04 iyun 2020 15:23
881

Prezidentə yazırlar: Ölkəmizdə xalq-hakimiyyət birliyi və həmrəyliyi müşahidə olunur

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması ilə bağlı gördüyü işlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.

“İki sahil” dövlətimizin başçısına ünvanlanan daha bir neçə məktubu təqdim edir.

Şamaxı şəhərindən Ədilxan Zülfüqarov, Kamal Adıgözəlov, Tahir Tağıyev, Xasay İsayev və başqaları: “Möhtərəm cənab Prezident! Dünyanı bürüyən koronavirus pandemiyası dönəmində Sizin gərgin əməyiniz nəticəsində ölkəmizdə əhalini qorumaq üçün aparılan qabaqlayıcı tədbirlər öz bəhrəsini verir. Azərbaycanda bu virusun törədə biləcəyi ağır fəsadların qarşısının alınması istiqamətində atılan hər bir addım bütün əhali tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Səhiyyə sahəsində həyata keçirilən effektiv tədbirlər bu işlərə bilavasitə nəzarətin və fədakar əməyin nəticəsidir. Belə çətin dövrdə Sizin və Mehriban xanımın rayonumuza səfəriniz əhalimiz tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılandı. Azərbaycan tarixində və mədəniyyətində xüsusi yeri olan Şamaxı özünün yeni çiçəklənmə dövrünü yaşayır. Bu, Sizin diqqətinizin nəticəsidir. Rayonumuzdakı tikinti-quruculuq, abadlıq işləri ilə yanaşı, tarixi abidələrə göstərdiyiniz qayğı onlara ikinci həyat verir və bizi sevindirir. Pirsaat Baba, İmadəddin Nəsiminin qardaşı Şahxəndanın türbəsi və Pir Ömər Sultan ziyarətgahlarının yenidən qurulması çərçivəsində görülən işlərə diqqətiniz isə biz şamaxılılar üçün mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, bu abidələr bütün ölkə əhalisinin və başqa ölkələrdən gələn qonaqların ziyarət etdiyi müqəddəs yerlərdir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son illərdə tariximizə və mədəniyyətimizə göstərilən qayğı Sizin milli mənəvi dəyərlərimizə həssas münasibətinizdən xəbər verir. Sizin şamaxılılara olan diqqətiniz hər addımda hiss olunur. Şamaxıda yeni binalar tikilir, zəlzələdən zərər çəkmiş minlərlə ev təzələnir, kəndlərə, qəsəbələrə yeni yollar salınır, ucqar kəndlər belə qazla təmin olunur, heç vaxt suyu olmayan kəndlərə su çəkilir, əhalimizə müasir avtobuslar xidmət göstərir. Çox təəssüf hissi ilə qeyd edirik ki, son zamanlarda ölkəmizdə, o cümlədən regionlarda aparılan inkişaf prosesinə kölgə salmağa çalışanlar var. Bu, ölkəmizi, Vətənimizi sevməyən, süni narazılıq yaratmaq istəyən şər qüvvələrin əməlləridir və onlar bu istəklərinə çatmayacaqlar. Əmin ola bilərsiniz ki, bütün Azərbaycan xalqı, o cümlədən şamaxılılar Sizin hər bir qərarınıza güvənir və apardığınız siyasəti dəstəkləyir. Əziz Prezidentimiz və hörmətli Mehriban xanım, Allahdan Sizə möhkəm cansağlığı, dövlətimizin və xalqımızın inkişafı naminə apardığınız şərəfli işlərinizdə müvəffəqiyyətlər arzulayırıq!”

Goranboy rayonundan Cəfər İbrahimli: “Salam cənab Prezidentimiz! Mən Goranboy rayon Mübariz Fərmanov adına Xoylu kənd tam orta məktəbin 11-ci sinif şagirdiyəm. Əlaçıyam. Koronavirus infeksiyası təhlükəsi ilə əlaqədar evdə qalmağımıza baxmayaraq, biz onlayn dərslər vasitəsilə təhsilimizdən geri qalmırıq. Bizə yaratdığınız bu şəraitə görə cənab Prezident, Sizə öz minnətdarlığımı bildirir və təşəkkür edirəm.”

Cəlilabad rayonunun Muğan kəndindən Azad Dövlətov, Raqib Qürbətov, Ceyhun Rəhimov, Nusrət Filatov, İntiqam Qarayev, Cavid Qarayev, Eldar Hüsyenov, Xanlar Adıgözəlov, Əfqan Dövlətov: “Əziz və hörmətli Prezident! Bu gün ölkəmizdə xalq-hakimiyyət birliyi və həmrəyliyi müşahidə olunur. Azərbaycan xalqı pisi yaxşıdan, ağı qaradan seçməyi bacarır. Məhz Sizin düşünülmüş siyasətiniz və səyləriniz sayəsində biz kənd əhalisi davamlı sabitlik şəraitində yaşayır və fəaliyyət göstəririk. Əziz Prezidentimiz Allahdan Sizə və ailənizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.”

Quba rayonundan Xəyal Nuhbalayev: “Hörmətli cənab Prezident! Bu ağır pandemiya günlərində xalqımızın yanında olduğunuz, qayğımıza qaldığınız, əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün hər cür tədbirlər gördüyünüz üçün mən bir Azərbaycan gənci olaraq, Sizə öz adımdan və ailəm adından təşəkkür edir, dərin minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun!”

Göygöl rayonunun Topalhəsənli kəndindən Çərkəz Həmzəyev: “Möhtərəm cənab Prezident! Bütün dünyada ciddi həyəcan yaradan, yaşından, irqindən və dinindən asılı olmayaraq insanların həyatına son qoyan koronavirus pandemiyası adlı bəlaya qarşı bütün imkanlardan istifadə olunmaqdadır. Sizin bilavasitə rəhbərliyiniz altında ölkəmizdə vətəndaşların sağlamlığının qorunması naminə aparılan əvəzolunmaz tədbirləri çox yüksək qiymətləndiririk. Qısa bir zamanda yeni xəstəxanaların istifadəyə verilməsi, mövcud xəstəxanaların uyğunlaşdırılması, qoruyucu vasitələrin istehsalı, xəstələrin müalicəsi üçün tibb ocaqlarının lazımi avadanlıqlarla təmin olunması, canları bahasına xəstələri müalicə edən həkimlərin əməkhaqlarına əlavələr edilməsi, işləməyənlərə yardımların verilməsi, sosial iş yerlərinin açılması, sahibkarlara maliyyə dəstəyinin və güzəştlərin edilməsi və digər işlər çox təqdirəlayiqdir. Əziz Prezidentimiz, Azərbaycan vətəndaşları arasında itkilərin minimuma endirilməsi üçün gördüyünüz bütün işlərə görə ailəmiz adından Sizə minnətdarlığımızı bildirirəm.”

Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsindən Zara Niftiyeva: “Hörmətli cənab Prezident! Siz uğura gedən yolda daim yanımızda olub, bütün çətinliklərdə öz köməyinizi əsirgəməyən dəyərli Prezidentimizsiniz. Bu çətin və şərəfli yolda Sizə daim uğurlar arzu edirəm. Pandemiya dövründə Azərbaycan xalqına dəstəyiniz, bütün şücaətləriniz göz qarşısındadır. Biz haqlı olaraq Sizinlə fəxr edirik. Cənab Prezident, Sizə bir daha uğurlar diləyir, ailəmiz adından dərin təşəkkürümüzü bildirirəm.”

Bakı şəhərinin Yasamal rayonundan Taleh Mansurov: “Möhtərəm Prezident! Bir gənc olaraq Sizə minnətdarlıq etməyi özümə həm vətəndaşlıq, həm də vicdanı borc bilərək, bu təşəkkür məktubunu ünvanlayıram. Hörmətli Ali Baş Komandan, dünyamız həm siyasi, həm iqtisadi, həm də tibbi baxımdan ağır sınaqdan keçir. Dünyada "supergüc" hesab edilən ölkələrdə pandemiyanın ağır nəticələri artıq özünü göstərməyə başlayır. Dünyanın bu mənzərəsi fonunda ölkəmizdəki sabitlik, dövlətin vətəndaşlara yardımları Azərbaycanın bu pandemiyadan ən az zərərlə çıxacağının göstəricisidir. Bu gücün əsas səbəbi Sizin xalqımıza olan sevginiz, güclü iradənizdir. Danılmaz faktdır ki, Siz və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva dövlətimiz və xalqımız üçün bütün gücünüzlə çalışırsınız. Mən də bir Azərbaycan gənci olaraq daim Sizin siyasətinizi dəstəkləyir, Vətənim, dövlətim üçün layiqli gənc olmağa çalışıram. Tanrı Sizləri qorusun.”