Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla reallaşdırılan neft-qaz strategiyası nəticəsində əldə olunan nailiyyətlər neftçiləri daha da şövqlə, böyük ruh yüksəkliyi ilə işləməyə sövq edir.
Bu gün ölkəmizin fədakar neftçiləri neft-qaz sənayesində aparılan uğurlu islahatların nəticələrini görür və qürur hissi keçirirlər. SOCAR-ın “Neftqaztikinti” Tresti (SOCAR NQT) və onun strukturuna aid olan bölümlərin əməkdaşları da bu hissi yaşayanlar sırasındadır. SOCAR NQT-nin İxtisaslaşdırılmış Təmir-Tikinti Bölümünün (İTTB) 2017-ci ilin 9 ayı ərzində gördüyü işlər barədə məlumat əldə etmək üçün bölümün rəisi Elsevər Qurbanovla görüşdük. E.Qurbanov bildirdi ki, ötən dövrdə bölüm verilən sifarişləri uğurla icra edib.
Qeyd olundu ki, yeni texnologiyaların tətbiqi nəticəsində bölümün istehsal istiqaməti kifayət qədər çoxsahəli olub. Trest rəhbərliyinin diqqəti nəticəsində yeni boyayıcı aparatlar, müasir avadanlıqlar alınıb. Korroziyaya qarşı mühafizə işlərinin aparılmasında əsas məqsəd həmin metal konstruksiyaların istismar müddətini artırmaqdır.
İTTB-nin havasız rəngvurma, mexaniki və əl üsulu ilə dənizdə dərin dayaqlı stasionar platformaların, estakadaların, neft rezervuarlarının, təzyiq altında olan kollektorların, iri qabaritli metal-konstruksiyaların, sualtı boru xətlərinin, həmçinin quruda bütün növ metal-konstruksiyaların korroziyaya qarşı mühafizə tədbirləri ilə məşğul olduğunu bildirən E.Qurbanov əlavə etdi ki, verilən tapşırıqlar sahələr tərəfindən həyata keçirilir. Müsahibimiz bildirdi ki, bölümün əməkdaşları onlara göstərilən etimadı doğrultmaq üçün plan və tapşırıqları keyfiyyətlə və vaxtından əvvəl yerinə yetirməyə çalışır.
Görülən işlərdən bəhs edən bölüm rəisi qeyd etdi ki, “Azneft” İB-nin sifarişlərinə uyğun olaraq bir sıra layihələr həyata keçirilib. “Neft Daşları” NQÇİ-nin sifarişi ilə “”Neft Daşları” yatağında 1541A-1637 saylı meydançalararası yeni estakadanın tikintisi”, “28 May” NQÇİ-nin sifarişi ilə “”Günəşli” yatağında 3 saylı DDÖ-nün kompleks əsaslı təmiri”, “”Günəşli” yatağında 11 saylı DDÖ-nün kompleks əsaslı təmiri” layihələri reallaşdırılıb. “Bibiheybətneft” NQÇİ-nin sifarişi ilə “Neftin, suyun kompleks hazırlanması və nəqli sexinin əmtəə çənlər parkının tikintisi”, N.Nərimanov adına NQÇİ-nin sifarişi ilə “410 saylı estakadayanı meydançanın əsaslı təmiri”, “Bulla-dəniz” yatağında 5 ədəd quyunun qazılması üçün 12 saylı SDÖ-nün tikintisi” həyata keçirilib. Bundan əlavə, “SOCAR-Ümid” MMC-nin sifarişi ilə “Ümid” yatağında 1 saylı SDÖ-də gəmi yanalma meydançalarının modulaltı gediş-gəliş yollarının və yan pilləkənlərinin əsaslı təmiri”, Heydər Əliyev adına Neft Emalı Zavodunun sifarişi ilə “5 №-li istehsalatın 55-ci qurğusunun əsaslı təmiri” işləri uğurla davam etdirilir.
Bölümün əməkdaşları tərəfindən bir çox layihələr çərçivəsində korroziyaya qarşı mühafizə işləri aparılıb və sifarişçiyə təhvil verilib. Belə ki, bu layihələr sırasında “”28 May” NQÇİ-nin sifarişi ilə “Günəşli” yatağındakı 10 saylı DDÖ-nün yenidən qurulması”, “Neft Daşları” NQÇİ-nin sifarişi ilə “”Neft Daşları”nda 2A saylı İNYM-nin tikintisi”, “”Neft Daşları” yatağında yerləşən BM-1-BM-2 saylı meydançalararası estakadanın əsaslı təmiri”, “”Neft Daşları” yatağında yerləşən 606-1702 saylı EYM arası estakada sahəsinin əsaslı təmiri”, “”Palçıq pilpiləsi” yatağında yerləşən 1284 saylı SDÖ-nün əsaslı təmiri”, “”Neft Daşları” yatağında yerləşən 617A saylı estakadayanı meydançanın və meydançaya giriş estakadanın əsaslı təmiri”, “Abşeronneft” NQÇİ-nin sifarişi ilə “”Qərbi Abşeron” yatağında 54 saylı SDÖ-nün qazmadan sonra abadlaşdırılması”, “Yığım-nəql sisteminin yenidən qurulması”, N.Nərimanov adına NQÇİ-nin sifarişi ilə “Bulla-dəniz” yatağında 56 saylı SDÖ-nün əsaslı təmiri”ni qeyd etmək olar.
Eyni zamanda, “Qaz İxrac” İdarəsinin sifarişi ilə “Kürsəngi KS-Şirvan QPS magistral qaz kəmərinin 16,5 km hissəsinin əsaslı təmiri”, “Astara-Qazıməmməd magistral qaz kəmərinin Pensərçay və Lənkərançay çay keçidlərində əsaslı təmir işləri” və digər obyektlər də bu sıraya aiddir.
Artıq “Abşeronneft” NQÇİ-nin “”Qərbi Abşeron” yatağında 10 ədəd istismar quyusunun qazılması üçün 10 saylı SDÖ-nün tikintisi” obyektində də işlər başa çatmaq üzrədir.
E.Qurbanov sadalanan işlərin yerinə yetirilməsində İTTB-nin sahə rəisləri Anar Mirzəyev, Adil Cabbarov, Rəsul Salamov, iş icraçısı Ənvər Hüseynov, izolyasiyaçı-örtükçülər Məhəmməd Məmmədov, Səfiyar Fərəcov, qum şırnaqçıları İlqar Zamanov, Qiyas Qaçayev, kompressor maşinisti Müdrət Feyziyev, çilingər Sabir Əhmədov və digərlərinin xidmətlərinin böyük olduğunu vurğuladı: “Sevindirici haldır ki, neft və qaz sənayesinin inkişafında xidmətləri olan neftçilərimizin əməyi dövlətimizin başçısı cənab İlham Əliyev, həmçinin SOCAR rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr tarixli Sərəncamı ilə İxtisaslaşdırılmış Təmir-Tikinti Bölümünün rəis müavini Nazim Əliyev “Tərəqqi” medalı ilə təltif olunub”.
Bölüm rəisi Elsevər Qurbanov sonda bildirdi ki, növbəti aylarda da verilən sifarişləri yüksək keyfiyyətlə yerinə yetirmək üçün “Neftqaztikinti” Trestinin İxtisaslaşdırılmış Təmir-Tikinti Bölümünün kollektivi səylə çalışacaq.
Orxan Vahidoğlu,
“İki sahil”