24 iyun 2020 09:53
2591

Polyanna sindromu nədir?

Bu sindrom haqqında fikirləri ilk dəfə 1978-ci ildə Matlin və Stanq adlı psixoloqlar irəli sürüblər. “Pollyanna sindromu” insanın hətta pis hadisələrdə belə yalnız müsbət tərəflərini görə bilməsidir. “Dünyaya çəhrayı eynəklə baxır” ifadəsini bu sindromu keçirən insanlara aid etmək olar. Maşını xarab olan insan əhvalını pozmur və düşünür ki, piyada getmək sağlamlığa faydalıdır.

Bu sindromu araşdırmaq üçün psixoloqlar “Polyanna” əsərinə müraciət ediblər. “Polyanna” əsəri amerikalı uşaq yazıçısı Eleanor Porter tərəfindən 1913-cü ildə yazılıb. Qısa müddətdə əsər uşaq ədəbiyyatı nümunəsi olaraq uşaqların, xüsusən də qızların sevimli əsərinə çevrilib. Roman çap olunandan sonra qəhrəmanı Polyannanı ədəbiyyatçılar ən nikbin ədəbi personaj adlandırırdılar.

Kitabda 11 yaşında yetim qalmış və vaxtilə zəngin olan anasının kasıb bir oğlanla ailə qurmağını heç cür bağışlaya bilməyən və illərdir küsülü olduğu xalası tərəfindən ictimai qınaqdan qurtulmaq üçün himayəyə götürülən bir qızın həyat yolundan bəhs edilir. Qızın qeyri-adi xasiyyəti, təmiz qəlbi bir müddət sonra sərt və soyuq xarakterli xalası Polli Harrinqtonu da yumşaldır. Atasının ona öyrətdiyi “Məmnunluq oyunu” Polyannanı yaşadığı şəhərdə tezliklə məşhur edir. Bu oyuna görə insan həyatında başına gələn bütün hadisələrin gözəl yönünü tapa bilməlidir. Hətta həmin hadisələr nə qədər çox ağır olarsa, oyun bir o qədər də maraqlı alınır.

Əslində bizim bildiyimiz “hər şərdə bir xeyir var” məntiqinin daha əyləncəli və asan anlaşıla bilən halı əsərdə öz əksini tapıb. Bu oyun sayəsində Polyanna həmişə şəndir, gümrahdır, həyat sevərdir. Eyni zamanda, əhval-ruhiyyəsi ilə ətrafındakılar üçün də sevinc qaynağıdır: xalası Pollinin soyuq və cansıxıcı həyatına isti nəfəs gətirir, qaraqabaq və qaradinməz Con Pendeltonun özünə qapanıq xasiyyətini dəyişdirir, həyatdan küsmüş, deyingən bir yataq xəstəsi olan xanım Snouya ondan daha ağır vəziyyətdə olanlardan danışıb, həyatında gözəl şeylərin də olduğunu göstərib onu bu əzabdan xilas edir, yetim Cimmi Binin isti bir evdə rahat bir şəkildə yaşaması üçün əlindən gələni edir, buna nail olur və nəhayət ən sonda illər öncə küsüb ayrılmış xalası və Tomas Çiltonun barışmasına kömək edir.

Yazıçı həyata pozitiv yanaşıb, stəkanın dolu tərəfini görənlərin, başına gələnlər üçün səbr edib, hər şeydə şükür etməyə səbəb tapanların həm özlərinin, həm də ətrafindakıların həyatına necə müsbət təsir edəcəyini əsərində açıq-aydın göstərib. Lakin qulağa nə dərəcədə xoş gəlsə də “Polyanna sindrom”unun mənfi tərəfləri də var. Bu sindroma tutulma zamanı insan reallığı görə bilmir və özünü “yaxşı” dünyada yaşayan “pis” biri kimi düşünür.

“Polyanna sindromu” daha çox valideynlərinin sevgisini hiss etməyən uşaqlarda yaranır. Uşaq özünü valideynə göstərmək üçün dəridən-qabıqdan çıxır. Nəticədə öz şəxsi istək və arzularını hiss etmək qabiliyyətini itirir.

Röya Rasimqızı,

“İki sahil”