17 yanvar 2021 00:18
360

Peyvənd olunmalı əhalinin məlumat bazası yaradılacaq

Azərbaycanda mühüm və yüksək risk qrupları, o cümlədən peyvənd olunmalı əhalinin məlumat bazası yaradılacaq.

“İki sahil” APA-ya istinadla xəbər verir ki, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda əksini tapıb.

Sənədə əsasən, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi il ərzində mühüm və yüksək risk qrupları, o cümlədən peyvənd olunmalı əhalinin məlumat bazasının yaradılmasını təmin etməlidir.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Maliyyə Nazirliyinə isə 2021-2022-ci illər ərzində mühüm və yüksək risk qruplarının COVİD-19 xəstəliyi əleyhinə vaksinasiyasından əvvəl (vaksin istehsalçısının tövsiyələrinə əsasən) seroloji skrininqin aparılması üçün tələb olunan tibbi ləvazimatlarla təmin edilməsi tapşırılıb.

Eyni zamanda vaksinasiyanın monitorinqi və qiymətləndirilmə sistemi  yaradılacaq.  Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB 2021-2022-ci illər ərzində vaksinasiya prosesinin mütəmadi monitorinqi və qiymətləndirilməsi üçün zəruri indikatorlar daxil olmaqla, monitorinq və qiymətləndirmə planının işlənib hazırlanmasını təmin etməlidir.

Sənəddə bildirilir ki, strategiyanın vəzifələrinin icrasının qiymətləndirilməsi üçün proses və nəticə indikatorları müəyyən edilməlidir. Burada Strategiyanın qarşısında qoyulan hədəflər əsas götürülməli və zəruri göstəricilər üzrə mütəmadi monitorinq həyata keçirilməlidir. Monitorinq və qiymətləndirilmə sistemi Strategiyanın icrasının qiymətləndirilməsi, problemlərin aşkar olunması, aradan qaldırılması və müvafiq tədbirlərin həyata keçirilməsi üçün lazım olan məlumatlarla təmin etməlidir.

Proses və nəticə indikatorlarının müəyyən edilməsi:

1. tibbi göstəricilər üzrə;

2. epidemioloji vəziyyət üzrə;

3. iqtisadi göstəricilər üzrə.

Mütəmadi monitorinq və qiymətləndirmə prosedurları:

1. vətəndaşlar üzrə;

2. məntəqə və bölgələr üzrə;

3. xidmət keyfiyyəti üzrə.

İcraya nəzarət və problemlərin vaxtında aradan qaldırılması:

1. tibbi heyət üzrə;

2. vaksinlər üzrə;

3. məsul qurumlar üzrə.

Monitorinq və qiymətləndirilmə üzrə dəstək fəaliyyətləri:

1. “Soyuq zəncir” üzrə;

2. məlumat bazası və təhlil üzrə;

3. maarifləndirmə üzrə.