Bakı Biznes Universiteti (BBU) Avropa təhsil sisteminə inteqrasiya çərçivəsində son illər çoxşaxəli tədbirlər həyata keçirir. İyulun 11-də bu məqsədlə Bakı Biznes Universiteti ilə Çexiyanın ən böyük dövlət ali təhsil müəssisələrindən olan Tomas Bata Universiteti arasında ikili diplom müqaviləsinin imzalanması mərasimi keçirilib.
Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov iki universitet arasında imzalanan müqavilənin əhəmiyyətindən bəhs edib. Rektor bildirib ki, hər iki universitet arasında 4 illik əməkdaşlıq müddətində çoxsaylı tələbə və müəllim mübadiləsinin nəticəsi olaraq imzalanan müqavilə çərçivəsində BBU-nun magistr tələbələri Çexiyanın Zlin şəhərində yerləşən Tomas Bata Universitetində təhsillərini davam etdirə biləcəklər ki, bu da onlara Avropa universitetlərində doktorantura təhsili almaq imkanı yaradacaq.
Tomas Bata Universitetinin Tədris işləri üzrə prorektoru Mixal Pilik və Beynəlxalq əlaqələr üzrə prorektoru Premisil Palka çıxışlarında təmsil etdikləri ali təhsil ocağının tarixi barədə məlumat veriblər. Qeyd ediblər ki, universitetdə 10600 nəfər təhsil alır ki, bunun da 12 faizini əcnəbi tələbələr təşkil edir. Həmçinin iki universitet arasındakı əlaqələrdən danışan qonaqlar bu münasibətlərin inkişafından məmnun olduqlarını ifadə ediblər.
Daha sonra BBU-nun rektoru İbad Abbasovun və Tomas Bata Universitetinin Tədris işləri üzrə prorektoru Mixal Pilikin iştirakı ilə müqavilə imzalanıb.
BBU-da imzalanan müqaviləyə görə, universitetdə Maliyyə, Menecment və Biznesin idarə edilməsi ixtisaslarına yiyələnən magistrlər təhsillərinin 1 ilini (60 kredit) Tomas Bata Universitetində davam etdirəcəklər. Proqramı uğurla başa vuran və magistr dissertasiyasını müdafiə edən tələbələr yekunda BBU ilə yanaşı, Tomas Bata Universitetinin magistr səviyyəsi üzrə diplomunu da əldə edəcəklər. Müqavilədən, həmçinin Tomas Bata Universitetində təhsil alan magistrlər də yararlana biləcəklər.
Qeyd edək ki, ötən ay Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun əmri ilə ölkəmizdə fəaliyyət göstərən 4 ali məktəbin ( Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Lənkəran Dövlət Universiteti və Bakı Biznes Universiteti) akkreditasiyası təsdiq edilib ki, onlardan biri də BBU-dur. Bununla da universitetə müvafiq keyfiyyət sənədi-sertifikat verilib, həyata keçirdiyi təhsil proqramları 2016-2021-ci illər üçün akkreditə olunmuş hesab edilib, akkreditasiya müddəti 5 il müəyyənləşdirilib.
Ceyhun Piriyev,
Vüsal Cahanov (foto),
“İki sahil”