14 noyabr 2016 20:14
199

Azərbaycanın 93 yaşlı ədliyyə polkovniki vəfat edib

Azərbaycanın 93 yaşlı ədliyyə polkovniki vəfat edib. 

"Report"un məlumatına görə, Azərbaycan Respublikasının "Əməkdar hüquqşünas"ı, hüquq üzrə fəlsəfə doktoru Eynal Əliyev dünyasını dəyişib.

Qeyd edək ki, Eynal Hacı oğlu Əliyev 1923-cü il oktyabr ayının 8-də Bakının Əmircan kəndində neftçi ailəsində anadan olub. 1941-ci ildə orta təhsilini başa vurduqdan sonra o, Azərbaycan Tibb Universitetinə daxil olub, lakin Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar 1942-ci ildə könüllülər sırasında cəbhəyə gedib, bununla əlaqədar, ali tibb təhsili yarımçıq qalıb. O, 1943-cü ilin axırlarında ağır xəstəliyinə görə ordu sıralarından tərxis olunub.

Eynal Əliyev 1944-cü ildə BDU-nun hüquq fakültəsinə daxil olub, lakin prokurorluq orqanlarında kadr çatışmazlığı səbəbindən təhsilini başa vurmayıb, sonuncu kursdan - 1947-ci il oktyabr ayının 6-da Lenin (indiki Sabunçu) rayonuna prokuror köməkçisi vəzifəsinə təyin olunub. O, 1948-ci ildə hüquq fakültəsini bitirdikdən sonra Bakı şəhərinin Əzizbəyov (indiki Xəzər), Oktyabr (indiki Yasamal) rayonlarında prokuror, Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, 1969-1974-cü illərdə Qaradağ rayon prokuroru, 1975-1988-ci illərdə Azərbaycan Respublikası Prokurorluğunda şöbə rəisi, Məhkəmə qərarlarının qanuniliyinə nəzarət idarəsinin böyük prokuroru vəzifələrində çalışıb. 1989-cu ilin avqust ayında siyasi repressiya qurbanlarının təmizə çıxarılması işi ilə əlaqədar İstintaq nəzarət idarəsi nəzdində yaradılmış şöbədə böyük prokuror vəzifəsinə təyin edilib və 2000-ci ildə təqaüdə çıxıb.