06 avqust 2018 21:46
1569

“Bir röya həsrətində”

Adəm Asnı bu adda  şeirlər  toplusu ilə yenidən oxucularının görüşünə gəlib

Hər bir insanın  ömür payını özünəməxsus şəkildə yaşamasında    seçdiyi peşə ilə yanaşı, həvəskarı olduğu ikinci sənəti də əhəmiyyətli rol oynayır. Ən əsası o sənət sözlərin, duyğuların süzülməsindən yaranan fikirlərin toplusundan ibarət olanda bu özünəməxsusluq daha çox diqqət çəkir, maraq doğurur. Sözün sərrafı  olmaq hər insana nəsib olmur. Elə bu baxımdan  ömür əbəs yerə sözə  bənzədilmir. Sözlərin düzülüşündən yaranan bir toplu təqdimatımız, ömür yolumuzun bələdçisidir.

Belə  istedadlı, həvəskar  qələm sahiblərindən biri də Adəm Asnıdır. Mütəmadi olaraq duyğularının «məhsulu» olan kitabları ilə oxucualarının görüşünə gələn Adəm müəllimin bu gün bizlərə təqdim etdiyi növbəti  hədiyyəsi  «Bir röya həsrətində» şeirlər toplusudur. Kitabın “Ön sözü”nün müəllifi şair-publisist, Əməkdar jurnalist, «Qızıl kəlmə» müsabiqəsinin qalibi,  Prezident təqaüdçüsü Əbülfət Mədətoğlu nəşri ərsəyə gətirən məqamlara diqqət yönəldir. Kitabda sevgi anlayışına  müxtəlif tərəflərdən yanaşmalar, eyni zamanda etiraflar əks olunur. Torpaq, Vətən sevgisini, həmçinin həyat yoldaşına məhəbbətini  duyğularından süzülən misraların dili ilə çatdıran Adəm müəllim etirafın insan həyatında oynadığı rolu da özünəməxsus şəkildə oxucuya çatdırır.  Ə.Mədətoğlunun qeyd etdiyi kimi, şeir yazmaq təkcə misraları, fikirləri bir-birinə uyğunlaşdırmaq, ardıcıl düzmək deyil, bu, həm də ağır bir yükə çiyin vermək, o yükün özünün də fikirdən, hissdən, duyğudan ibarət olduğunu anlamaqdır. Bu nöqteyi-nəzərdən yanaşdıqda Adəm müəllimin  şeirlərində  fikir, duyğu, hiss qabarıq görünür. Hətta onun  kiçik həcmli şeirlərində də  oxucuya  çatdırmaq istədiyi məqamlar aydın şəkildə ifadə olunur.

Bir məqamı da nəzərə alsaq ki, kitab bizim ən yaxın dostumuzdur, bu halda hər kəs  müəllifin də etiraf etdiyi kimi, öz zövqünə uyğun dost tapıb, onunla həmsöhbət olaraq sirli, sözlü dünyasına yeni-yeni əlavələr edəcək. Adəm müəllim fransız yazıçısı və dramaturqu Volterin bu sitatını çatdırır: «Yaxşı kitabı birinci dəfə oxuyanda biz yeni dost qazanmış kimi hisslər keçiririk. Eyni kitabı  ikinci dəfə oxumaq isə köhnə dostu  yenidən görmək kimidir.» Kitabın bilik mənbəyi, dost rolunu  yüksək dəyərləndirən Adəm müəllim  bu əminliyi ifadə edir ki, görüşümüzə gəldiyi kitablarla yeni dostlar, həmsöhbətlər qazanır. Amma bir etirafı da edir ki,  hər bir irada  qarşı dözümlü, səbrlidir, oxucuların rəylərini, təkliflərini növbəti  kitablarında nəzərə almaq imkanındadır.  Bu da böyüklüyün göstəricisidir. Sağlam irad daim inkişafa stimuldur. Müəllif bir etirafını da  fransız yazıçısı, çoxlu  ibrətamiz aforizmlərin müəllifi olan  Bovenarq Lyukun fikirləri ilə çatdırır: «Elə oxucular  var ki, yalnız müəllifdə  səhv tapmaq xatirinə  oxuyurlar.»

Elə mən  də  oxucularımıza bu niyyətdən uzaq olmaq  arzusu ilə  kitab haqqında fikirlərimi davam etdirmək istəyirəm. Düşünən və düşündürməyi sevən həvəskar şairimiz Adəm müəllim bu şeirlər toplusu ilə hər birimizi bir daha uşaqlıq illərinə aparır,  bu reallığı bir çağırış kimi diqqətə çatdırır ki, gələcəyə keçmişimizlə addımlayırıq. Keçmişimizi unutmayaq. Ömrümüzün hər bir pilləsi bizim üçün əziz olmalıdır. Qayğısız uşaqlıq illərinin həyatımızda qoyduğu izləri  heç şübhəsiz ki, illər keçdikcə duyur, dəyərləndiririk.   Hər birimiz yaşanan ömürün sevincli-kədərli, acılı-şirinli olmasından asılı olmayaraq, fərəh duymalı, xoş əhval-ruhiyyə ilə xatırlamalı,  «Taledə günah yox» deməliyik. Adəm müəllim bu adda şeirində hər bir dövr üçün aktual olan məqamlara diqqət yönəldir. 

Bir sözlə, A.Asnının oxuculara təqdim etdiyi hər bir toplum özlüyündə  bir mənəvi dəstək, insani keyfiyyətlərin, Vətən, torpaq, valideyn, övlad sevgisinin  aşılanmasında dəyərli mənbədir. Bu çağırışını xüsusi qeyd etmək istərdim ki, yaxşılıq et ki, hansısa çətin bir məqamla üzləşəndə bunun günahını taleyində görməyəsən. «Alın yazısı» məfhumunun varlığı ilə yanaşı, hər birimizin  təqdimatımıza uğurlu anlar,  səhifələr əlavə olunmasına yardımçı olan «mənimiz» vardır.

Şeirləri ilə mənəvi dünyamızın zənginləşməsinə bir töhfə verən Adəm müəllimin   bundan öncə işıq üzü görən  «Ovqat», «Duyğuların ifadəsi» kimi kitabları da bizlərin ən yaxın dostu olub. Etibarlı, sədaqətli, doğru yol göstərən  dostlarımızın sayının artması arzusu ilə…

Yeganə Əliyeva, «İki sahil»