05 noyabr 2019 13:12
851

Neft hasilatı  1 mln. tondan artıq olub

Xəzərin Azərbaycan sektorunda yerləşən "Neft Daşları" yatağında hazırda qazma işi aparılan 331 saylı meydançadan hər birinin gözlənilən gündəlik hasilatı 10 ton neft olmaqla 10 ədəd quyunun qazılması layihələndirilib.

"İki sahil"in məlumatına görə,  bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "Neft Daşları"na təşkil edilmiş media-tur zamanı bildirib. 

Onun sözlərinə görə, burada ilk quyunun qazılmasına bu ilin may ayında başlanılıb və artıq 4 quyu qazılıb. Bu quyuların gündəlik neft hasilatı 48 ton təşkil edir. 

"Hal hazırda 5-ci quyuda quyudibi 830 metr olmaqla qazma işi davam etdirilir", - deyə,  Əhmədov qeyd edib. 

Onun sözlərinə görə, "Neft Daşları" uzun müddət istismar olunmasına baxmayaraq, yataqdan çıxarılan məhsulda suyun nisbəti cəmi 35%-dır ki, bu da belə yaşlı yataq üçün yaxşı nəticə hesab olunur.

Aparılmış səmərələşdirici tədbirlər nəticəsində son 25 ildə "Neft Daşları" NQÇİ üzrə neft hasilatı 20% artaraq, 2018-ci ildə 1 mln. tondan artıq olub. 

Bununla yanaşı,  Əhmədovun sözlərinə görə, NQÇİ tərəfindən 2019-cu ilin 9 ayı ərzində 790 min ton neft, 72 mln. kubmetr qaz hasil edilib. 

Hazırda yataq üzrə qalıq ehtiyatlar 210 mln. ton, çıxarıla bilən ehtiyatlar isə 18-20 milyon ton 

civarındadır. İstisna deyil ki, gələcəkdə yeni texnologiyalar vasitəsi ilə qalıq ehtiyatların çıxarılma nisbəti yüksələ bilər.

Orxan Vahidoğlu,

"İki sahil"