Bu gün bütün dünya ölkələrini həyatla yaşam, ölümlə qalım arasında qoyan koronavirus pandemiyasına münasibətdə müxtəlif fikirlər mövcuddur. Lakin bu bir həqiqətdir ki, koronavirus pandemiyası bir çox gerçəklikləri, mövcud münasibətlərdəki qüsurları da ortaya çıxardı. Bəşəriyyəti təhdid edən bu gözəgörünməz kabus dünya siyasətində rol oynayan ən güclü dövlətlərin bir çox vacib layihələrinin, platformalarının kağız üstündə qaldığını göstərdi. Onlara pandemiya dövründə yeni münasibətlər sisteminin yaranması üçün daha qlobal düşünməyə əsas verdi. İndi bəşəriyyətin mövcudluğu üçün mühüm həyati əhəmiyyət kəsb edən qlobal problemlərdən biri - ilk növbədə insanın fiziki sağlamlığıdır.
Hazırda dünyanın 180-dən artıq ölkəsi koronavirus pandemiyasının əsarətindədir. Bu 180 ölkənin içərisində elə dövlətlər var ki, çox aciz durumdadırlar. Həmin ölkələrdə nəinki su, qida, hətta dərman preparatları tapılmır, xəstələri müalicə edəcək ixtisaslaşmış həkimləri yoxdur. Mütəxəssislər də belə düşünürlər ki, COVID-19 infeksiyası, sadəcə, pandemiya deyil, həm də bəşəriyyətə qarşı başlanmış bir müharibədir. Belə bir vəziyyətdə dünyanın bu gözəgörünməyən təhlükəli düşmənə qarşı səmərəli mübarizə aparması üçün həmrəylik göstərməsinə böyük ehtiyac var. Bir anlığa təsəvvür edək ki, yaxın günlərdə koronavirus əleyhinə vaksin tapıldı və imkanlı, inkişaf etmiş ölkələr öz xalqları üçün bunu aldılar, onları sağaltdılar. Bəs, onda yerdə qalan kasıb, imkanı olmayan xalqların, dövlətlərin aqibəti necə olacaq? Bu da ümumbəşəri dəyərlər kontekstindən düzgün deyil. Ona görə də bu gün dünya üçün ən aktual məsələ qlobal yardımlaşma və paylaşmadır. Hazırda bütün dünyanın COVID-19 pandemiyasına qarşı, sözün əsl mənasında, vuruşduğu bir zamanda bu qlobal təhlükə ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin möhkəmlənməsi məqsəd kimi ön plana çıxır.
Bu məqsədə nail olunmasında Azərbaycanın xüsusi fəallıq göstərməsi hamıya məlumdur. Xüsusilə də Azərbaycan Prezidentinin təşəbbüsü ilə ilk dəfə koronavirusa qarşı mübarizə istiqamətində beynəlxalq səylərin səfərbər olunması dünya birliyində müsbət reaksiya doğurmuşdur. Bu, ilk növbədə, dünya dövlətlərinin və xalqlarının koronavirus pandemiyasından xilasına hesablanmış bir təşəbbüsdür. Məhz bu kontekstdən yanaşdıqda Azərbaycanın qlobal təşəbbüsü həm dünya dövlətləri və xalqlarına hava-su kimi vacibdir.
Pandemiyanın vurduğu zərərlərdən az itki ilə çıxmaq və makroiqtisadi sabitliyi qorumaq üçün Azərbaycan hökuməti ilk gündən effektiv qabaqlayıcı tədbirlər həyata keçirdi. Məqsəd insanların sağlamlığı ilə bərabər, həm də iqtisadiyyata dəyən zərəri minimuma endirmək idi. Məhz pandemiya dövründə ölkədə heç bir sosial layihənin təxirə salınmaması və qeyri-neft sənayesinin inkişafı da bunu təsdiqləyən reallıqlardan biridır.
Pandemiya dövründə Azərbaycanda da bir çox ölkələrdə olduğu kimi, xüsusi karantin rejimi elan olundu. Mərhələli şəkildə tətbiq edilən karantin zamanı (bu, indi də paytaxtda və bir sıra rayonlarda davam edir), xeyli hüquqlar məhdudlaşdırıldı. Sərbəst toplaşma, yaşayış yeri seçmə, eyni zamanda iş, əmək, təhsil, hərəkət, daşıma, toy, yas mərasimləri və s. kimi konstitusion hüquqların məhdudlaşdırılması adamlarda etiraz yaratmadı. Çünki bu, epidemiya ilə bağlı vətəndaşların həyatı və təhlükəsizliyinin təmin edilməsinə görə tətbiq olunan məhdudiyyətdir.
Azərbaycanda COVID-19-la bağlı ölkə başçısının iqtisadi-sosial paketi çərçivəsində həyata keçirilən dəstək proqramları əhalinin böyük hissəsini əhatə edir: İşləməyən vətəndaşın maaşını dövlət ödəyir, sahibkarlara və muzdla işləyənlərə yardımlar, güzəştlər göstərilir, bir sözlə, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır. Qəbul edilmiş bu proqramlara, ümumilikdə, 3,5 milyard manat həcmində vəsaitin ayrılması da təsdiq edir ki, indiyədək Azərbaycan tarixində heç vaxt bu həcmli maliyyə tutumlu iqtisadi-sosial paket təqdim edilməyib. Belə ki, ölkəmizdə pandemiya dövründə reallaşdırılan genişmiqyaslı sosial dəstək paketi 5 milyona yaxın insanı əhatə edir. Bu paket çərçivəsində dövlət və özəl sektorda muzdla çalışan 1 milyon 665 min (o cümlədən özəl sektorda 751,3 min) işçinin iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunması, 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edilib.
Aprel-may aylarında 600 minədək, daha sonra sərt karantin rejiminin tətbiq edildiyi 16 rayon və şəhər üzrə 283 min aztəminatlı işsiz şəxsi əhatə edən 190 manat birdəfəlik ödəmə proqramı icra olunub. Ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb və özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailənin kiçik təsərrüfatlarının qurulması işləri aparılır. Həmçinin 85 min ailənin 350 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin olunur.Eyni zamanda, 100 minədək tənha yaşlı, əlilliyi olan şəxs, aztəminatlı ailənin ərzaq yardımı ilə təminatı həyata keçirilib, 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi ilə əhatə olunması işləri görülür.
Ümumiyyətlə, indiyədək Azərbaycan həm daxildə, həm də xaricdə pandemiya ilə bağlı həyata keçirilən mübarizə tədbirlərinə əvəzsiz töhfələr verib. Təsadüfi deyildir ki, ölkəmizin koronavirusla ümumbəşəri mübarizə istiqamətində göstərdiyi maddi-texniki, mənəvi dəstək jestləri dünya birliyi tərəfindən təqdir edilir. İndiyə qədər ölkəmiz 30-dan çox dövlətə, 3 beynəlxalq təşkilata, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına pandemiya ilə mübarizə üçün 10 milyon dollar maddi dəstək göstərib. Bununla da ölkəmiz qlobal səviyyədə nümunə kimi qəbul ediləcək addım atıb.
Bütün bu proseslər və yaşananlar artıq insanın dünyaya baxışını dəyişməkdədir. İndi bir sıra beynəlxalq toplantıların videokonfrans formatında keçirildiyinin tez-tez şahidi oluruq. Bu, ölkəmiz üçün yenilikdir; İnsanlar alış-verişi daha çox onlayn şəkildə edirlər, bir sıra qəbullar, görüşlər videoformatda baş tutur, kütləvi mədəni tədbirlər təxirə salınır, kino, teatr, muzey, kitabxanalardan virtual olaraq istifadə edilir və s.
Pandemiya başa çatmasa da, hələlik qlobal epidemiya dövründə ən az itki ilə üzləşən ölkələr sırasındayıq. Lakin unutmayaq ki, pandemiya hələ də davam etməkdədir, hər birimiz gigiyena qaydalarına, xüsusilə maska taxmalı, sosial məsafəyə riayət etməliyik.
N.Muğanlı, “İki sahil”