Altı aya yaxın müddətdir dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar qlobal iqtisadiyyatda ciddi geriləmə davam edir. Beynəlxalq təşkilatların hesabatlarında dəyən ziyanın əvvəlcədən proqnozlaşdırılandan da yüksəl olduğu bildirilir.
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) son hesabatında bildirilir ki, bu ilin ilk rübündə qlobal ticarət 3 faiz azalıb. Amma vəziyyət bu cür davam etsə ikinci rübdə azalma rekord hədd - 18,5 faiz təşkil edə bilər: “Hazırda müşahidə etdiyimiz ticarətin tənəzzülü tarixən ən böyüyüdür. Bəlkə də bu günə qədər olan ən kəskin azalma yaşandı. Ancaq müsbət məqam budur ki, hər şey daha da pis ola bilərdi. Hazırda qəbul edilən siyasi qərarlar pandemiyanın istehsal və ticarətə təsirini azaltmaq üçün çox vacibdir. İstehsal və ticarətin 2021-ci ildə sürətlə bərpa olunması üçün maliyyə, pul və ticarət siyasəti eyni istiqamətdə hərəkət etməlidir”. Beynəlxalq kredit reytinqi agentliyi “Moodys” da pandemiyanın təsiri ilə bu il dünyanın ən böyük iqtisadiyyatlarının ciddi zərər gördüyünü bildirir. Qurum ABŞ iqtisadiyyatının 5,7, avrozona iqtisadiyyatının 8,5, “Böyük iyirmilik”ə daxil olan ölkələrin iqtisadiyyatlarının isə 4,6 faiz kiçiləcəyini proqnozlaşdırır.
Sevindirici haldır ki, araşdırmalar bir çox ölkələrə nisbətdə Azərbaycanda iqtisadi itkilərin daha az olacağını göstərir. Xüsusən də özəl sektora dövlət dəstəyi nəticəsində Azərbaycanın itkilərinin daha az olması, gələn il isə dinamik iqtisadi artımın olması gözlənilir. “Moodys” növbəti ildə ölkəmizdə ən azı 3 faizlik iqtisadi artım proqnozlaşdırır. Burada özəl sektora dəstək yenə mühüm əhəmiyyət kəsb edir. Səbəb isə hökumətin yeni mühüm addımlar atmasıdır. Buna misal olaraq əmlak və torpaq vergisindən azadolmalar və mənfəət vergisində güzəştlərin tətbiqini, sadələşdirilmiş sistem üzrə verginin azaldılmasını göstərə bilərik. Bundan başqa bank sistemi üzrə də kompleks dəstək tədbirləri nəzərdə tutulub. Bu, fiziki şəxslərin dəstəklənməsi, kredit ekspansiyası və maliyyə dayanıqlığının dəstəyi üzrə tədbirlərdir. Sığorta sistemi üzrə də kompleks tədbirlər nəzərdə tutulub və artıq kapital bazarlarına dəstək tədbirlərində həyata keçirilməsinə başlanıb. Eyni zamanda, dövlət 1 milyard manat kredit portfeli üzrə kreditlərin subsidiyalaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tutub. Bu fonda sahibkarın götürdüyü kreditin 10 faiz bəndi Sahibkarlığın İnkişafı Fondu tərəfindən kredit təşkilatlarına ödəniləcək. Sahibkarlara digər dəstək isə yeni kreditlərin verilməsidir ki, bu istiqamətdə 500 milyon manat ayrılacaq.
Onu da qeyd etmək lazımdır ki, pandemiya dövründə fəaliyyəti dayandırılan sahibkarlara ilk mərhələdə konpensasiyalar ödənilib.
Milli Məclisin deputatı Vüqar Bayramov da qeyd edib ki, hökumət tərəfindən hazırlanan iqtisadi paket sahibkarlara həm də kreditlər sayəsində dəstəyin nümayiş etdirilməsini nəzərdə tutur. Azərbaycanın borc strategiyasına əsasən xarici borcun bir hissəsinin daxili borcla əvəzlənməsi, hətta Asiya İnkişaf Bankı kimi investorların manatla borc verməsi isə Azərbaycanın indiki halda manevr imkanlarını artırır. Xatırladaq ki, Azərbaycanda pandemiya ilə bağlı iqtisadiyyata ümumi dəstək paketi 3,5 milyard manat həcmindədir.
Taleh Bağırov,
“İki sahil”