20 fevral 2020 20:06
3218

Nəqliyyat sektorunun əsas problemi: Tıxaclar...

Avtomobil yollarında yaranan tıxaclar nəqliyyat sektorunun ən ciddi problemlərindən biridir. Son illər yolların genişləndirilməsi, alternativ yolların salınması, yeraltı və yerüstü keçidlərin, eləcə də körpü və yolötürücülərinin inşa edilməsinə baxmayaraq, hələ də paytaxt yollarında tez-tez tıxaclara rast gəlinir.

Tıxac və ona səbəb olan amillərə gəldikdə  isə onlar müxtəlifdir. Səbəblərdən biri əhalinin sayının artması və sıx məskunlaşma prosesinin sürətlənməsidir. Sıx məskunlaşma yolların ötürücülük qabiliyyətini azaldır. Nəticədə yollarda hərəkət sürəti aşağı düşür, tıxaclar yaranır. Digər  faktor isə paytaxt küçələrindəki taksilər və onların fəaliyyət prinsipləridir.

Bəs tıxaclardan qurtulmaq üçün hansı tədbirlər görülməlidir?

Mövcud vəziyyətin təhlili onu göstərir ki, paytaxtın tıxac dərdindən xilas olması üçün şəhərsalmaya planlı yanaşma prinsiplərinə ciddi əməl olunmalıdır. Əks təqdirdə yeni yol infrastrukturunun yaradılması istiqamətində atılan addımlar, həyata keçirilən layihələr əhalinin sayının artması ilə əlaqədar qarşıdakı illərdə öz əhəmiyyətini itirə bilər. Əslində şəhərsalma qaydalarına əməl edilməsi, nəqliyyat infrastrukturunun düzgün qurulması, o cümlədən dəmir yolu sisteminin inkişaf etdirilməsi Bakının tıxac problemini yüngülləşdirə bilər.

Nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənov hesab edir ki, Bakı kimi ildən-ilə böyüyən bir şəhər üçün nəqliyyat infrastrukrunun düzgün təşkili ən aktual məsələlərdən biridir: “Məhz bu baxımdan Bakının şəhərsalma planlarında yol infrastrukturunun inkişaf imkanlarının nəzərə alınması böyük əhəmiyyət daşıyır. Bu gün paytaxt yollarında tıxacların yaranmasının əsas səbəblərindən biri də şəhərsalma qaydalarına tam əməl edilməməsi ilə bağlıdır. Əvvəlki illərin təcrübəsi göstərir ki, paytaxtda yol infrasturukturunun ağır vəziyyətə salınmasının əsas səbəblərindən biri çoxmənzilli və fərdi yaşayış binalarının tikintisinin pərakəndə həyata keçirilməsi, mövcud yol infrasturkrunun imkanlarının nəzərə alınmamasıdır. Şəhərdə tikinti işləri  xaotik vəziyyət aldığı üçün mövcud yolların ötürücülük qabiliyyəti xeyli dərəcədə pisləşdi”.

A.Allahverənov onu da əlavə etdi ki, yeni salınan yaşayış massivlərinin düzgün layihələndirilməməsi də yolların ötürücülük qabiliyyətini zəiflədir. Məsələn, Bakının mərkəzi hissəsində əksər kvartalların forması kvadrat şəklində olub. Həmin kvartalların tərəflərinin uzunluğu 160 metr təşkil edir. Bu kvartalların dörd tərəfindən də yol keçirdi. Kvartalların əksəriyyətində 4 ədəd beşmərtəbəli çoxmənzilli bina inşa edilmişdi və orada 300-400 mənzil var idi. Mənzil sahiblərinin ən yaxşı halda yarısının avtomobili olub. Sovet dövründə bu kvartallar salınanda yol infrastrukturu buna uyğun qurulmuşdu. Lakin son illərdə həmin kvartalların bəziləri sökülərək yerində 17-21 mərtəbəli çoxmənzilli binalar inşa edilib. İndi həmin kvartallarda 1000 və bir qədər də çox mənzil var, mənzil sahiblərinin əksəriyyətinin də avtomobili mövcuddur. Kiçik ərazidə bu qədər mənzil inşa edilir, amma yol genişləndirilmir. Bu azmış kimi mənzil sahiblərinin avtomobillərinin saxlanılması üçün yerlər də kifayət qədər deyil. Nəticədə avtomobillər onsuz da ötürücülük qabiliyyəti zəif olan yolları işğal edir. Buna görə də həmin ərazilərdə günün bəzi saatlarında tıxaclar yaranır. Gələcəkdə Bakıda tıxac probleminin yaşanmaması üçün şəhərin inkişaf planında yol infrastrukturunun mövcud vəziyyəti və genişləndirilməsi imkanları nəzərə alınmalıdır”.

Taksilər də tıxac yaradan amildir. Taksilərin avtobus dayanacaqlarında, avtobusların isə yolun ikinci və üçüncü zolaqlarında dayanması pik saatlarında tıxacların yaranmasına səbəb olur. 

Həmsöhbətimiz qeyd etdi ki, taksi fəaliyyəti ilə məşğul olan şəxslər dayanacağa yaxın, avtobusların saxlama yerlərində avtomobili saxlayırlar. Nəticədə avtobus sürücüləri nəqliyyat vasitələrini yolun ikinci zolağında saxlamağa məcbur olurlar. Bu da axşam saatlarında ciddi tıxacın yaranmasına səbəb olur. Beləliklə, işdən yorğun gələn sərnişinlər yolda əlavə vaxt itirir. Demək olar ki, yol qovşağında hər gün oxşar problem hökm sürür. “Əhmədli”, “20 Yanvar” metrostansiyaları yaxınlığında da analoji vəziyyət hökm sürür. Harada ki,avtobus dayanacaqları var, ora taksilər tərəfindən zəbt olunub. Bu da yolverilməz haldır.” Əvvəllər belə hallarla bağlı reydlər keçirilirdi və taksi sürücüləri cərimə olunurdular. İndi isə bu nəzərə çarpmır. Çıxış yolunu orada müşahidə kameralarının quraşdırılmasında görürəm. Belə olsa, o zaman taksi sürücüləri bundan çəkinər və dayanacağı zəbt etməzlər. Taksi sürücüləri bir neçə dəfə cərimələndikdən sonra hesab edirəm ki, problem həllini tapacaq”.

Yaqut Ağaşahqızı, “İki sahil”