət dəstəyi tədbirləri nəticəsində aqrar sahədə davamlı inkişaf təmin edilib.

Azərbaycanda narçılıq zəngin tarixi ənənəyə və böyük potensiala malikdir. Respublikada müxtəlif meyvə bitkilərinin becərilməsi üçün əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, bu sahənin yüksək iqtisadi səmərəliliyi və ixrac potensialının olması meyvəçiliyin, həmçinin narçılığın inkişaf etdirilməsini zəruri edir. Ölkə Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən son illərdə aqrar sahədə ixracyönümlü məhsulların istehsalının təşviqi istiqamətində həyata keçirilən tədbirlər ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına səbəb olub, bölgələrdə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına etibarlı zəmin yaranıb.

Azərbaycan nar müxtəlifliyi və nar sortlarının miqdarına görə dünyada birinci yerdədir. Respublikada "Çəhrayı gülöyşə", "Bala Mürsəl", "Azərbaycan gülöyşəsi", "Nazik qabıq", "Vələs", "İri gilə" və s. nar sortları becərilir. Çox sevindirici haldır ki, aqrar sahənin bütün sahələrində olduğu kimi, narçılıqda da inkişaf müşahidə edilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahə iqtisadiyyatın prioritet sahələrindən biri elan edilib. Ölkənin ərzaq təhlükəsizliyini təmin etmək, aqrar sahədə davamlı inkişafa nail olmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin qarşısında məhsuldarlığı artırmaq, ixrac potensialını gücləndirmək, məşğulluğu daha da genişləndirmək vəzifələri dayanır. Qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə Kənd Təsərrüfatı Nazirliyi aqrar sektorun müxtəlif sahələri üzrə ixtisaslaşmış assosiasiyalar, emal müəssisələri və fermerlərlə müxtəlif formatlı görüşlər keçirir.

Bu ggünlərdə Kənd Təsərrüfatı naziri İnam Kərimov Göyçayda Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə narçılıq sahəsində mövcud vəziyyətə dair onlayn videokonfrans keçirib. İnam Kərimov videokonfransda nar və nar məhsullarının ixrac potensialının yüksək olduğunu, dövlətin bu sahənin inkişafı üçün davamlı dəstək tədbirləri gördüyünü, subsidiyalar ayırdığını deyib. Bildirib ki, hazırda narçılığın inkişafı ilə əlaqədar qarşıda duran əsas vəzifələr məhsulun keyfiyyətini və orta məhsuldarlıq göstəricilərini artırmaqdır.

Azərbaycanda narçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Hazırda ölkədə nar bağlarının əkin sahəsi 22,9 min hektara çatıb. Mövcud nar bağlarının 21,1 min hektarı bar verən yaşdadır. Nar bağlarının 56 faizi Göyçay, Kürdəmir, Ağsu, Ucar və Sabirabad rayonlarının payına düşür. Ötən il nar bağlarında orta məhsuldarlıq 85,6 sentner təşkil edib.

Bir faktı da qeyd edək ki, ölkə Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"na müvafiq olaraq qərzəklilər daxil edilmədən intensiv meyvə bağlarına, həmçinin intensiv nar bağlarına bağın salındığı ilk 4 il ərzində hər il hektara 800 manat, sonrakı illərdə isə 240 manat əkin subsidiyası ödənilir. İntensiv meyvə bağları üzrə subsidiyalar 2019-cu ildən başlayaraq salınmış bağlara da şamil edilir.

Orxan Vahidoğlu, "İki sahil"