30 may 2018 22:13
1523

"Şərur qönçələri"ndən başlanan işıqlı yol

«XXI əsrdə Azərbaycan romantizmşünaslıq məktəbinin ən görkəmli davamçısı, onu yeni müddəalarla, yeni ideyalarla zənginləşdirən, ona tamam yeni keyfiyyətlər gətirən Kamran İmran oğlu Əliyevdir. Kamran müəllimin potensialı çoxdur, o, bundan sonra da çox sanballı, böyük elmi xidmətlər göstərəcəkdir».

İsa Həbibbəyli,
Azərbaycan MEA-nın vitse-prezidenti akademik, Əməkdar elm xadimi

Yaxın  vaxtlarda Bakıda qonaq olduğum bir qohumumgildə ev sahibi olan agsaçlı müəllimin televizorun qarşısında dizi üstə əyləşib  şagird  müəllimi dinləyən kimi sakitcə televizora baxdıgını gördüm. Nəyə baxır maragı ilə fikir verdikdə mənə doğru baxıb: “Kamran müəllimdir çıxış edir. Çox savadlıdır, gəl səndə əyləş baxaq”, -  dedi. Elə bu yazımızda Naxçıvan diyarının bənzərsiz bölgəsi olan tarixi  qədim, amma  həmişəcavan Şərurun bədii obrazlı, nağıllı-əfsanəli, elmi-publisist salnaməsi olan «Şərur» Ədəbi Birliyində formalaşmış, bu gün artıq görkəmli ədəbiyyat və elm adamı kimi tanınmış Azərbaycan MEA-nın müxbir üzvü, Folklor İnstitutunun şöbə müdiri Kamran İmran oğlu Əliyevin ömür yolundan söz açmaq istəyirik.

ÖMRÜN ÖTƏN ANLARI

Kamran Əliyev 1953-cü il mart ayının 5-də Araz çayının sahilində, Şərur rayonunun  kiçik yaşayış məntəqəsi  sayılan Diyadın kəndində dünyaya göz açmışdır. 1969-cu ildə Tumaslı kənd orta məktəbini bitirmiş və elə həmin il də Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1974-cü ildə ali məktəbi fərqlənmə diplomu ilə başa vurduqdan sonra təyinatla Şərur rayonunun Xanlıqlar kənd tam orta məktəbinə ədəbiyyat müəllimi təyin olunub və iki il bu məktəbdə saf və müqəddəs müəllim ömrü yaşayıb, sevimli şagirdlərinə dilimizin, ədəbiyyatımızın icəliklərini öyrədib.

Kamran müəllim qısa müddətdə məktəb kollektivinin böyük hörmətini qazanır, dərs deməklə yanaşı, biliyini artırmağa maraq göstərir, sənədlərini Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına təqdim edir və XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin aspirantı olur. Beləcə, ömrünün tədqiqat illəri başlanır. O, «XX əsr romantiklərinin ədəbi-nəzəri görüşləri»ni dissertasiya mövzusu seçir və 1980-ci ilin may ayında akademiyanın akt zalında 3 ildən artıq yuxusuz gecələrin, gərgin əməyin bəhrəsi olan elmi işini müdafiə edir.

Bundan sonra gənc alim Azərbaycan Milli Elmlər Akademiyasında işləyə-işləyə elmi axtarışlarını inadla, ilhamla davam etdirir. 1979-1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışır. Bir müddət Bakı şəhərində Nəsimi Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, «Naxçıvan» Özəl Universitetində müəllim, kafedra müdiri, tədris işləri üzrə prorektor vəzifələrində çalışır. 2002-ci ildə ona Azərbaycan MEA Folklor İnstitutunda aparıcı elmi işçi vəzifəsi həvalə olunur, 2012-ci ildən isə institutun «Folklor və yazılı ədəbiyyat» şöbəsinin müdiridir. 3 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Kamran Əliyevin həyat səlnaməsindən gətirdiyimiz tərcümeyi-hal fraqmentləri bir daha sübut edir ki, qəlbində paklıq, yazıb-yaratmaq şövqü yaşadan əbədiyaşar keyfiyyətlər onu həmişə müdrik saxlayır, 65 yaşında da qocalmağa, «giley-güzar» etməyə qoymur. Kamran müəllimin çoxcəhətli fəaliyyəti və elmi təfəkkürü, məntiqi düşüncə tərzi, idrak bacarığındakı metamorfozalar da təsdiq edir ki, o, yaradıcılıq yolunda ehtişamlı görünmək üçün yox, real gerçəklikləri olduğu kimi, obyektiv baxım mövqeyindən dəyərləndirdiyi üçün cəsur və iradəli görünür.

Kamran Əliyevin elmi-bədii və publisistik yaradıcılığında nəzər-diqqəti daha çox cəlb edən özünəməxsusluqdur. O, hər hansısa işlənmiş, yaxud tamamilə yeni olan bir problemi tədqiq edərkən elə məsələlərə toxunur ki, elmi-nəzəri baxımdan yeni və original görünür. Bunun əsas səbəbi müəllifin məsələlərə geniş prizmadan yanaşması, tədqiqat obyektinə çevirdiyi problemi dərindən öyrənməsi, yalnız milli ədəbiyyatşünaslığımızın deyil, eyni zamanda dünya və ümumtürk ədəbi prosesinin müasir nailiyyətləri baxımından təhlil etməsidir.

ƏDƏBİYYATŞÜNAS, FOLKLOR TƏDQİQATÇISI, BƏDİİ VƏ PUBLİSİST ƏSƏRLƏR MÜƏLLİFİ

Tanınmış alim Kamran Əliyevin tədqiqatlarında zəngin filoloji fakta, konkret ədəbi materiallara istinadən romantizmin milli xüsusiyyətləri, təşəkkülü və obrazlar sistemi araşdırılır. O, qüdrətli şairimiz Hüseyn Cavidin ədəbi irsinin yeni dəyərlər kontekstindən təhlili ilə məşğul olur, yaratdığı «Hüseyn Cavidin şəxsiyyəti və poetikası», «Mirzə Fətəlidən Hüseyn Cavidə qədər», «Javid möcüzəsi», «Hüseyn Cavid: həyatı və yaradıcılığı» kimi əsərlər Hüseyn  Cavidi yeni təfəkkür işığında  yenidən tanıyıb anlamaqda oxucuya  kömək edir. Toxunulan məsələlərə faktlı, predmetlər və konseptual yanaşması Cavidin şəxsiyyət və yaradıcılıq bütövlüyünü, milli-fəlsəfi özünəməxsusluğunu və bəşəriliyini üzə çıxarab, dəyərləndirməyə imkan yaradır.Elə bu baxımdan Kamran müəllimin «Mirzə Fətəlidən Hüseyn Cavidə qədər» və «Ədəbiyyat tarixinə bir baxış» kitablarında H. Cavid, M. Hadi, A. Səhhət, A. Şaiq, A. Şur, A. Divanbəyoğlu, S. Səlmasi kimi romantiklərlə yanaşı, A. Bakıxanov, M. F. Axundzadə, M. M. Nəvvab, M. Cəlil, M. Ə. Sabir, Ü. Hacıbəyli, R. Əfəndiyev, C. Cabbarlı kimi realistlərin də yaradıcılığı öyrənilir. Romantik qəhrəmanların zamanını və məkanını böyük səbrlə tədqiq edib müəyyənləşdirən alim özünün də bioqrafiyasının zamanını və məkanını xeyli genişləndirmişdir.

Qeyd etdiyimiz kimi, Kamran Əliyev ömrünün 16 ilini Azərbaycan MEA-nın Folklor İnstitutunda əmək fəaliyyətinə sərf edib. Bu illərdə folklorla bağlı yazdığı «Romantizm və folklor», «Eposun poetikası», «Dədə Qorqud» və «Koroğlu» kitabları onu xalq ədəbiyyatının özünəməxsusluqlarını dərindən bilən folklorşünas alim kimi tanıtmışdır.

1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Kamran İmranoğlunun (Əliyevin) yaradıcılıq bioqrafiyasında bədii-publisistik əsərləri də özünəməxsus deyim və yozum tərzi ilə seçilir. «Sədərək döyüşləri», «Yalquzaq», «Vağzal» kimi publisistik əsərlərində romantizm kimi, bədii simvolika da üstünlük təşkil edir.

SON SÖZ: QƏLƏMİNİZ VAR OLSUN

Azərbaycan MEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, ellimiz  Kamran Əliyevin keçdiyi ömür yoluna bütövlükdə işıq tutmaq, həm elmi, həm bədii, həm də publisistik yaradıcılığını, pedaqoji görüşlərini, şəxsiyyətini bütün cizgiləri ilə bir yazıda  vermək imkan xaricindədir. Ona görə bu  yazı ilə Şərur elinin yetirməsi, qazandığı uğurlarla fəxr etdiyimiz qələm sahibi  Kamran müəllimi ömrünün 65-ci baharında yeni çapdan çıxmış hekayələr kitabının işıq üzü görməsi  münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, ailə səadəti diləməklə yanaşı, gələcəkdə də bu enerji, bu həvəslə yazıb-yaratmağı, Azərbaycan ədəbiyyatşünaslığına yeni-yeni layiqli töhfələrini bəxş etməyi arzulayırıq.

Mehman Müslümoglu,

“Şərurun səsi” qəzetinin məsul katibi