20 fevral 2020 10:34
1449

Ölkəmizin nəqliyyat sistemi təkmilləşdirilir

İctimai nəqliyyatdakı müsbət dəyişikliklərə nəzər yetirsək, görərik ki, hər ötən il infrastrukturun yenilənməsi, sərnişinlərin ixtiyarına daha rahat, iri tutumlu avtobusların verilməsi ilə yadda qalır. Artıq təkcə paytaxt Bakıda deyil, digər şəhərlərdə, rayon və qəsəbələrdə ictimai nəqliyyat xidmətləri kifayət qədər yaxşılaşdırılıb,  məqsədyönlü tədbirlər həyata keçirilib. Lakin dövrün tələblərinə uyğun olaraq təkmilləşmə digər istiqamətlər kimi, nəqliyyat sahəsini də əhatə edir.

Prezident İlham Əliyevin Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul etməsi də məhz qeyd olunan hədəflərlə bağlıdır. Qəbulda bildirildi ki, Bakı Nəqliyyat Agentliyinin fəaliyyət göstərdiyi ötən bir neçə il ərzində paytaxtın ictimai nəqliyyat problemi demək olar ki, aradan qalxıb, vətəndaşların rahatlığının, mənzil başına vaxtında və təhlükəsiz çatmasının təmin edilməsi üçün müəyyən addımlar atılıb.  Son beş il ərzində Bakıya yüzlərlə yeni avtobus gətirilib. Bu avtobusların hamısı dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Prezident İlham Əliyev bildirmişdir ki, bu, şəhər nəqliyyatının böyük dərəcədə yaxşılaşdırılması istiqamətində çox önəmli addımdır.

Nəqliyyat sahəsi üzrə ekspert Hüseyn Abdullayev Prezident İlham Əliyevin görüş zamanı nəqliyyat sahəsində qarşıya mühüm vəzifələr qoyduğunu bildirdi: “Birincisi, görüşdə qeyd edildiyi kimi, köhnə avtobuslar xətlərdən çıxarılıb yeniləri ilə əvəz olunmalıdır. Bu problemlə əlaqədar BNA tərəfindən müəyyən işlər görülüb. Nəqliyyat mübadilə mərkəzləri yaradılıb ki, bu da nəqliyyat sisteminin vahid sistem kimi işlənməsini təmin edir. Avtobus parkları yenilənib, bir çox daşıyıcı şirkətlər bazardan uzaqlaşdırılıb. Düzdür, bunlar var, amma tədricən problemlər həllini tapır. İkincisi, şəhər küçələrində avtobusların hərəkət rahatlığı təmin edilməlidir ki, avtobuslar digər maşınlarla bir yerdə tıxaclarda qalmasın, öz qrafiklərinə uyğun şəkildə hərəkət edə bilsinlər. Bu barədə də Agentlik ayrıca avtobus zolaqlarının yaradılmasını təklif edib. Bu təklif reallaşdırılsa, nəqliyyat sistemində müsbət nəticə əldə olunacaq”.

Ekspert nəqliyyat növləri arasında yaxşı inteqrasiyanın önəmindən də danışdı: “Üçüncü məsələ ondan ibarətdir ki, nəqliyyat növləri arasında yaxşı inteqrasiya olmalıdır. Bu barədə BNA rəhbəri V.Kərimli də danışdı. O söylədi ki, Abşeron dairəvi dəmir yolunun ətrafında hablar yaradılacaq. Yəni, hər stansiyaya kifayət qədər sayda avtobuslar gəlməlidir ki, insanlar dəmiryol xidmətlərindən istifadə edə və ya oradan avtobusla başqa yerlərə rahatlıqla gedə bilsinlər. Ölkə başçısının da qeyd etdiyi kimi, nəqliyyat sahəsində müəyyən qədər işlər görülsə də bu proses davam etdirilməlidir”.

Ekspert Elməddin Muradlı da mövzu ilə bağlı qəzetimizə açıqlamasında Prezident İlham Əliyevin çıxışında parklanma ilə bağlı diqqətə çatdırdığı məsələlərə toxunaraq bildirdi ki, bu şərait yaradılandan sonra sürücülərdən qaydalara əməl etməyi tələb etmək daha düzgün olar: “Həqiqətən, bu gün Bakı şəhərində parklanma ilə bağlı çox ciddi problemlər var. Yer çatışmazlığı var ki, bu da avtomobil sıxlığına, avtobus dayanacaqlarında xaotik vəziyyətin olmasına səbəb olur. Düzdür, kobud qayda pozan sürücülərə heç bir istisana olmadan güzəşt tətbiq etmək olmaz. Onlar mütləq cəzalandırılmalıdır. İkinci, üçüncü cərgədə, səkilərdə avtomobil saxlayanlar və sair neqativ hallara yol verənlər mütləq cəzalandırılmalıdır”.

Mənsumə Babayeva, “İki sahil”