11 iyul 2020 15:05
464

Nəsib Məhəməliyev:  54-cü yerdə qərarlaşmağımız ölkə başçısının sosial-iqtisadi islahatlarının məntiqi nəticəsidir

“Birləşmiş Millətlər Təşkilatının “Davamlı inkişaf hesabatı-2020” sənədində Azərbaycanın dünyanın 166 ölkəsi arasında “Davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü yerdə qərarlaşması son illər ölkə başçısı İlham Əliyevin sistemli şəkildə apardığı sosial-iqtisadi islahatlarının məntiqi nəticəsi kimi qiymətləndirilməlidir”. Bu fikri Milli Məclisin deputatı Nəsib Məhəməliyev BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində Azərbaycanın mövqeyini “İki sahil” qəzeti üçün şərh edərkən deyib.

Deputatın sözlərinə görə, ələlxüsus vergi və gömrük sahələrində aparılan struktur islahatları, operativliyin, şəffaflığın təmin olunması üçün yaradılmış “bir pəncərə” prinsipi, sahibkarlığın, biznesin inkişafına mane olan amillərin aradan qaldırılması, məmurlar tərəfindən, sahibkarların fəaliyyətinə müdaxilələrinin qarşısının alınması, sözü gedən hesabatda ölkəmizin tutduğu mövqeni şərtləndirən amillərdəndir: “Təbii olaraq, ən yüksək səviyyədə xarici və daxili investisiyaların qorunması, bir çox dövlət strukturları tərəfindən aparılan əsassız yoxlamaların qadağan olunması, energetika və digər kommunal xidmətlərin təminatı, ixrac potensiallı məhsullar istehsal edən müəssisələrin yaradılması üçün dövlət güzəştlərini də misal göstərmək olar”.

N. Məhəməliyev qeyd edib ki, bütün dünyanı bürümüş koronavirus pandemiyası dövründə belə, Azərbaycanın  iqtisadi fəallığın aşağı olduğuna görə, ən çox zərər çəkmiş sahibkarlıq subyektlərinə göstərdiyi dəstək də hesabat müəllifləri tərəfindən nəzərə alınıb.

“Təbii ki, ölkəmizin BMT kimi mötəbər qurumun tərtib etdiyi hesabatda tutduğu layiqli yer hər bir vətəndaşımızı qürurlandırır. İnşallah pandemiya tezliklə başa çatar və cənab Prezidentin başladığı geniş miqyaslı islahatlar daha da vüsət alar, ölkəmiz ildən-ilə beynəlxalq hesabatlarda daha da yüksək göstəricilərlə əks olunar”-deyə, Milli Məclisin deputatı vurğulayıb.

 

Ceyhun Piriyev, "İki sahil"