02 oktyabr 2020 02:15
1015

Özbəkistan portalları Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müalicə olunan hərbçilərlə görüşünə dair məqalələr verib

Özbəkistanın kun.uz və qalampir.uz portalları Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ermənistanın hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü ilə bağlı özbək dilində məqalələr çap edib.

“İki sahil” AZƏRTAC-a istinadən xəbər verir ki, məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin hərbçilərlə görüşdə Ermənistan silahlı qüvvələrinin Qarabağı tərk etdiyi gün bu torpaqlarda sülh olacağını bildirdiyi vurğulanıb.

Prezident görüşdə deyib: Ermənistanın baş naziri bizə qarşı şərtlər qoyur. Bizə qarşı yeddi şərt qoyubdur. Mən bir müddət bundan əvvəl demişdim ki, biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə sülh gələcək.

Dövlət başçısı vurğulayıb ki, döyüşlərə son qoymağın yeganə şərti Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağın ərazisindən tam və təxirə salınmadan çıxarılmasıdır.