14 may 2019 16:18
2115

"Qalmaz" yeraltı qaz anbarında yeni kompressor stansiyası istismara verilib

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayevin iştirakı ilə "Qalmaz" yeraltı qaz anbarının qaz həcminin 1 milyard kubmetrdən 1,5 milyard kubmetrə çatdırılması məqsədilə inşa edilmiş 3 saylı yeni kompressor stansiyasının istismara verilməsi mərasimi keçirilib.

"İki sahil" SOCAR-ın saytına istinadən bildirir ki, gündəlik məhsuldarlığı 3 milyon kubmetr həcmində olan yeni kompressor stansiyası "Qalmaz" yeraltı qaz anbarının sutkalıq məhsuldarlığını 30 faiz artıraraq 10 milyon kubmetrdən 13 milyon kubmetrə çatdıracaq. Anbara əlavə qaz həcmlərinin vurulması təbii qaza olan tələbatın kəskin artdığı qış aylarında tədarük edilmiş qaz həcmlərinin daha böyük həcmdə çıxarılması və istehlakçılara çatdırılması üçün şərait yaradır. 

Yeni stansiya SOCAR-ın “Nefqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən layihələndirilib, inşası “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında SOCAR-ın “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilib. Layihəyə əsasən stansiya həm birpilləli, həm də ikipilləli rejimdə işləyəcək. 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, yeraltı qaz anbarlarını genişləndirilməsində əsas məqsəd ölkənin artan daxili tələbatını təmin etmək, istehlakçılara təbii qazı maksimum sürət və səmərə ilə çatdırmaqdır:  "Biz yay aylarında yeraltı qaz anbarlarına təbii qazı tədarük edir, qış aylarında isə tələbat artdıqca anbarlardan çıxarıb istehlakçılara çatdırırıq. Yeni kompressor stansiyası vasitəsi ilə təbii qaz anbara daha böyük həcmlərdə vurulacaq, abonentlərə daha çox mavi yanacaq çatdırılacaqdır”. 

Qalmaz Yeraltı Qaz Anbarı 1975-ci ildə “Qalmaz” neft-qaz yatağının şimal-qərb hissəsində yaradılıb. "Qalmaz" neft-qaz yatağı Aşağı Kür çökəkliyinin şimal-şərq hissəsində Bakı şəhərindən 75 kilometr cənub-qərbdə yerləşir. Sahəsi 975 hektardır. "Qalmaz" yeraltı qaz anbarı məhsuldar qatın I, II, Abşeron və Ağcagil horizontlarında yaradılıb.