20 sentyabr 2019 20:57
1033

Qaragüruhçu virtual müxalifətin yeri tarixin zibilliyidir

Məhşur alman dövlət xadimi Otto Bismark deyirdi ki,  siyasət tam olaraq bir elm olmasa da... bir sənətdir. Bəziləri isə deyirlər ki, siyasət bir sənət olmaqla yanaşı, həm də bir elmdir. Daha yaxşı. Deməli, siyasət bir sənətdirsə onun öz sənətkarları, bir elmdirsə öz alimləri də  olmalıdır və var. Politoloqlara görə, optimal siyasətin həyata keçirilməsi onun subyektlərindən yüksək siyasi məharət tələb edir. Siyasi məharət -mövcud imkanlardan yüksək səviyyədə istifadə etmək, nəzəri biliklər, məntiqi mülahizələr, fərziyyə və intuisiya əsasında düzgün qərar qəbul etmək bacarığı, yaradıcı cəsarətdir deməkdir.

Bütün bunlardan ipucu alaraq 30 illik  dağıdıcı müxalifətçilik “təcrübəsi” olan, özünü “dönməz siyasətçi” adlandıran AXCP sədri Əli Kərimlini yalnız Qoqolun “Müfəttiş”indəki məlum tiplə müqayisə etmək olar. Çünki siyasət bir sənətdir və onu naşılara, diletantlara və nadanlara etibar etmək olmaz. Müdrikləmiz demişkən:  “Naşıya zurna versən, yoğun başından çalar”. Siyasətə aid  nəzəri biliklərdən, məntiqi təfəkkürdən, təxəyyül və intuisiyadan  məhrum olan Ə.Kərimli özünü cəmiyyətə “mübariz, cəsarətli” bir siyasətçi kimi sırımağa çalışsa da heç nəyə nail ola bilmir. Əslində AXCP sədrinin müxtəlif vasitələrdən istifadə etməklə gündəmdə qalmağa çalışmasının başlıca səbəblərindən biri onun tükənmişliyin pik nöqtəsində olmasıdır.

Sosial şəbəkələrdə, xaricdən maliyyələşən internet TV-lərdə antimilli monoloqları ilə cəmiyyəti çaşdırmağa çalışan, mayası xəyanətkarlıqla yoğrulan AXCP sədri Əli Kərimlinin və onun marionetkası olan “Milli Şura”nın sədri Cəmil Həsənlinin sentyabrın 28-nə mitinq təyin etmələri də bunun əyani sübutdur.

Siyasi tolerantlıqdan və dinləmə mədəniyyətindən kasad, ictimai dəstəyi olmayan AXCP sədri özü də bilir ki, təyin etdikləri bu mitinq əvvəlkilərdən heç nəyi ilə fərqlənməyəcək. O zaman beş-on nəfər tərəfdarın və siyasi proseslərdən baş çıxarmayan, məhdud dünyagörüşlü üç-beş nəfərin işrirakı ilə keçirilən bu qara-qışqırıq aksiya tipli mitinq Ə.Kərimlinin nəyinə gərəkdir?  Məsələ də burasındadır.

Şübhəsiz, ölkənin ictimai-siyasi məkanında mövcud olan konsrtuktiv müxalif qüvvələrdən fərqli olaraq radiakllaığı, pozuculuğu ilə cəmiyyətdən ayrı düşərək marginallaşan, sosial bazadan məhrum olan  AXCP sədri Ə.Kərimlinin və  onun marionetkası olan “Milli Şura”nın rəhbəri Cəmil Həsənlinin və onların ətrafındakılarının əsl məqsədləri xaricdən aldıqları sifarişlərə və qrantlara əsasən sosial şəbəkələrdəki trolları vasitəsilə, eləcə də mitinq-şoularla cəmiyyətdə gərginlik yaratmaqdır. Bu merkantillər antimilli fəaliyyətləri üzündən xaqlın dəstəyini itirdiklərinə görə yalnız  söyüş dolu şüarlarla gündəmdə qalmaq, öz ağalarına və xarici dayılarına hələ meydanlarda olduqlarını göstərmək üçün bütün çirkin vasitələrdən istifadə edirlər. Axı alınan pulların müqabilində xidmət göstərmək lazımdır.

Belə bir söz var: bütün qalibiyyətlər təsdiqdən, bütün məğlubiyyətlər isə inkardan yaranır. Ə.Kərimlinin və onun əqidədaşlarının məğlubiyyətinin əsas səbəblərindən biri məhz pozculuq  və inkarçılığıdır. Bir siyasi partiya sədrliyindən bloqer səviyyəsinə yenən, bütün mənəvi-intellektual ehtiyatları tükəndiyindən cəmiyyətin autsayderinə çevrilən Ə.Kərimlini indi ictimaiyyətimiz çox haqlı olaraq virtual müxalifətin “başbiləni” kimi tanıyır. Demokratik dəyərlərdən və ideyalardan çox-çox uzaq olan, öz fəaliyyətində “siyasi mühacir” adı ilə Qərbin bəzi ölkələrində məskunlaşaraq müxtəlif xarici dairələrin və erməni lobbisinin təsiri altında olan təşkilatların sifarişləri və maliyyəsi ilə ölkəmizə qarşı qarayaxma kampaniyası aparan Emin Milli, Orduxan Teymurxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir, Qənimət Zahid, Vidadi İsgəndərli, Qurban Məmmədov, Ramiz Yunus kimilərdən ibarət antimilli ünsürlərlə sıx işbirliyində olması AXCP sədrinin  pərdəarxası dairələrdən “xeyir-dua” almasına dəlalət edir.

Müxalifətçilik adı ilə ölkədəki siyasi-ictimai məkanı çirkab və mənəviyyatsızlıq bataqlığına çevirmək istəyən  qaragüruhçulardan və dağıdıcılardan ibarət virtual müxalifətin belə çirkin əməlləri çox haqlı olaraq cəmiyyətimizin ciddi etirazı ilə qarşılanır. İctimaiyyətin  bu marginllara qarşı çox güclü etirazı  bir daha göstərir ki,   rasional düşüncədən və kreativ yanaşmadan məhrum olan, dövlətə və dövlətçiliyə qənim kəsilən Ə.Kərimli və onun hər addımda söyüş-təhqirdən istifadə edən mənəviyyatsız, simasız tərəfdaşlarının bu üzdəniraq “taktikası” tezliklə iflasa uğrayacaq.

Zahid Rza, “İki sahil”